Kuala-Lumpur, 27 oktyabr, AZƏRTAC
Malayziyanın ötən ilin martında itmiş “Boeinge-777” təyyarəsinin axtarışları ilə əlaqədar Hind okeanında 70 min kvadratkilometr ərazi təhqiq olunub. Bu barədə oktyabrın 27-də Kuala-Lumpurda Malayziyanın nəqliyyat naziri Liou Çionq Lay məlumat verib.
Nazir bildirib ki, Avstraliya, Çin və Malayziya nümayəndələrinin aprel ayında keçirilmiş görüşü zamanı okeanın cənubunda 120 min kvadratkilometrlik rayonda əməliyyatın davam etdirilməsi qərar alınıb. Mütəxəssislərin son məlumatlarına görə, artıq 70 min kvadratkilometr sahə təhqiq olunub.
Nazir əlavə edib ki, belə böyük ərazinin araşdırılmasına baxmayaraq, Kuala-Lumpurdan Pekinə uçan təyyarənin heç bir izi tapılmayıb. Yalnız iyul ayında Fransanın Hind okeanındakı Reyunyon adasında yerli sakinlərin tapdığı parçanın bir neçə ekspertizadan sonra itmiş təyyarənin qanadına məxsus olduğu təsdiqini tapıb. Sonradan qonşu Maldiv və Filippində yeni tapıntılar aşkar edilsə də onların itmiş təyyarəyə aid olmadığı dəqiqləşdirilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur