Goranboy, 14 fevral, Sabir Əliyev, AzərTAc
Ötən bir ildə Xocalı rayonundan olan 1669 məcburi köçkün ailəsi yeni fərdi yaşayış evləri və yaxud mənzillərlə təmin olunub.
AzərTAc xəbər verir ki, bu barədə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı Rayon İcra Hakimiyyətində 2014-cü ilin yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.
Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Şahmar Usubovun məruzəsi dinlənilib.
Müzakirələrdə rayon maliyyə şöbəsinin müdiri İlqar Əliyev, rayon təhsil şöbəsinin müdiri Şakir Əliyev, Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Şahid Rzayev və rayon qadınlar şurasının sədri Ramilə Xudayarova çıxış edərək ötən il görülən işlərdən bəhs ediblər.
Məruzə və çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin qayğısı nəticəsində xocalılıların məşğulluğunun təminatı daim diqqət mərkəzində saxlanılıb. Belə ki, respublikamızın müxtəlif şəhər və rayonlarında məskunlaşan rayon sakinlərinə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 69 nəfərə 381 min manat güzəştli kredit verilib. İstər kredit alanlar, istərsə də rayonun digər sakinləri respublikamızın aqrar sektorunda bir sıra nailiyyətlər qazanıblar. Rayonun balansında olan 4125 hektar əkin sahəsinin 3616 hektarında taxıl əkilib, nəticədə 4714 ton məhsul toplanıb. 2014-cü ilin yazlıq bitkiləri üçün 192 hektar kartof sahəsindən 1766 ton, 62 hektar tərəvəz sahəsindən 341 ton məhsul istehsal olunub. Həmçinin cari ilin məhsulu üçün də mütəşəkkil hazırlıq işləri aparılıb, 2444 hektar sahədə payızlıq dənli bitkilər səpilib.
Yığıncaqda rayonun təhsil, səhiyyə və mədəniyyət sahələrində görülən işlərə də diqqət yetirilib. Qeyd edilib ki, 2013/2014-cü tədris ilində ümumtəhsil məktəblərinin bazası möhkəmləndirilib, bir neçə məktəb üçün yeni binalar inşa olunub. Əsasən yeni salınmış qəsəbələrdə tikilən məktəblər müasir avadanlıqlarla təmin edilib.
Gəncədə salınmış və hər bir infrastrukturla təmin olunmuş yeni qəsəbədə 600 məcburi köçkün ailəsinin məskunlaşdırılması da başa çatıb. İndi rayonun Kosalar, Başkənd, Yaloba kəndlərinin şagirdləri yeni məktəb binasında təhsillərini davam etdirirlər.
Yığıncaqda Milli Məclisin deputatları Elman Məmmədov və Flora Qasımova, eləcə də Prezident Administrasiyasının məsul işçisi Aqşin Əliyev çıxış edərək Xocalı Rayon İcra Hakimiyyətinin 2014-cü ildə gördüyü işləri təhlil edib, cari ildə qarşıda duran vəzifələrdən danışıblar.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə və Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara müraciət qəbul olunub.
