Son zamanlar hamı müğənnilərin bir-birini təhqir etməyindən, biabırçı vəziyyətə düşməyindən danışır. Onların şəxsi münasibətləri əksər saytları bəzəyir. Bu insanları maraqlandırsa da, xalq artisti, əməkdar artist adını alan müğənnilərə qarşı mənfi rəy yaradır. Biz belə əməkdar artistlərə, xalq artistlərinə, həqiqətən də, hörmətlə yanaşmalıyıqmı? Göz önündə olan insanlar hansı davranış nümunəsini sərgiləyir?

Bu haqda millət vəkilləri nə deyir?

Millət vəkili Nizami Cəfərov bildirib ki, müğənnilərin bir-biri ilə mübahisələrinə saytlarda, qəzetlərdə, televiziyalarda yer verilməsinə çox pis baxır: "Yaxşı hal deyil. Bu məsələ neçə dəfə müzakirə olunub, fikir bildirmişik. Müğənnilərin mübahisələri dözülməz həddə gəlib çatıb. Onların münaqişəsi yaxşı heç nə vəd etmir!"

N.Cəfərovun sözlərinə görə, müğənnilərin qalmaqalları ilə mübarizənin xüsusi üsulu yoxdur: "Azərbaycanda cəmiyyət çox fəaldır. Bu məsələləri müzakirə edir. Sosial şəbəkələrdə də bu məsələlər geniş müzakirə olunur. Son zamanlar adları hallanan müğənnilər özləri dərk etməlidirlər ki, bu, çıxış yolu deyil. Bunların hamısı özünü təsdiq, ya da özünü müdafiə üçündür. Bunlar yol deyil! Bizim müğənnilərimiz, xüsusilə də adlı-sanlı müğənnilərimiz bunu dərk etməlidir.

Onları cəzalandırmaq barədə də fikirlər səslənib. Amma mən inanmıram ki, bu baş tutar. Cəzalandırmaq artıq son həddir.

Özləri anlamalıdır

Əməkdar artist, xalq artisti adını daşıyırlar. Bu da onların ictimai xadim, cəmiyyətdə tanınan adam olmağı deməkdir. Ona görə də, birinci növbədə, özləri bilməlidir ki, bu şəkildə müzakirə obyekti olmaq doğru deyil. Əlbəttə, hər insanla başqası arasında şəxsi münasibətlərdə gərginlik ola bilər. Bu münasibətləri özləri həll etməlidir, çəkişmələr yox. Çünki onların problemini məhkəmələr də həll edə bilmir. Tanınmış adamlardır, istər-istəməz məhkəmələr də çətinlik çəkir. Bu işin həm də bir mənəvi tərəfi var".

Yekunlaşdırmaq imkanı yoxdur

"Təcrübə göstərir ki, şəxsi məsələlər heç vaxt ictimai müzakirə ilə həll olunmur. İctimai müzakirə burada heç nə vermir.

Bir az da sosial şəbəkələrin günahı var. Müğənnilər emosional adamlardır. Onları müxtəlif söz-söhbətlə qızışdırırlar. Bunu da nəzərə almaq lazımdır. Sosial şəbəkələrin idarə mexanizmi, əlbəttə ki, yoxdur. Amma bununla yanaşı yenə də bir ictimai şüur var. Cəmiyyətimizin əksəriyyəti onların münasibətinə həssas yanaşmalıdır", - deyə deputat bildirib.

Milli Məclisin deputatı Çingiz Qənizadə bu məsələ ilə bağlı bildirib ki, televiziya kanallarına sual verilməlidir ki, belə müğənniləri efirə niyə buraxırlar? "Məni müğənnilərə qatmayın. Müğənnilərlə bağlı aidiyyəti qurumlar var. Qalmaqal yaradan müğənnilərlə bağlı heç bir fikrim yoxdur. Hamısı göz qabağındadır".

Onlar mədəniyyətsizliyi təbliğ edir

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, tanınmış, xüsusi ilə öz pərəstişkarları olan insanlar öz davranışıları ilə əhali arasında yeni davranış formalarının yayılmasına mühüm təsir edirlər: "Müğənnilərin, idmançıların, siyasətçilərin və s. yəni fanatları olan insanların bu sahədə təsir gücü daha böyükdür. Onlar, Ziqmund Freydin də doğru olaraq elmi cəhətdən əsaslandırdığı kimi, kütlə psixologiyasının, kütlə mədəniyyətinin, eləcə də uşaq və gənclərin mədəniyyətinin formalaşmasında ciddi rol oynayır. Belə adamların nümunəvi hərəkətləri əhalinin mənəvi keyfiyyətinin yüksəlməsinə, neqativ hərəkətləri isə əhalinin müxtəlif nümayəndələrinin, sosial təbəqələrin mənəviyyatının aşınmasına, davranışının arzuolunmaz hala gəlməsinə səbəb olur.
Biz vətənimizin torpaqlarının bir qarışının da itirilməsinə razı olmuruq. Bir qarış torpağımızı satan adamı düşmən adlandırırıq. Amma torpaqdan qat-qat qiymətli mənəviyyatımızın aşınmasına səbəb olanlara etinasızıq!"

Ə.Qəşəmoğlu bildirib ki, əhalinin mənəvi keyfiyyətlərinin yüksəlməsinə kömək edən müğənnilərin davranışını geniş təbliğ etmək lazımdır: "Misal üçün, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Rəşid Behbudovun, Müslüm Maqomayevin, Şövkət Ələkbərovanın, Zeynəb Xanlarovanın, Alim Qasımovun və onlarca digər pozitiv davranışlı müğənnilərimiz. Amma hərəkətləri ilə daima gərginlik mənbəyi olan, adi davranış normalarına sığmayan çağrışlar, söyüşlər edən müğənnilər barədə danışmaq, onların davranışını səsə-küyə salmaq yolverilməzdir. Əksinə, belə insanlara qarşı ictimai qınaq xeyli gücləndirilməlidir.

Onlara diqqət olmamalı, belələrinə fəxri ad verilməməlidir. Hər belə müğənni bilməlidir ki, bu ad təkcə səsin gözəlliyinə görə verilmir, həm də xalqın mənəvi cəhətdən formalaşmasında oynanılan rola görə verilir".

Görün biz nə gündəyik!

Psixoloq Dəyanət Rzayev bu məsələdən çox təsirləndiyini deyib: "Görün biz, yazıqlar nə gündəyik! Problem deyil, Aygün də nəsə deməlidir, İlhamə də nəsə deməlidir. Amma xarici kanallara baxın. Görün insanlar necə tədqiqatlar aparır, yeni kəşflər, ixtiralar edirlər. İnsanları bu cür şeylər maraqlandırır. Görün bədbəxt bizi nə maraqlandırır? Bir-birini süründürmək, polisə vermək, iş vermək. Görün biz nə günə qalmışıq. Heç vaxt belə olmayıb. Bu gün Azərbaycanın ən hörmətli adamları kimlərdir?"

D.Rzayev bildirib ki, müğənnilərin bir-biri ilə davası iyrəncdir: "Bu mübahisələr insanların iylənmiş alt paltarını qaşıyaraq orada bit-birə axtarmasına bənzəyir ki, görək orada nə var? Mən gözləməzdim ki, azərbaycanlılar bu məsələyə belə maraq göstərsinlər".

Müğənnilərin bu cür hərəkətlərinin, əslində, gündəmdə qalmaq üçün etdiklərini deyən psixoloq əlavə edib ki, onlar ola bilsin ki, yavaş-yavaş unudulurlar, bu da onları qıcıqlandırır: "Cavan müğənnilər də onlara baxıb örnək götürür".

Aynurə Məmmədova
Milli.Az