Bakı, 2 fevral, AzərTAc
Bakının Nizami rayonunda 2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir. Gənclərimiz ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirir. Bütün bunlar gəncliyimiz üçün dövlət tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib. Müasir Azərbaycan gəncləri unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar.
Gənclərə tövsiyə və məsləhətlərini verən Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov qeyd edib ki, hələ 1969-cu ildə Azərbaycanda rəhbərliyə gələn ümummilli lider Heydər Əliyev həmin dövrdən başlayaraq ölkəmizin möhkəm əsaslarının formalaşdırılması və kadr potensialının gücləndirilməsi üçün gənclərlə işə böyük önəm verirdi. Azərbaycan gəncləri perspektiv inkişafın əsaslarını təşkil edən mühüm prosesləri dərindən mənimsəmək üçün o zamankı nüfuzlu ali təhsil məktəblərində təhsil almağa, tədqiqat işləri aparmağa göndərilirdi. Qısa müddətdə Azərbaycan gəncləri ölkənin aparıcı qüvvəsinə çevrilməyi bacardı. 1993-cü ildə xalqın təkidli tələbindən sonra hakimiyyətə qayıdan Ulu Öndər ikinci dəfə Azərbaycan dövlətçiliyini xilas etdi. O, gənclərin enerjisini və gücünü görərək, onları Azərbaycan dövlətçiliyinin qorunması və gücləndirilməsinə istiqamətləndirdi.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib ki, ikinci dəfə hakimiyyətə gələndən sonra dərhal gənclərlə işə başlayan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin əsasını qoydu. Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən birinə çevrildi. Gənclər tədrici olaraq ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrində fəal iştirak etməyə başladılar. Ulu öndər Heydər Əliyev gənclərin ölkənin inkişafında rolunu artırmaq, paytaxt və regionlarda yaşayan gənclərin ölkə miqyasında cərəyan edən proseslərdə iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə institusional islahatlara start verdi.
Milli Məclisin deputatı Rasim Musabəyov bildirib ki, ulu öndər Heydər Əliyev Gənclər və İdman Nazirliyini yaratdı, 1996-cı ildən başlayaraq gənclərin forumları təşkil edildi, 1997-ci ildə isə imzalanan Sərəncamla fevralın 2-si Gənclər Günü elan edildi. Bununla yanaşı, gənclərin inkişafı ilə bağlı imzalanan fərmanlar, sərəncamlar, qəbul edilmiş proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda mühüm faktora çevrildi.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Tahir Budaqov deyib ki, 2003-cü ildən sonra Azərbaycanda gənclər siyasətini daha da şaxələndirərək verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəldən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində 2005-ci ildə “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı qəbul edilib. Prezident İlham Əliyev bu il Azərbaycan gəncliyinin perspektiv inkişafı baxımından strateji əhəmiyyət kəsb edən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Nizami rayon gəncləri adından çıxış edən YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Ramil Rüstəmov qeyd edib ki, gənclər bundan sonra da Heydər Əliyev irsinə sadiq qalacaq, ölkəmizin parlaq gələcəyi, Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq və Prezident İlham Əliyevin göstərdiyi etimadı doğruldacaqlar.
Sonda Azərbaycanı beynəlxalq idman arenasında layiqincə təmsil edən bir qrup gəncə partiya vəsiqələri təqdim edilib. Həmçinin rayonun ictimai həyatında fəal iştirakına görə bir sıra gənclərə fəxri fərmanlar verilib. Bundan başqa, YAP Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin məzunlarına sertifikatlar təqdim olunub.
Gənclər Günü Nizami rayonunda da qeyd edilib