Kuala-Lumpur, 2 fevral, AzərTAc
Yanvarın 30-dan fevralın 1-dək Kuala-Lumpurda Malayziyanın Turizm və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ölkənin “İnsanların Birliyi Rifah Fondu”nun və Çinin Beynəlxalq Mədəni İpək Yolu Komitəsinin (ICNSRC) dəstəyi ilə I Beynəlxalq İslam Ticarət, Biznes və Turizm Yarmarkası keçirilib.
“Putra Dünya Ticarət Mərkəzi”ndə keçirilən beynəlxalq yarmarkanın açılış mərasimində Malayziyanın dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayənədələri, digər yüksək səviyyəli qonaqlar iştirak ediblər.
Ölkəmizin turizm və iqtisadi potensialının, həmçinin istehsal olunan qeyri-neft məhsullarının regionda təbliği məqəsədilə Azərbaycanın Malayziyadakı səfirliyi də beynəlxalq yarmarkada iştirak edib. Azərbaycan Respublikası üçün ayrılmış pavilyonda “Gilan” şirkəti tərəfindən göndərilmiş “Jalə” şirələri, “Bağdan” kompotları və konservlər, turşular, müxtəlif növ mürəbbələr nümayiş etdirilib. Bundan əlavə, Azərbaycan xalçaları və ölkəmizin mədəniyyəti haqqında məlumatları özündə əks etdirən nəşrlər sərgilənib.
Açılış mərasimində iştirak edən Malayziya Turizmin Təşviqi Qurumunun baş direktorunun müavini Datuk Azizan Noordin və digər yüksək səviyyəli qonaqlar Azərbaycan pavilyonunu ziyarət edərək, nümayiş etdirilən məhsullarla tanış olublar.
Üç gün davam edən beynəlxalq yarmarkada Azərbaycan pavilyonunu ziyarət edənlərə “Gilan” şirkətinin məhsullarından hədiyyələr verilib. Pavilyonumuzda sərgilənən məhsulların keyfiyyəti və çeşidləri ziyarətçilərin böyük marağına səbəb olub.
Bundan əlavə, yarmarkaya gələnlərə milli çörək növü olan lavaş haqqında Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən hazırlanmış elmi məqalə, ölkəmizin turizm və mədəniyyətini əks etdirən jurnal və bukletlər paylanıb.

Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Kuala-Lumpur