Yox, kimin nə deməsindən asılı olmayaraq, xalq sevirmiş öz sənətkarını. Biz ora, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına çatanda saat hələ 12 deyildi. Azı 20 dəqiqə qalmışdı. Amma Teatrın zalında və qarşısında izdiham əlindən tərpənmək olmurdu. Onlar, yəni şou, incəsənət və mədəniyyət adamları hələ gəlib çıxmamışdılar. Bir-bir, iki-iki gələcəkdilər. Gələnlər sıradan insanlar idi. Xalq artistinə, İlhamə Quliyevaya son borclarını vermək üçün.
***
Teatrın qarşısındakı “Lalələr” gül mağazası da deyəsən tədarükünü əvvəldən görmüşdü. Vitrinlər və dükanın qarşısındakı dibçəklər ağ çiçəklərlə dolu idi. Rəhmətlik gülləri çox sevərdi axı? Xüsusən də, ağ gülləri.
***
Zalda boş yer yox idi. Səhnədə Primadonnanın nəşi, onun önündə bütün mükafatları qoyulmuşdu. Hansısa QHT və ya qəzet tərəfindən verilmiş adi diplomdan tutmuş, ən ali dövlət mükafatlarına qədər. Amma… Amma bircə tacları gözə dəymirdi… Yəqin hamısına Röya yiyə durub. Çünki jurnalistlərə açıqlamasında dedi ki, sən demə taclarının hamısını ona bağışlayacaqmış.
***
Hə, jurnalistlərdən söz düşmüşkən, mən nəyin şahidi oldum; sən demə, həm şou-biznes nümayəndələri, həm də elə müğənnilərin özləri ən azı iki kateqoriyaya bölünürmüş: VİP və adi. Vida mərasiminə gələn VİP şou-biznes nümayəndələrini bir jurnalist və azı bir fotoqraf müşayiət edirdi. Sıradan “şoumenlər” isə elə sıradan müxbirlərin ümidinə qalmışdı.
***
Mərasimin keçirildiyi Mahnı Teatrının qarşısında isə ziyarətə gələnləri Əli Mirəliyev qarşılayası olmuşdu. Bu dəfə emosiyasız-filansız, səbrlə. Hətta, ən kəskin tənqid etdiyi, ən nifrət bəslədiyi ilə də nəzakətlə davranırdı. Əli müəllimin yanından keçib zala daxil olanları isə İlhamə Quliyevanın mahnıları qarşılayırdı. Biz içəri keçəndə isə İlhamə xanım oxuyurdu: “Kaman ayrılıq nəğməsin çaldı…”
Yavaş-yavaş gəlir, Əli Mirəliyevə və İlhamə xanımın oğlu Nadirə baş sağlığı verib gedirdilər. Zaldan çıxan-çıxan isə ayaqlarının altına baxmaqdansa, gözləri kamera axtarırdı. Düzdür, VİP-lərə kameralar özləri yaxınlaşırdı, o biriləri isə özləri az qala kameranın içinə soxulurdular. Bircə Aybəniz Həşimova səmimi idi məncə. “Qadan alım, nə müsahibə, halım yoxdu”, - deyib çıxıb getdi.
Hə, bir də Elza. Çoxu gözləmirmiş Elza xanımın vida mərasiminə gələcəyini. Deyir, səhər yuxudan durdum və qərara gəldim ki, gedim dükana ağ çiçək alım. “Mənim mahnımı oxuyub axı, “Ağ çiçəyim”i. Sonra? Sonra oldu da? O qədər belə şeylər olur ki. Mən ağ çiçəklərdən buket düzəltdirib gəldim ki, İlhamə xanım, haqqımı sənə halal edirəm”.
***
Güldən-çiçəkdən, buketdən söz düşmüşkən, mərasimin ortasında Mahnı Teatrının qapısı hündürlüyündə bir çələng içəri girdi. VİP-li, VİP-siz hamı qaçdı o çələngi çəkməyə. Nazir adı çəkən də oldu, deputat, biznesmen adı çəkəndə. Birisi hətta bir az da irəli getdi: “Vahid Ələkbərov göndərib”. Amma çələngin üzərinə yeriyən müxbirlər, sensasiya tapa bilmədilər: Tolikdən imiş.
Tolikin çələng söhbəti bitər-bitməz Zeynəb xanım içəri girdi. Nədənsə nə VİP-lər, nə də sıradan şou müxbirləri ürək eləmədilər yaxınlaşmağa korifey sənətkara.
Amma əvəzində Rəşad İlyasovla Mənsum İbrahimovu tuta bildilər. Mənsum bəy İlhamə xanımın vəfatını böyük itki adlandırdı. Rəşad isə onunla duet oxuduğunu fəxrlə qeyd etdi. Nailə Mirməmmədli isə öz borcunu verməyə gəldiyini dedi: “Baxmayaraq ki, bizim hüzrdə iştirak etməmişdi, amma mən özümə borc bildim ki, bu gün bura gəlim”.
Yavaş-yavaş bir-iki deputat da görünməyə başladı. Elmira Axundova, Rəfael Hüseynov… Deyəsən Milli Məclisi elə ikisi təmsil edirdi. Anar müəllim də tez çıxdı. Heç bir açıqlama-filan vermədən. Elə payi-piyada getdi AYB-yə.
***
Zaldan isə yenə də Allah bilir neçənci dəfəydi həmin melodiya axırdı bayıra. “Kaman ayrılıq nəğməsin çaldı…” Rəsmilərdən isə hələ də gözə dəyən yox idi. Arada Niyaməddin Musayev göründü. İlhamə xanımla bərabər hansısa Avropa turnesindən danışdı. Deyəsən heç kimə də maraqlı deyildi.
***
İçəridə bərk tünlük olduğundan nəfəs almaq üçün 1-2 dəqiqəlik bayıra da çıxırıq. Deyəsən elə Mahnı Teatrının xadiməsiydi, əlində süpürgə qoca bir kişiylə dərdləşirdi.
Maraqlı dialoq idi amma…
- O ağlayan vardı ha, bərkdən, bacısıdı, ya qızı?
- Yoo, nə bacısı var, nə qızı. Bircə oğlu var.
- Həəə, hmmm…S ənin aylığın nə qədərdi, ay arvad?
- 234 manat…
***
Qəfil xəbər gəldi ki… gəldilər.
İlk çıxışı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev etdi. İlhamə Quliyevanın həyat və yaradıcılığı haqda geniş məlumat verdi. Ardınca da bildirdi ki, onun ölümü Azərbaycan mədəniyyəti üçün böyük itkidir: “İlhamə Quliyeva Azərbaycan musiqisinin yorulmaz təbliğatçısı idi. İlhamə xanım iyirmidən artıq ölkədə Azərbaycan musiqisini şərəflə təbliğ edib. İlhamə Quliyevanın xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq”.
Daha sonra xalq artistləri Yalçın Rzazadə, Natəvan Şeyxova, Canəli Əkbərov, bəstəkar Faiq Sücəddinov da danışdılar. İlhamə xanımın itkisindən təəssüfləndiklərini bildirdilər.
Çıxışlar bitən kimi mərhumun cənazəsi Mahnı Teatrının səhnəsindən götürüldü. Üzü II Fəxri xiyabana tərəf yola salındı.
Və… ”Kaman ayrılıq nəğməsin çaldı” qurtardı…