Kuala-Lumpur, 15 sentyabr, AZƏRTAC
Malayziyanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Kuala-Lumpur Əl İşləri Mərkəzində təşkil olunmuş Beynəlxalq Sənətkarlıq, Mədəniyyət və Turizm sərgisində Azərbaycan da təmsil olunub.
Sərginin rəsmi açılışında Malayziyanın mədəniyyət və turizm naziri Mohamed Nazri bin Abdul Aziz iştirakçı ölkələri salamlayıb. Sərgidə iştirak edən ölkələrə, həmçinin Azərbaycanın Malayziyadakı səfirliyinə təşəkkür sertifikatı təqdim olunub. Tədbir incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.
Beynəlxalq sərgidə Azərbaycanla yanaşı, dünyanın 32 ölkəsi, o cümlədən Butan, Çin, Hindistan, İndoneziya, İran, İordaniya, Nepal, Pakistan, Filippin, Tailand, Sinqapur, Tayvan, Türkiyə və digərləri iştirak edib.
Dörd gün davam edən sərgidə Azərbaycan üçün ayrılmış pavilyonda mədəniyyətimiz, tariximiz, ölkəmizin turizm imkanları haqqında səfirlik tərəfindən təqdim edilən jurnal və bukletlər, sənətkarlıq nümunələri, suvenirlər, milli rəqs geyimləri, Azərbaycan şirniyyatları nümayiş etdirilib. Azərbaycan pavilyonunu ziyarət edənlərə milli suvenirlər, şirniyyatlar, ölkəmiz haqqında ingilis dilində nəşr olunmuş jurnallar və “Gilan” şirkətinin istehsalı olan meyvə şirələri hədiyyə edilib. Azərbaycan pavilyonu ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur


