ANS PRESS Qaynar.info-ya istinadən xəbər verir ki, bu barədə məlumatı vəkil Cavad Cavadov yayıb.
C. Cavadovun sözlərinə görə, bu barədə ona 2 saylı Cəzaçəkmə Müəssisəsində görüş zaman hərəkatın sədri İlqar Məmmədov məlumat verib: "Bu gün görüş zamanı onun 16 oktyabr 2015-ci il tarixdə cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən döyüldüyünü və bu məlumatı ictimaiyyətə çatdırmaqla yanaşı, hüquq-mühafizə orqanlarına qanuni tədbirlərin görülməsi, onun təhlükəsizliyinin təmin olunması üçün şikayət ünvanlamağımı bildirdi".

Cavad Cavadov- Vəkil
Vəkilin yaydığı məlumatda qeyd edilir ki, İlqar Məmmədov 16.10.2015-ci il tarixdə təqribən saat 15 radələrində (onunla görüşə gələn digər vəkili Fuad Ağayev gedəndən bir müddət sonra) onu Cəzaçəkmə Müəssisəsinin müdriyyətinin oturduğu inzibati binaya çağırıblar: "Burada Şakir adında rəis müavinin yanına aparıb, orda qəflətən rəis müavini və müəssisənin Çingiz adında əməkdaşı İlqar Məmmədova sinəsindən və başından bir neçə zərbə vurduqdan sonra, itələyə-itələyə rəis Eyvaz Əsgərovun xidməti otağına gətiriblər.
Burada hər üçü onu vurmağa başlayıb və yerə yıxaraq təpiklə zərəbələr endiriblər. Döyülmənin səbəbini həmin Cəzaçəkmə Müəssisəsində cəza çəkən Rinat Yusifovun adının internet media resurslarına guya İlqar Məmmədov tərəfindən ötürülməsi bildirildi. Eyni zamanda rəis tərəfindən İlqar Məmmədova növbəti dəfə, onun buradan sağ-salamat çıxmayacağı bildirilib."

İlqar Məmmədov- ReAl Hərəkatının sədri
Vəkil daha sonra bunları qeyd edib: "İlqar Məmmədovda görünən xəsarətlərlə bağlı onun boyunun arxasında göyərti olduğunu müşahidə etdim. Eyni zamanda Məmmədov bildirdi ki, zərbələr ən çox başından əllə və ayaqla vurulduğundan zahirən görünən deyil. Ancaq bunun nəticəsi olaraq başında şişlər yaranıb və baş ağrıları hələdə qalır. Həmçinin bildirirəm ki, bir aydan artıqdır İlqar Məmmədov telefonla zəng etmək hüququndan məhrum edilib və müraciətlər nəticəsiz qalıb".
Vəkil, İlqar Məmmədovun döyülməsi ilə bağlı, Baş Prokurora, Ədliyyə Nazirliyinə və İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya müraciət ünvanlayıb.
Penitensiar Xidmətin məbuat xidmətindən isə deyilənlərlə razılaşmadılar və bildirdilər ki, yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır. Həqiqətə uyğun deyil.

İlqar Məmmədov 2013-cü ilin fevral ayının 4-də İsmayıllı hadisələri ilə bağlı həbs edilib. Hadisədən sonra Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin İsmayıllı hadisəsləri ilə bağlı birgə məlumat yaymışdı.
Həmin məlumata görə, Müsavat partiyası sədrinin müavini Tofiq Yaqublu və REAL Hərəkatının həmsədri İlqar Məmmədov yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər.