“ADA” Universitetində Vaqif Mustafazadənin xatirə gecəsi keçirilib

14:38 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ADA Universitetinin Musiqi Zalında Mədəniyyət və Turzim Nazirliyi və Vaqif Mustafazadə adına ev muzeyinin birgə təşkilatçılığı ilə caz-muğam üslubunun banisi, bəstəkar, painoçu Vaqif Mustafzadənin xatirə gecəsi keçirilib. ADA-dan Trend-ə verilən məlumata görə, Universitetin yerli və xarici tələbə və müəllim heyəti ilə yanaşı, ölkənin görkəmli incəsənət xadimləri və maarifçiləri, gənc caz ifaçılarını bir araya gətirən bu gecədə Vaqif Mustafazadənin həyat yolu, Azərbaycanı bütün dünyaya tanıdan nadir istedadı barədə söhbət açılıb.

Xatirə gecəsində qonaqları salamlayan Xarici İşlər Nazirinin müavini, “ADA” Universitetinin rektoru səfir Hafiz Paşayev bildirmişdir ki, Universitetdə tədris edilən bütün ixtisaslar üzrə təhsil alan tələbələr Azərbaycanın tarixi, mədəniyyəti, onun dünya irsinə əvəzedilməz töhfələri barədə məlumatlı olmalıdırılar. ADA-da bu kimi tədbirlərin təşkil edilməsi məhz bu məqsədi daşıyır. Böyük caz həvəskarı olan cənab Paşayev 6 saylı məktəbdə birgə oxuduqları Vaqif Mustafazadə barədə də xatirələrindən danışmışdır və qeyd edib ki, o zamanlar “Amerikanın Səsi” radiosunda caz verilişlərini aparan məhşur prodüsser Uliyam Konnoverin Vaqif Mustafazadə barədə dedikləri Azərbaycanın ABŞ-dakı səfiri kimi onu hər zaman qürurlandırıb.

Xatirə gecəsində Vaqif Mustafazadə adına ev muzeyinin direktoru Afaq Əliyeva, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Vaqif Mustafazadənin sənət dostları Rafiq Seyidzadə, Cavan Zeynallı, Akif Süleymanbəyli çıxış ediblər. Professor Seyidzadə xüsusilə bildirib ki, tək Azərbaycanda deyil, bütün dünyada etnocaz üslubunun banisi olan Vaqif Mustafazadə barədə bu kimi tədbirlər Azərbaycanın bütün ali təhsil ocaqlarında mütəmadi keçirilməli, Vaqif sənəti gənclərimiz arasında geniş təbliğ olunmalıdır.

Xatirə gecəsində Vaqif Mustafazadənin müasirləri olan Rafiq Seyidzadə, Cavan Zeynallı, Vaqif cazz məktəbinin davamçıları, gənc cazz ifaçıları Emil Əfrasiyab, Elçin Şirinov, Tofiq Həsənsoy cazz musiqi parçaları ifa ediblər. Daha sonra Azərbaycan Beynəlxlaq Məktəbinin yuxarı sinif şagirdi MirMusa Seyidzadənin “The History of Jazz in Azerbaijan” layihəsi üzrə müəllifi olduğu kitabın təqdimatı keçirilib. Kitabda cazz musiqisinin tarixi, onun Azərbaycanda musiqisevərlər tərəfindən qəbul edilməsi, Sovet hakimiyyəti zamanı qadağan edilməsinə baxmayaraq Tofiq Quliyev, Niyazi və başqalarının cazz musiqisini yeni incəsənət meyli kimi tədbiq etmələri, Vaqif Mustafazadənin cazz-muğam üslubunu yaratması, həmçinin Azərbaycanda müasir cazz barədə geniş və ətraflı məlumatlar verilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2471256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR