yaxud Daş armud necə bala dönərmiş...

Xalq olaraq böyük zərbələri təkcə düşmənlərimizdən deyil, həm də bəzən "sapı özümüzdən olan baltalar"dan da almışıq. Milli xəyanət amilini zaman-zaman ürəkağrısı ilə etiraf etməli olmuşuq. Azərbaycanda boyüyüb ad-san, sərvət sahibi olan bu "üzdəniraqlar"ın Vətənə xəyanətkar münasibətinin, erməni təəssübkeşliyi ilə milli həqiqətlərimizi inkar etmək, xalqımızı aşağılamaq kimi manqurt mövqeyi ilə rastlaşmışıq.

İyrənc oyunların ermənipərəst "alətləri"

Bu sıraya Leyla və Arif Yunusların qoşulması da adıçəkilən şəxslərin avantürist xarakterinə bələd olanlar üçün "sürpriz" kimi qarşılanmadı. Bu adamların son 10 ildəki hərəkətlərini kənardan hətta müşahidə etmək belə kifayət edər ki, onların öz mənafelərindən uzağı görməyən, həqiqəti danmaq yolu ilə fərqlənmək, "psevdoqəhrəman" obrazı yaratmaq kimi xəstə təxəyyülün daşıyıcısı olduğunu görəsən. Milli hisslərini itirmiş, dərin erməni təəssübkeşliyi ilə antiazərbaycançı şəbəkənin beşinci "kolon"u funksiyasını yerinə yetirən Leyla və Arif Yunusun Azərbaycan xalqına düşmən mövqeyi faktlar əsasında təsdiqini tapdı. Leyla Yunus fəaliyyətinin bütün dövrlərində antimilli, antiazərbaycan mövqeyi ilə tanınıb. O, həmişə Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparıb, bu işdə xarici düşmən qüvvələrlə, o cümlədən ermənilərlə də işbirliyindən çəkinməyib. Kiminsə millət, vətən təəssübkeşliyi, milli qürur hissi olmaya bilər. Amma vicdansızlıq elə bir keyfiyyətdir ki, həqiqəti həyasızcasına danmaq, milyonlarla insanın haqq bildiyini nahaqq kimi qələmə vermək formasında təzahür edir. Leyla və Arif Yunusların nankorluqları bir yana, hamının canlı şahidi olduğu hadisələri, faktları təhrif etmələri, ağa qara demələri onlarda həyasızlığın da ifrat həddə çatdığını göstərir. Adətən biz belə absurd yanaşmaları bədnam qonşularımızın ideoloqlarından görmüşük.

Antiazərbaycançı şəbəkə və onların buyruq quluna çevrilən Leyla və Arif Yunuslar ən müxtəlif vaxtlarda ölkəmizdə ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə cəhd etmişdilər. Bəzi "hüquq müdafiə təşkilatları", xüsusilə də "Amnesty International", "Human Rights Watsh" və bir sıra kütləvi informasiya vasitələri Azərbaycanın imicinə zərər vurmağa çalışan, həqiqətdən tamamilə uzaq olan uydurma məlumatlar yaymışdılar. Həmin destruktiv dairələr bəzi müxalif qüvvələrlə işbirliyinə girərək öz məkrli planlarını həyata keçirməyə cəhd etsələr də istəklərinə nail ola bilmədilər.

L.Yunus Ermənistanın "Region" araşdırma mərkəzi ilə birgə layihə həyata keçirib. "İctimai dialoqlar" adlanan saytda Azərbaycana qarşı "qara piar" kampaniyası aparıb. Həmin saytda Azərbaycanın ərazi bütövlüyü sual altına qoyulub, qondarma "DQR" "müstəqil dövlət" kimi qələmə verilib. L.Yunus ermənilərin dünyanın müxtəlif ölkələrində təşkil etdikləri tədbirlərin fəal iştirakçılarından olub. O, Almaniyanın Esslingen am Neckar şəhərində təşkil edilmiş konfransda çıxış edib, rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunu Əkrəm Naibovun müdafiəsinə qalxan ilk təşkilat olduğunu bəyan edib. L.Yunus zaman-zaman ermənilərlə işbirliyinə gedərək milli maraqlarımızı satmaqla məşğul olub. Buna kifayət qədər faktlar sadalamaq mümkündür. Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri olan Leyla Yunus AŞ PA-da Azərbaycana müsbət münasibəti ilə seçilən deputatlara qarşı kampaniya həyata keçirib, onlara qarşı ağlasığmaz ittihamlar irəli sürüb. L.Yunus Azərbaycanı müdafiə edən hər bir AŞ PA deputatını hədəfə götürməklə ölkəmizi müdafiəsiz qoymaqda maraqlı olduğunu mətbuatda açıq şəkildə bəyan edib və bununla da onun erməni maraqlarına xidmət etdiyi aşkara çıxıb. "Hüquq müdafiəçisi" adı ilə maskalanmış L.Yunus və ona yaxın olan ünsürlər Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni edib. "Xidmətlərinin" müqabilində aldığı külli miqdarda vəsait hesabına müxtəlif xarici ölkələrdə mülklər və s. obyektlər əldə etməyə nail olub. L.Yunus və A.Yunusla bağlı keçirilən məhkəmə prosesində onların Türkiyədə, Çexiyada mülklər aldıqları, xarici təşkilatlardan verilən qrantları mənimsədikləri faktlar əsasında təsdiqini tapıb.

"Xəstəlik" şousu, yaxud da erməni mifomaniyasının təkrarı

Məhkəmədə cinayət əməlləri tam sübuta yetirilən Leyla və Arif Yunusun "xəstəlik" şoularının da bir oyun olduğu aydınlaşdı. Bu şoular birbaşa diqqəti yayındırmaq üçün təşkil olunmuşdu. Maraqlı sual yaranır: görəsən, Ermənistanda görüşlər keçirərkən, Bakıda antiazərbaycançı şəbəkələrin bir neçə üzvünü başlarına toplayıb beynəlxalq konfranslarda hay-küy salıb ara qarışdırarkən heç bir xəstəlikləri yox idi? Ancaq hüquq-mühafizə orqanları tərəfindən yaxalandıqda Leyla Yunusda xəstəlik peyda oldu. A.Yunusun "şəkəri" əmələ gəldi? Azərbaycanlı həkimlərin xidmətindən isə imtina etdilər. Azərbaycan hökuməti isə həmişə olduğu kimi, humanizm prinsiplərini rəhbər tutaraq və Bakı İstintaq Təcridxanasında saxlanılan Leyla Yunusun səhhəti barədə yayılan şayiələrə son qoymaq məqsədilə Almaniyanın tanınmış "Charite" xəstəxanasının şöbə müdiri professor Dr.Kristian Vitti Bakıya dəvət etdi. Respublika Diaqnostika Mərkəzində Kristian Vitt və Azərbaycanın müxtəlif sahələr üzrə yüksək ixtisaslı həkimləri - professorlar Murad Məmmədov, Gəray Gəraybəyli, Rauf Ağayev və tibb elmləri doktoru Rövşən Həsənovun iştirakı ilə Leyla Yunusun müayinəsi aparıldı. Bütün müayinələrin cavabları yoxlandıqdan sonra Kristian Vitt protokolu imzalayaraq bütün tibbi müayinələrin onun iştirakı ilə yeni diaqnostik üsulların tətbiqi ilə və beynəlxalq səviyyədə qəbul olunmuş diaqnostik, etik standartlara uyğun aparıldığını təsdiq etdi. Müayinənin nəticələri təqsirləndirilən şəxs Leyla Yunusun həyatı və sağlamlığı üçün təhlükənin olmadığını göstərərək, onun səhhətinin ağır olması barədə yayılmış məlumatların şayiə xarakteri daşıdığını bir daha təsdiq etdi.

Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə ittiham olunaraq həbs edilmiş L.Yunus daim ermənipərəst mövqeyi ilə seçilib, erməni maraqlarına xidmət edib. Bunu sübut edən başqa bir məqama da toxunaq. Öz dədə-baba yurdunu ziyarət etmək üçün Kəlbəcər rayonuna səfər edən Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan ordusu tərəfindən girov götürülüb barələrində qondarma ittihamlar irəli sürüləndə Leyla Yunus hələ azadlıqda idi. Ancaq bir dəfə də olsun onların azadlığa buraxılmaları barədə istər beynəlxalq təşkilatlara, istərsə də Ermənistandakı dostlarına müraciət etmədi. Çünki o, Ermənistan kimi, həmin əraziləri qondarma "Dağlıq Qarabağ respublikası" adlandırır. Həmin torpaqlara ayaq basan oğullar isə onun nifrət etdiyi Azərbaycan xalqının övladlarıdır. Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı son məhkəmə prosesində onların sağlıq durumlarında ciddi problemlərin yaşandığı video görüntülərdə aydın göründü. Maraqlıdır ki, əgər bir "hüquq müdafiəçisi"nin öz xalqına xəyanəti, etdiyi cinayət əməlinə görə həbsi bəzi beynəlxalq hüquq müdafiə təşkilatlarını bu qədər narahat edirsə, niyə öz doğma torpağını, dədə-baba yurdunu ziyarət etmək üçün Dağlıq Qarabağa səfər edib Kəlbəcər rayonunda Ermənistan ordusu tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin durumundan bir dəfə də olsun söz açmırlar? Öz elini, əzizlərinin məzarlarını ziyarət etmək istəyən şəxslər barəsində qondarma məhkəmə qurub birinə ömürlük, digərinə 22 il həbs cəzası kəsən işğalçı Ermənistana nədən heç bir təzyiq göstərilmir? Ancaq Ermənistan azərbaycanlı mülki vətəndaşlardan "hərbi cinayətkar" və "qatil" obrazı yaradıb öz qanunsuz hərəkətlərinə sivil bəşəriyyətin gözündə bəraət qazandırmağa çalışır.

"Azadlıq" qəzeti dünya erməniliyinin maraqlarını müdafiə edir

Antimilli qüvvələrin və onların ölkəmizdəki beşinci "kolon"unun təbliğat ruporuna çevrilən "Azadlıq" qəzeti Leyla və Arif Yunusun məhkəməsindən dərhal sonra bu şəxslərin açıq müdafiəsinə qalxıb. Həmişə olduğu kimi bu dəfə də adıçəkilən qəzetdə əssasız iddialar öz əksini tapıb. Zaman-zaman milli satqınlara tribuna verən bu qəzetdə Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparan, bu işdə xarici düşmən qüvvələrlə, o cümlədən ermənilərlə işbirliyinə girən Yunusların müdafiə olunması həqiqətən də ikrah hissi doğurur!

Xatırladaq ki, hələ I Avropa Oyunları ərəfəsində "Azadlıq" qəzeti xarici antiazərbaycan dairələr və erməni lobbisinin sifarişi əsasında işini qurmuşdu. I Avropa Oyunlarını gözdən salmaq, onun əhəmiyyətini azaltmaq, imkan daxilində bu yarışların boykot edilməsinə nail olmaq məqsədilə geniş "fəaliyyət" göstərmişdi. Bu kampaniyada ABŞ və Qərb ölkələrinin bəzi rəsmi dairələri ilə əməkdaşlığı bu mətbuat orqanının əsl mahiyyətini üzə çıxarmışdı. Bəzi xarici KİV, "Amnesty İnternational", "Fredoom House", "Article-19", "Human Rıghts Watch", "Sərhədsiz Reportyorlar", Transparency International təşkilatının Almaniya bölməsi və digər bu kimi təşkilatlar vasitəsilə Azərbaycanın guya qeyri-demokratik ölkə olduğu, söz və məlumat azadlığının məhdudlaşdırıldığı, jurnalistlərə və QHT nümayəndələrinin guya peşə fəaliyyətinə görə "həbs edildiyi" ilə bağlı yalan, subyektiv mülahizələrdən ibarət, dezinformasiya xarakterli məlumatların dövriyyəyə buraxılmasında adıçəkilən qəzet xüsusi "xidmətlər" göstərmişdi. Həmin vaxt "Azadlıq" qəzeti" Almaniyanın "Bild" qəzetində dərc edilən və Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı boykot çağırışlı və tamamilə uydurmadan ibarət olan materialı tərcümə edərək yaymışdı. Adıçəkilən məqalədə yenə də "Sərhədsiz Reportyorlar"ın Azərbaycanda söz azadlığının vəziyyəti, eləcə də "Freedom House"-nin insan haqları ilə bağlı "qiymətləndirmə"si də yer almışdı.

Milli hisslərdən uzaq olan "Azadlıq" qəzetinin milli satqınları müdafiəsinə qalxaraq öz səhifələrində onlara geniş yer ayırmasının dəfələrlə şahidi olmuşuq. Belə ki, ermənilərə hədsiz sevgisini etiraf edən R.İbrahimbəyovu, eləcə də "Daş yuxular" adlı cızmaqarasında erməniləri "böyük və ədalətli xalq" kimi qələmə verən Ə.Naibovun, Tiflisdə ermənilərlə görüşüb onlardan böyük miqdarda pul alan Ruslan Bəşirlinin timsalında bu qəzetin əsl siması ölkə ictimaiyyətinə bəlli olmuşdu. İndi də bu qəzetdə "Azərbaycan" anlayışına nifrət edən, Azərbaycan dilini isə söyüş söymək üçün vasitə kimi qiymətləndirən L.Yunusun və onun dələduz əri A.Yunusun müdafiə edilməsi həmin mətbu orqanının tam mahiyyətini ortaya qoyur. "Azadlıq" qəzeti Leyla və Arif Yunusları ona görə müdafiə edir ki, onların simasında məsləkdaşlarını, müəlliflərini itirib. Fikir versək görərik ki, bu qəzet daima cinayətkarların, Vətən xainlərinin, ermənilərlə iş birliyində olan şəxslərin müdafiəçisi qismində çıxış edib və onlara tribuna verib.

Bu gün "Azadlıq" qəzeti "vicdan məhbus"ları adı altında "vinetka" sərgiləməklə "missiya"sına sadiq qaldığını nümayiş etdirir. Bu "vinetka"nın ön cərgəsində ölkəyə xəyanət edən şəxslərin şəkilləri yer alıb. Diqqətlə baxanda onların hansı prinsiplər əsasında - törətdikləri cinayətin agırlılıq dərəcəsinəmi, qadın və ya kişi olmasına görəmi, yaxudda ki, məhkəmə tərəfindən onlara verilən cəzanın müddətinə görəmi düzülməsi məsələsi maraq doğurur. Ancaq "Azadlıq" qəzetinin mahiyyətinə bələd olan hər bir kəs dərhal anlayır ki, bu "düzənlənmə" həmin şəxslərin Azərbaycan dövlətinə, millətinə xəyanət etmə dərəcəsinin yüksəkliyi ilə müəyyənləşib. Ümumiyyətlə, "Azadlıq" qəzetinin N.Nəcəfovdan sonra səviyyəsi enmişdir. Hazırda bu mətbu orqanı dönüklərin və xəyanətkarların orqanına çevrilib. Hətta onun qiyabi baş redaktoru Qənimət Zahid vətəndən kənar düşmüş, ailəsini ianələrlə xaricdə yaşadan birisidir. Bu insanlar son dövrlərdə daha çox cinayət törətmələri ilə yadda qalıblar.
Xatırladaq ki, Əli Kərimlinin nəzarətində olan "Azadlıq" qəzetinin iki əməkdaşı ölkə başçısının sərəncamı ilə ev, bir nəfər isə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb, qəzetə isə KİVDF tərəfindən indiyə qədər 307 min 400 manat pul vəsaiti ayrılıb. Göründüyü kimi ölkə rəhbərliyi müxalifət-iqtidar mətbuatı arasında fərq qoymadan respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün zəruri imkanlar yaradıb. "Azadlıq" dövlətin bu yaxşılığı əvəzində dünya erməniliyinin maraqlarını müdafiə edir. AXCP sədri "şəxsən özü" ölkə başçısının sərəncamı ilə milli mətbuatımızın 140 illiyi ilə bağlı müxtəlif ali mükafatlarla təltif edilmiş şəxslərə qarşı da hücuma keçib. Bu sırada "Yeni Müsavat" qəzetinin baş redaktoru da var. Yəqin ki, Ə.Kərimliyə milli mətbuatımızın 140 illik yubiliyində "bir şey" verilsəydi, onda R.Arifoğluna qarşı bu qədər aqressiv mövqe sərgiləməzdi.
Ən yaxın dostlarını, AXCP lideri, mərhum Ə.Elçibəyi və partiya üzvlərini mətbuatda daim kəskin hədyanlara, təhqirlərə məruz qoyan, partiyanı dağıdıb sıradan çıxaran, müttəfiq saydığı təşkitlatlara münasibətini buqələmuncasına dəyişən Əli Kərimlidən bundan artığını gözləməyə dəyməz.

