Kuala-Lumpur, 30 yanvar, AzərTAc
Malayziyanın hökumət orqanları rəsmi şəkildə bildiriblər ki, “Malayziya Hava Yolları” şirkətinə məxsus təyyarənin ötən ilin martında Hind okeanı üzərində yoxa çıxmasına səbəb onun qəzaya uğramasıdır. Şirkətin rəsmi nümayəndələri bəyan ediblər ki, bu nəticə həlak olanların qohumlarına kompensasiyaların ödənilməsinə imkan yaradır.
Göyərtəsində 239 nəfərin olduğu “Malayziya Hava Yolları” şirkətinə məxsus təyyarə Kuala-Lumpur - Pekin reysi üzrə uçan zaman qəzaya uğrayıb.
Avstraliya hökumətinin rəhbərliyi altında mütəxəssislər qrupu artıq bir ilə yaxındır ki, Hind okeanında təyyarənin axtarışını davam etdirirlər. Lakin buna baxmayaraq, hələ də axtarışlar heç bir nəticə verməyib.
Malayziya hökuməti bəyan edib ki, təyyarənin axtarışı davam etdiriləcək. Lakin bəzi sərnişinlərin qohumları heç bir dəlil olmadığına görə həmin rəsmi bəyanatı qəbul etmək istəmirlər.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Kuala-Lumpur