Kuala-Lumpur, 23 oktyabr, AZƏRTAC
Malayziyanın əksər rayonlarında qonşu İndoneziya meşələrindəki yanğınların yaratdığı tüstüyə görə bir həftə öncə fəaliyyətini dayandırmış məktəblərin əksəriyyəti işini bərpa edib. Bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda deyilir ki, bəzi ştatlarda məktəblər hələ də bağlıdır.
Təhsil Nazirliyi məktəb rəhbərlərindən açıq havada dərs keçməməyi və məktəblilərin tüstüyə qarşı xüsusi maskalardan istifadə etməsinə nəzarəti gücləndirməyi tələb edir.
İndoneziya tarixində yanğınlara qarşı ən böyük əməliyyatın keçirilməsi üçün 20 min insanın və qonşu ölkələrdən müvafiq texnikanın cəlb edilməsinə baxmayaraq, yanğınlar yeni ərazilərə yayılmaqda davam edir. Mütəxəssislərin rəyinə görə, güclü və fasiləsiz yağışlar başlamasa, xilasedicilərin cəhdləri lazımi nəticəni verməyəcək.
Son günlər Tailandın cənub rayonlarında güclü tüstü hiss edilməyə başlayıb, Malayziyanın bəzi ştatlarında görüntü zəif olduğuna görə aeroportlar fasilələrlə işləyir. Tanınmış Lanqkavi turist arxipelaqına uçuşlar təxirə salındığından buradakı aeroportda üç min sərnişin yığılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur