Kuala-Lumpur, 6 fevral, AzərTAc
Malay dilində gündəlik nəşr olunan “Utusan Malaysia” qəzetinin 5 fevral tarixli nömrəsində Azərbaycanın Malayziyadakı səfirliyinin ikinci katibi Eldəniz Musayevin müsahibəsi dərc olunub.
Müsahibədə yanvarın 30-dan fevralın 1-dək Kuala-Lumpurda keçirilmiş I Beynəlxalq İslam ticarət, biznes və turizm yarmarkasında nümayiş etdirilən Azərbaycan məhsulları - meyvə şirələri və ərzaqları haqqında məlumat verilib. Yarmarkada “Gilan” şirkətinə məxsus malların sərgiləndiyi və yaxın gələcəkdə Malayziya bazarında Azərbaycan istehsalı olan təbii meyvə şirələrinin də satışa çıxarılacağı qeyd edilib.
Azərbaycanın ekoloji təmiz və dünya standartlarına cavab verən qida məhsullarının Malayziyada keçirilən sərgi və yarmarkalar vasitəsilə təşviqi, bu məhsulların dünyanın bir çox ölkələrinə ixracı barədə də müsahibədə geniş məlumat verilib. Bildirilib ki, hazırda həmin məhsulların Malayziyaya gətirilməsi ilə əlaqədar danışıqlar aparılır.

Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Kuala-Lumpur