Bakı, 27 oktyabr, AZƏRTAC
Hesablama Palatasının əməkdaşı Elvin Hacıyev Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində "Daxili nəzarətin qiymətləndirilməsi" mövzusunda keçirilmiş təlimdə iştirak edib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, Ali Audit Qurumlarının Asiya Təşkilatının (ASOSAI) keçirdiyi təlimə Azərbaycan ilə yanaşı, Yaponiya, Cənubi Koreya, Malayziya, Hindistan, Pakistan, Qazaxıstan, Vyetnam və ASOSAI-a üzv digər dövlətlərin nümayəndələri olmaqla 35 nümayəndə qatılıb. Təlimin açılış mərasimində Malayziya Milli Audit Departamentinin baş auditoru Tan Sri Ambrin Buang çıxış edib.
Təlimdə nəzarət mühiti, risklərin qiymətləndirilməsi, nəzarət fəaliyyəti, informasiya və kommunikasiya, monitorinq fəaliyyəti, İT nəzarətin qiymətləndirilməsi, fırıldaqçılıq risklərinin qiymətləndirilməsi, daxili nəzarət problemlərinin müəyyən edilməsi və fəaliyyət planının hazırlanması ilə əlaqədar mühazirələr təqdim olunub, müvafiq mövzularla bağlı qrup formatında praktik çalışmalar həll edilib və real təcrübə mübadiləsi aparılıb.
Sonda iştirakçılara sertifikatlar verilib.