Kuala-Lumpur, 14 sentyabr, AZƏRTAC
Malayziya polisi avqustun 17-də Banqkokda törədilmiş terror aktında şübhəli bilinən üç nəfəri həbs edib. Bu barədə Milli Polis İdarəsinin rəisi Xalid Əbu Bakar məlumat verib.
X.Ə.Bakarın bildirdiyinə görə, şübhəlilərdən ikisi malayziyalı, biri isə Pakistan vətəndaşıdır. Şübhəli bilinənlər Tailand hökumət orqanlarının sorğusuna əsasən həbs olunublar.
Xatırladaq ki, avqustun 17-də Banqkokda baş vermiş terror aktı zamanı 125 nəfər xəsarət almışdı. Təhqiqat zamanı Tailand polisi beş nəfər şübhəli şəxsi saxlamışdı. Onlardan biri Tailand, ikisi Hindistan, digərləri isə Çin və Türkiyə vətəndaşları idi. Polisin səsləndirdiyi versiyalardan birinə görə, terror aktının arxasında etnik uyğurları Çindən Tailand vasitəsilə Türkiyəyə ötürən cinayətkar qrup dayanırmış. Bir neçə ay bundan qabaq hakimiyyət orqanları qaçaqmalçıların yolunu bağlayaraq, 100-dək uyğuru geriyə qaytarmışdı.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur