Qəbələ, 16 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ şəhər 5 saylı tam orta məktəb üçün yeni inşa edilən bina istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətilə keçirilən yığıncaqda Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təhsilə göstərdiyi qayğıdan söhbət açıblar.
Gənclərin mükəmməl təhsilə yiyələnməsi, eləcə də bölgələrdə yeni məktəb binalarının inşa edilməsi sahəsində görülən işlər diqqətə çatdırılıb. Bildirilib ki, Qəbələdə şagirdlərin istifadəsinə verilən 360 yerlik müasir binada istilik sistemi quraşdırılıb, məktəb sinif otaqları, fənn kabinələri və laboratoriyalar, yeməkxana, idman zalı və kitabxana, yüksək maddi-texniki baza ilə təchiz edilib.
Natiqlər müəllim və şagirdləri təbrik edib, onlara müasir məktəbdə yeni-yeni uğurlar arzulayıblar. Sonra məktəb direktoru, müəllim və şagirdlər, ağsaqqallar söz alaraq yeni təhsil ocağının inşasında əməyi olan insanlara təşəkkür ediblər.
Sonda tədbir iştirakçıları yeni binada yaradılan şəraitlə, məktəbin maddi-texniki bazası ilə tanış olublar.



