Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Şuşa şəhər 1 nömrəli tam orta məktəbi üçün Bakının Yasamal rayonu ərazisində yeni inşa edilmiş 360 yerlik binanın açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov məktəbin Prezident İlham Əliyevin Sərəncamı əsasında tikildiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə təhsil, səhiyyə və mədəniyyət ocaqlarının yenidən qurulduğunu və inşa edildiyini diqqətə çatdıran B.Səfərov bütün bunlara görə Qarabağ icması adından ölkə başçısına minnətdarlığını bildirib. O, məktəbin yeni binasının istifadəyə verilməsini Azərbaycan təhsil tarixi üçün əlamətdar hadisə kimi səciyyələndirərək əminliklə vurğulayıb ki, burada yaradılan şərait şuşalıların təhsil prosesinə müsbət təsir göstərəcək.
Açılış münasibətilə hər kəsi təbrik edən B.Səfərov şagirdlərə və müəllimlərə yeni tədris ilində uğurlar arzulayıb.
Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov isə yeni məktəbin istifadəyə verilməsini rayon ictimaiyyəti üçün önəmli hadisə kimi dəyərləndirib və bu faktın təhsilimizə dövlət qayğısının daha bir göstəricisi olduğunu deyib.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxışında bildirib ki, 185 il bundan əvvəl ilk dünyəvi təhsil müəssisəsi məhz Azərbaycanda, qədim tarixi ərazimiz olan Şuşa şəhərində yaradılıb. İndi bütün Azərbaycan xalqının, eləcə də şuşalıların yeganə arzusu Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olan Şuşanı azad etmək, oradakı 1 nömrəli məktəbin binasını əsaslı surətdə təmir edib onun əvvəlki şöhrətini özünə qaytarmaqdır.
Milli Məclisin deputatları Elman Məmmədov və Flora Qasımova, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov və başqaları çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışıblar.
Təhsil ocağının direktoru Elçin Dadaşov çıxışında bildirib ki, məktəb 1830-cu ildə 19 şagirdlə fəaliyyətə başlayıb. Yarandığı vaxtdan 1992-ci ilin may ayına kimi Şuşa şəhərində öz fəaliyyətini fasiləsiz olaraq davam etdirib. Şəhərin ermənilər tərəfindən işğal edilməsindən sonra məktəbin şagird və pedaqoji kollektivi respublikamızın müxtəlif rayonlarında müvəqqəti məskunlaşıblar. Sonradan Şuşadakı bu və digər məktəblərin şagirdləri, eləcə də müəllimləri arasında təşkilati işlər aparılıb. Nəticədə Şuşa şəhəri 1 nömrəli orta məktəbi 1992-ci ildən etibarən Bakının Yasamal rayonundakı 38 nömrəli orta məktəbin binasında, onun maddi-texniki bazasından istifadə etməklə ikinci növbədə fəaliyyət göstərib.
Sonra qonaqlar binada yaradılan şəraitlə tanış olublar.