Hacıqabul, 9 fevral, Mahir Babayev, AzərTAc
Hacıqabulda ədəbiyyat müəllimi işləmiş mərhum Hüseyn İsayev rayon mərkəzindəki fərdi evində 1946-cı ildə şəxsi kitabxana yaradıb. Ötən yetmiş ilə yaxın müddətdə nadir kitablar, əlyazmalar toplayan ailə şəxsi kitabxanada on min nüsxədən çox çap məhsulu saxlayır.
AzərTAc xəbər verir ki, kitabxanada XIX əsrin əvvəllərindən bəri Azərbaycanda baş vermiş əsas tarixi-ictimai hadisələrin şahidi olmuş, məşhur “Murad xan”, “Kərbəlayi” təxəllüsü ilə yazılan şeirlərin müəllifi, əslən rayonun Nəvahi kəndindən olan satirik şair Mirzə Baxış Nadimin əlyazmasının o vaxtlar əl ilə çıxarılmış surəti də vardır. Kitabxanada XIX əsrdə Fransada və çar Rusiyasında işıq üzü görən, həmçinin basmaqəlib üsulu ilə çap olunmuş nadir kitab nüsxələri də saxlanılır. Dünyanın müxtəlif dillərində, müxtəlif əlifba ilə çap olunmuş kitablar bədii, texniki cəhətlərinə görə biri-birindən fərqlənir.
Ötən illər olduğu kimi bu gün də müxtəlif bölgələrdən və elm müəssisələrindən kitabxanaya müraciət edənlərin sayı azalmır.
Mərhum Hüseyn İsayevin oğlu Məhəmməd İsayev və onun ailə üzvləri atadan qalma bu mədəni irsi qoruyub saxlayır və kitabların sayını artırırlar.
