A–
Kuala Lumpur, 25 fevral, AZƏRTAC
“Malayziya Hava Yolları” şirkətinin strukturunda baş vermiş dəyişikliklərə baxmayaraq, şirkət 2014-cü ilin martında itmiş “Boeing-777-200” təyyarəsi sərnişinlərinin qohumlarına kompensasiya ödəmək barədə öhdəliyini yerinə yetirəcək. Bu barədə “New Straits Times” qəzeti məlumat yayıb.
Şirkətin nümayəndəsi deyib ki, Monreal Konvensiyasına uyğun olaraq, daşıyıcı şirkət iki il əvvəl baş vermiş qəzadan sonra ötən müddətdə sərnişinlərin qohumlarını və yaxınlarını istintaqın gedişi barədə daim məlumatlandırıb. Bundan əlavə, şirkətdəki struktur dəyişikliklərinə baxmayaraq, “Malayziya Hava Yolları” bütün kompensasiyaları ödəmək öhdəliyini yerinə yetirəcək.
Xatırladaq ki, Malayziyaya məxsus “Boeing-77-200” sərnişin təyyarəsi Kuala Lumpur-Pekin reysini həyata keçirərkən havaya qalxdıqdan iki saat sonra radarların ekranlarından itib. Onun göyərtəsində 227 sərnişin və 12 heyət üzvü var idi. Malayziya hökumətinin bəyanatına əsasən, təyyarə qəzaya uğrayıb və onun göyərtəsindəkilərin hamısı həlak olub.
Avstraliyanın qərb sahillərində təyyarənin axtarışı ilə bağlı əməliyyat hələ ki heç bir nəticə verməyib. Qəzadan keçən müddətdə Fransaya məxsus Peyunyon adasında yalnız təyyarənin qanadının parçası aşkar edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur
AZERTAG.AZ :“Malayziya Hava Yolları” itmiş təyyarənin sərnişinlərinin qohumlarına kompensasiya ödəyəcək