Hacı Madər: "Gedib orda-burda ticarətlə məşğul olaram"

Hacı Madər: "Gedib orda-burda ticarətlə məşğul olaram"
19:37 5 Sentyabr 2015
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Hazırki Milli Məclisin 10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatı Madər Musayev hakim Yeni Azərbaycan Partiyasının seçki siyahısını gözləmədən yenidən deputatlığa namizədliyini irəli sürüb. Hacı Madər eyni dairədən 5 dəfə dalbadal təkrar seçilən yeganə deputatdır. 

Milli.Az Madər Musayevin növbəti parlament seçkiləri ilə bağlı modern.az-a verdiyi  müsahibəni təqdim edir:

- Hakim Yeni Azərbaycan Partiyasının seçki siyahısının açıqlanmasının sizin üçün önəmi varmı?

- Əlbəttə var. Önəmsiz bir iş olmaz ki!.. Düzü, həmin siyahını hələ görməmişik. Siyahı təqdim olunanda kimlərin hansı dairədən namizədliyini verəcəyini görəcəyik.

-Uzun müddətdir ki, parlamentdə deputatsınız. Növbəti dəfə deputatlığa namizəd olmağınız şəxsi təşəbbüsünüzdən irəli gəldi, yoxsa, doğrudan da seçicilər sizi deputat görmək istəyir?

- Burda istəklər üst-üstə düşür. Həm seçicilərin arzusunu, həm də öz arzumu reallaşdırmaq fikrindəyəm.

- Madər müəllim, bu müddət ərzində deputat olmaqdan heçmi yorulmadınız? Bəlkə, namizədliyinizi vermək fikrinizdən vaz keçəsiniz?

-Məsləhət bilirsinizsə, deputatlığa namizədliyimi geri götürüm.

-Məsləhət vermək bizim işimiz deyil. Sadəcə olaraq hələ SSRİ zamanında və həm də müstəqillikdən üzü bəri deputatsınız.

- Hər bir insan bu həyatda yaşayırsa, bir işlə məşğul olmalıdır. Kim işə gedəndə deyir ki, "mən yoruldum, daha işə getməyəcəm"?.. Jurnalistlər var ki, 60-70 yaşa çatıb, hələ də işinin başındadır. Bir söz deyim sizə. Deputat olmağımdan ləzzət alıram. Təbii ki, son söz seçicilərimindir. Onlar seçki günü öz seçimlərini edəcək.

Nə vaxt görsəm ki, seçicilərim məni deputat görmək istəmir, o zaman özümə bir iş tapıb işləyərəm.

- Maraqlıdır, deputat seçilməsəniz bu yaşda hansı işlə məşğul olmaq istərdiniz?

- Köhnə işim ticarətdir. Gedib orda-burda ticarətlə məşğul olaram.

 -Yəqin ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, Gülağa Aslanlının sizinlə eyni dairədən deputatlığa namizədliyini verməkdən xəbəriniz var.

- Təbii ki xəbərim var. Kim istəsə ona, kim istəsə mənə səs verəcək. Bu seçkidir. Burda başqa söhbət ola bilməz.

- Belə başa düşdüm ki, rəqibinizin Müsavatdan olmasını normal qarşılayırısınız. Maraqlıdır, o zaman Gülağa Aslanlı deputat seçilsə, heçmi sizə təsir etməyəcək? Amma səmimi cavab verin.

-Seçkidə rəqibin olması mütləqdir. Alternativ olmasa, onda keçirilən seçki olmaz ki! Yalandan deyim ki, mənə təsiri olmayacaq?! Desəm ki, toy-bayram edərəm, bu da doğru deyil. Səmimi olaraq deyim ki, Gülağa Aslanlı deputat seçilsə, daxildə sevinmərəm. Digər tərəfdən isə bu seçki prosesidir. Onun əlini sıxıb qayda-qanunla təbrik edərəm. Eyni zamanda, o bizim kəndimizin deputatı olacaq axı!
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/367268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR