Bakı, 21 oktyabr, AZƏRTAC
Amerikalı ekspertlər sualtı aparatın keçən ilin mart ayında itən Malayziyaya aid laynerin qalıqlarını aşkarladığını güman edirlər.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, ABŞ-ın “Williamson and Associates” kompaniyasının mütəxəssislərinin fikrincə, axtarışlar zamanı Avstraliya hökuməti itən təyyarənin qalıqlarının olduğu yeri diqqətlə tədqiq etməyib. Ekspertlər bu yaxınlarda Avstraliyanın Nəqliyyatda Təhlükəsizlik Bürosunun yaydığı okean dibinin yeni şəkillərini araşdıraraq bu nəticəyə gəliblər. Fotoşəkillər sentyabr ayında axtarışlarda iştirak edən “Fugro Discovery” sualtı aparatı vasitəsi ilə çəkilib.
Mütəxəssislər Hind okeanının iki kiçik sektorunda çəkilən bu şəkillərlə 2009-cu il iyunun 1-də Rio-de-Janeyro şəhərindən Parisə uçuş həyata keçirərkən Atlantik okeanında qəzaya uğrayan “Air France” kompaniyasına aid təyyarənin dəniz dibindəki qalıqları arasında oxşarlıq aşkar ediblər. Ekspertlərin fikrincə, “Fugro Discovery” sualtı aparatının çəkdiyi şəkillərdəki “obyektlərin” dairəvi formada olması onların süniliyindən xəbər verir. Eyni zamanda güman etmək olar ki, bu “obyektlərin” sıxlığı təbii dağ süxurlarının sıxlığından daha artıqdır.
Amerikalılar axtarış əməliyyatı iştirakçılarını həmin rayona qayıdaraq, oranı yenidən tədqiq etməyə çağırıb.
Xatırladaq ki, 2014-cü il martın 7-dən 8-ə keçən gecə “Malaysia Airlines” kompaniyasına məxsus Boeing 777–200 təyyarəsi MH370 reysi ilə Kuala-Lumpur – Pekin marşrutunu həyata keçirərkən 227 sərnişin və 12 heyət üzvü ilə birgə yoxa çıxıb.