Bakı, 3 fevral, AzərTAc
AzərTAc BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, Monrealda uçuşların təhlükəsizliyi məsələlərinə həsr olunmuş İkinci yüksək səviyyəli konfrans işə başlayıb. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) himayəsi ilə keçirilən konfransın iştirakçıları, o cümlədən silahlı münaqişə zonalarının hava məkanında aviasiya təhlükəsizliyinin artırılması yolları müzakirə olunur.
Keçən il iyul ayında Malayziya hava xətləri şirkətinə məxsus təyyarə Ukraynanın şərqində qəzaya uğrayıb. O vaxt Malayziya nümayəndəsi BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək bildirdi ki, həmin təyyarə Ukrayna ərazisi səmasında, hava məkanına heç bir məhdudiyyət olmayan adi marşrut üzrə uçurdu və üstəlik, “İKAO bu marşrutun təhlükəsizlik olmasını təsdiq etmişdi”.
Aviasiya nəqliyyatın ən təhlükəsizlik formalarından biri hesab edilir. Lakin Ukraynanın şərqindəki səmada mülki təyyarənin vurulması ilə bağlı hadisə münaqişə zonalarında mülki hava daşımaları ilə əlaqədar ciddi narahatlığa səbəb olub.
Bu faciə ilə əlaqədar, İKAO-nun himayəsi altında hökumətlərin və aviasiya sənayesinin ekspertlərindən ibarət yüksək səviyyəli işçi qrup yaradıldı. Həmin qrupa mülki aviasiyanın təhlükəsizliyi, habelə milli təhlükəsizliyin müvafiq aspektləri, o cümlədən informasiyanın səmərəli toplanması və yayılması məsələləri ilə məşğul olmaq tapşırıldı.
Budəfəki konfransda 500-ə yaxın nümayəndə, o cümlədən mülki aviasiya şirkətlərinin baş direktorları və strateji qərarlar qəbul edən rəhbərlər iştirak edir. Gözlənildiyinə görə, onlar kommersiya tipli hava gəmilərinin pilotlarının hər 15 dəqiqədən bir öz təyyarələrinin olduğu yer haqqında məlumat verməsi barədə İKAO-nun təklifini müzakirə edəcəklər. Keçən ilin mart ayında Malayziya hava yolları şirkətinə məxsus, içərisində 239 nəfər olan təyyarə Kuala-Lumpurdan Pekinə uçarkən itəndən sonra İKAO mülki aviasiya daşımalarının təhlükəsizliyinin təmin edilməsinə dair səylər çərçivəsində belə bir təşəbbüslə çıxış edib.
BMT-nin ixtisaslaşdırılmış müəssisəsi olan İKAO bütün dünyada beynəlxalq mülki aviasiyanın təhlükəsiz və tarazlaşdırılmış inkişafına kömək məqsədilə 1944-cü ildə yaradılıb. İKAO uçuşların təhlükəsizliyinin, hava daşımalarının səmərəli və müntəzəm olmasının təmin edilməsi və ətraf mühitin aviasiyanın təsirindən qorunması üçün zəruri beynəlxalq standartlar və qaydalar müəyyən edir.