Kuala-Lumpur, 12 fevral, AzərTAc
Malayziyada cəmiyyətin göstəricilərinin islam dininin və qanunlarının prinsiplərinə uyğunluğunu təyin edən “Şəriət indeksi”nin tətbiqinə başlanılıb.
Bununla əlaqədar Putracaya şəhərində keçirilən təntənəli mərasimdə Malayziyanın Baş naziri Nacib Razak da iştirak edib.
Mərasimdə çıxış edən Baş nazir deyib: “Şəriət indeksi” ümumilikdə Malayziyanın, onun daxili və xarici siyasətinin, həmçinin iqtisadiyyatının və ictimai institutlarının islam prinsiplərinə uyğunluğunun əsas indikatoru olacaq”.
Bu yeni göstərici ictimai-siyasi həyatın qanunvericilik, iqtisadiyyat, təsərrüfat infrastrukturu, ətraf mühit, səhiyyə, təhsil, mədəniyyət, daxili və xarici siyasət, həmçinin cəmiyyətin siyasi həyatı kimi sahələrin şəriətin prinsiplərinə uyğunluğunu qiymətləndirəcək.
Baş nazir bildirib ki, həmin indeksin göstəricilərini təhlil edərək biz, cəmiyyət həyatının hansı sahələrinin hələ kifayət qədər inkişaf etmədiyini, hökumətin öz gələcək fəaliyyətini hansı istiqamətlərdə fəallaşdırmasının zəruriliyini müəyyən edəcəyik.
“Şəriət indeksi”nin həyata keçirilməsi, onun göstəricilərinin təhlili ilə yeni yaradılacaq dövlət komissiyasının məşğul olacağı bildirilir.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Kuala-Lumpur