A+
A–

Kuala Lumpur, 2 mart, AZƏRTAC
Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyevin Malayziyanın sabiq Baş naziri Tun Abdullah Ahmad Badavi ilə görüşündə iki dost ölkə arasında mövcud ikitərəfli münasibətlər, həmçinin Abdullah Ahmad Badavinin cari ilin martında ölkəmizə planlaşdırılan səfəri ətrafında fikir mübadiləsi aparılıb.
Səfir görüşə görə təşəkkür edərək, iki ölkə arasında mövcud əlaqələrin dostluq və qarşılıqlı anlaşma şəraitində, müsbət xətlə inkişaf etdiyini bildirib. O, həyata keçirilən yüksək və müxtəlif səviyyəli qarşılıqlı səfərlərin Azərbaycan ilə Malayziya arasında əməkdaşlığın daha da genişləndirilməsinə təkan verdiyini vurğulayıb.
Tun Abdullah Ahmad Badavi də öz növbəsində ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, investisiya, turizm və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu bildirib, Baş nazir olduğu illərdə ikitərəfli əlaqələrin möhkəmlənməsinə çalışdığını xatırladıb.
Ahmad Badavi Azərbaycan haqqında çox eşitdiyini qeyd edərək, səfər zamanı ölkəmizlə, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə tanış olmaq fürsəti əldə edəcəyini xüsusi vurğulayıb. A. Badavi Prezident İlham Əliyev haqqında çox eşitdiyini və onu dünya, xüsusilə də müsəlman ölkələrinin rəhbərləri arasında bacarıqlı və yüksək intellektli siyasi xadim kimi yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.
Görüşdə Ahmad Badavinin başçılıq edəcəyi nümayəndə heyətinin cari ilin martında Bakıda keçiriləcək IV Qlobal Bakı Forumu və Qarşılıqlı Fəaliyyət Şurasının 33-cü illik plenar iclasında iştirak məqsədilə Azərbaycana planlaşdırılan səfəri barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Tun Abdullah Bin Haji Ahmad Badavi 1939-cu ildə noyabrın 26-da Malayziyanın Penang ştatında anadan olub. 1978-2013-cü illərdə Malayziya parlamentinin üzvü, 1999-2003-cü illərdə Baş nazirin müavini, 2003-2009-cu illərdə isə Baş nazir vəzifələrində çalışıb. O, həmçinin hakim UMNO partiyasının sədri olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur
AZERTAG.AZ :Malayziya ilə Azərbaycan arasında münasibətlər yükslən xətlə inkişaf edir