“Bəri bax” qrupu 2007-ci ildən fəaliyyətini dayandırıb. Mədəniyyət və Turizm Nazirliyi sayəsində “Qaya” adını bərpa etdik və artıq neçə illərdir “Qaya” dövlət ansamblı kimi fəaliyyət göstəririk”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişində qonaq olan müğənni Şölə Səfərəliyeva deyib. Müğənni “Bəri bax” qrupunun üzvi kimi tanındığını diqqətə çatdırıb və deyib ki, o, qrupda 20 il ardıcıl fəaliyyət göstərən yeganə ifaçıdır. Ş. Səfərəliyeva tez-tez görünməməyinin səbəbini açıqlayıb: “Dəvət olan yerlərə gedirəm. Qapıları döyüb, “niyə məni çağırmırsınız?” deməyi sevmirəm. Həm də mən “Qaya” dövlət ansamblının solisti kimi fəaliyyət göstərirəm. “Səsin, potensialın var, niyə solo çıxış eləmirsən” deyə sual edənlər var”.

“18 ayda 7 klip çəkdirmişəm”

“Gülməli səslənsə də, il yarıma 7 klip çəkmişəm. Hamısı səviyyəli, yaxşı alınıb. Duetlər də oldu, çox sevilən mahnım da oldu - “10-a qədər say”. Qısa zamanda bu qədər iş görmüşəmsə, deməli, solo ifaçı kimi istəsəm, nəyəsə nail ola bilərəm. İstəyəndə oxuyuram, istəməyəndə yox. Əsas iş yerim “Qaya” dövlət ansamblıdır. Nə zamansa, “Qaya” olmasa, səhnəyə can atacağam və iti addımlarla irəliyə atılacağam”.

“Gözü göyərmiş formada ekrana çıxan ilk müğənni mənəm”

Şölə Səfərəliyeva qeyd edib ki, onun üçün ailəsi çox önəmlidir. Hər hansı addımı atmamışdan öncə ilk növbədə ailəsini düşünür: “Mənə elə gəlir ki, solo ifamı eşidən tamaşaçılar nəyə qadir olduğumu bilirlər. Bu gün gündəmdə qalmağa çalışan ifaçılardan fərqli olaraq, mən “Böyük Teatrdan tutmuş, çox böyük səhnələrdə olmuşam. Zeynəb Xanlarova, Müslüm Maqomayev, Mirzə Babayev kimi sənətkarlarla bir səhnədə çıxış etmişəm. O məktəbi, o səviyyəni görən adam inanmıram hər yerdə çıxış etməyə, yaxud ucuz piara can atsın. Bu mənim subyektiv fikrimdir. İndiyə qədər hara gedirəmsə, haqqımda “yaxşı oxuyan qız, abırlı qız” deyirlər. Bu mənim üçün çox vacibdir.

“İlk növbədə ailəmi düşünürəm”

Çünki hər zaman ilk növbədə ailəmi düşünürəm. Ailəsini düşünən və ön plana qoyan adama bəlkə də bu sahədə yer yoxdur. Çünki eqoist olub, özünü fikirləşməlisən. Hansı yolla olur-olsun qabağa getməyi düşünməlisən. Dünya statistikasına baxanda məşhurların əksəriyyəti sonda tənhalıqdan canlarına qəsd edirlər. Alkoqola, narkotiklərə qurşanırlar. Ətrafında çox adam ola bilər. Atam mənə deyirdi ki, “bax, qızım, indi məşhursan, bir az da məşhur olacaqsan. Çünki həmin vaxt biz “Zibeydə” mahnısı ilə əməlli-başlı partlayış etmişdik. Deyirdi ki, ətrafında çoxlu oğlanlar olacaq, onlara inanmayarsan”. Düz deyirmiş”.

Xanım ifaçı yeniliklərə açıq olduğunu, lakin yerli şou-biznesdə bunun olmadığını deyib: “Gözü göyərmiş formada ekrana çıxan ilk müğənni mənəm. “Şiddətə yox” layihə çərçivəsində bunu etdim. Bu yenilik idi. Yadıma gəlmir ki, bizim müğənnilərdən kimsə yenilik etsin. Maksimum klip çəkilişində nəsə ola bilər. Amma istənilən halda qiyməti tamaşaçı verməlidir”.

“Bir çox gənc ifaçılar məhz duet sayəsində tanınıblar”

Şölə Səfərəliyeva repertuarı və son işləri barədə də məlumat verib: “Xalq mahnılarına çox müraciət etmirəm. Çalışıram, hər janrda ifa edim – cazdan tutmuş, milli musiqiyə qədər... Zövqlər müxtəlif olduğu üçün hərə bir tərzi bəyənir. Yeni mahnılar da var. “Ürəyimdə” adlı yeni mahnı yazdırmışam, sözləri və musiqisi mənə aiddir. Klip də çəkilib. Montajda iştirak edə bilmədim. Çünki rejissor imkan vermədi. İştirak etsəydim, bəlkə də bir qədər fərqli edərdim. Amma rejissor klipi belə gördü. Bu gündən etibarən geniş auditoriyaya təqdim olunacaq”.

“Hər yerdə görünmək vacib deyil”

Qonaq bildirib ki, hər zaman və hər yerdə görünmək o qədər də vacib deyil: “Hesab edirəm ki, bir çox gənc ifaçılar məhz duet sayəsində tanınıblar. Xanım ifaçılar var ki, uzun illərdir səhnədə olan müğənni ilə birgə müəllif mahnısı ifa edib və bunun sayəsində gündəmə gəlib. Elə insanlar var ki, hər yerdə görünürlər, amma oxuyanda başa düşürsən ki, oxumağa yaxın adam deyil. Amma məşhurdur”.