Kuala Lumpur, 28 yanvar, AZƏRTAC
Malayziya sahillərində qayığın qəzaya uğraması nəticəsində həlak olan miqrantların sayı 22-yə çatıb. Bu barədə EFE agentliyinin yerli hakimiyyət orqanlarına istinadən yaydığı məlumatda bildirilir.
Məlumatda deyilir: “Yerli hakimiyyət orqanlarının təsdiq etdiyinə görə, həlak olanlar indoneziyalı miqrantlardır. Onların mindiyi qayıq yanvarın 25-də Malayziya sahillərinə yaxınlaşmağa cəhd edərkən hava şəraitinin pis olması səbəbindən qəzaya uğrayıb”.
Yayılan ilkin məlumatlara görə, 18 nəfərin cəsədi Malayziyanın cənubunda Kota-Tinqi şəhərinin çimərliyində aşkar edilib. Yerli hakimiyyət orqanları, həmçinin sahilə yaxın ərazidə çevrilmiş taxta qayıq aşkar ediblər. Ehtimala görə bu qayıqda 30-35 nəfər ola bilərdi.
Hazırda Malayziyada iki milyondan çox indoneziyalı var və onların əksəriyyəti ölkədə qeyri-leqal şəkildə məskunlaşaraq ən ağır işlərdə çalışırlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur