A–
Bakı, 10 mart, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Milli Teatrının 143 illiyin münasibətilə tədbir keçirilib .
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən təməli qoyulan Azərbaycan Milli Teatrının
yaranma tarixi haqqında ətraflı məlumat verib.
Bildirilib ki, Azərbaycan teatrı keşməkeşli ömür sürərək zamanın mühakiməsindən üzü ağ çıxıb. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan teatrı dünyanın aparıcı beynəlxalq festivallarında uğurla təmsil olunur.
Daha sonra teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, Xalq artistləri Cənnət Səlimova, Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar artistlər Almaz Mustafayeva, Kəmalə Hüseynova və Naibə Allahverdiyeva Milli Teatr günü ilə bağlı fikirlərini dilə gətiriblər.
Çıxışlardan sonra Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri Xani Lənkəran” komediyası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib. Quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova olan səhnə əsərinin musiqi tərtibatı Xalq Artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur.
Tamaşada rolları Əməkdar artistlər Lətifə Əliyeva, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov aktyorlar İradə Rəşidova, Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Aydın Dəmirov və başqaları ifa ediblər.
Qeyd edək ki, Milli Teatr Günü ilə əlaqədar Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktyorları, Xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar Artist Şəfəq Əliyeva, aktrisa Məsumə Babayeva Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalı, teatrın direktoru M.Həmidov isə TXİ-nin fəxri fərmanı ilə təltif olunublar.
AZERTAG.AZ :10 mart- Milli Teatr Günü Gənc Tamaşaçılar Teatrında qeyd olunub