"Azadlıq" qəzeti və Müsavat Partiyasının ortaq sevdalısı

Leyla və Arif Yunusların Azərbaycan Respublikası CM-in müxtəlif maddələri ilə ittiham olunaraq həbs edilməsindən dərhal sonra "Milli Şura"nın sədri Cəmil Həsənli və qurum üzvləri məsələyə aqressiv yanaşdılar. Əslində, "Milli Şura"nın məsələyə belə destruktiv yanaşmasının motivləri bəllidir. Hələ 2013-cü il prezident seçkiləri ərfəsində R.İbrahimbəyovun Tiflisdə məhz ermənilərə məxsus "Vera Palace" hotelində "Milli Şura" təmsilçiləri ilə görüşməsi bu şəxslərin Azərbaycana qarşı xəyanət yolu tutmuş ermənipərəst ünsür olduqlarını sübuta yetirmişdi. Qurumun üzvlərinin də "erməni xəstəliyinə" yoluxmaları və antimilli mövqe tutmaları onların antiazərbaycançı şəbəkənin təsiri altında fəaliyyət göstərdiklərini sübuta yetirdi.
"Azadlıq" qəzeti və "Milli Şura" tərəfindən erməni xüsusi kəşfiyyat orqanları ilə əməkdaşlıq etmiş L.Yunusun müdafiəsinə Müsavat Partiyasının da dəstək verməsi bu düşərgənin bütövlükdə ölkəmizin mili maraqlarına zidd fəaliyyət göstərdiklərini sübuta yetirir. Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin vaxtilə söylədiyi "maraqlarımız naminə şeytanla da əməkdaşlığa gedə bilərik" fikri bu arada çox mətləblərə aydınlıq gətirir. "Azadlıq" qəzeti ilə bütün körpülərin yandırıldığını bildirən Müsavat başqanı Arif Hacılının Leyla və Arif Yunusların həbsi ilə bağlı partiya adından bəyanat verməsi və adıçəkilən qəzetlə əməkdaşlığa başlaması bu şəxslər üçün müqəddəs sayıla biləcək heç nəyin qalmadığını göstərdi!
Müsavat Partiyasının Leyla və Arif Yunusların həbsi ilə bağlı bəyanatının ana xəttini adı çəkilən şəxslərin səhhətlərində ciddi problemlərin və təcili müalicəyə ehtiyacın olması barədə fikirlər təşkil edir. Əlbəttə ki, Leyla və Arif Yunusların "xəstəlik" şousu ilə bağlı yuxarıda ətraflı məlumat verdiyimizdən detallara varmırıq. Burada söhbət keçmiş düşmənlərin indiki məqamda Leyla adı altında siyasi spekulyasiyalarından gedir. Yunuslar onlar üçün elə əziz varlığa çevriliblər ki, umu-küsülərini unudaraq vətən xainlərinin müdafiəsinə birlikdə qalxıblar. Daş armudun bala dönməsi belə baş verir. Qarşıdan parlament seçkilərinin gəldiyini nəzərə alsaq, antiazərbaycançı şəbəkənin sifarişini yerinə yetirən Müsavat partiyasına həm də təbliğat ruporu lazım gəldiyini görərik və yəqin ki, bunu "Azadlıq" qəzeti hesabına kompensasiya etmək niyyətindədir. Digər bir tərəfdənsə, Arif Hacılının və Əli Kərimlinin "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə öz haqq-hesabları var və bu məsələdə də müvəqqəti "centlmen sazişi" bağlayıblar. Beləliklə, Azərbaycanın radikal düşərgə təmsilçiləri həm antimilli qüvvələrə xidmət edirlər, eyni zamanda cılız maraqları naminə "düşmən" saydıqları insanlarla da mövsümi əməkdaşlığa gedirlər. Ancaq Azərbaycan cəmiyyəti bu insanların xislətinə bələddir və onların ucuz şouları bu dəfə də uğursuzluqla nəticələnəcəkdir.

"Azərbaycan" qəzeti