A+
A–

Kuala Lumpur, 15 mart, AZƏRTAC
Malayziyanın hökumət orqanları saxlanılan iki avstraliyalı jurnalisti - ABC televiziya şirkətinin müxbirini və operatorunu vətənə getmək üçün Sinqapura deportasiya edib.
Saxlanılan jurnalistlərə qarşı dövlət qulluqçularına öz vəzifə səlahiyyətlərini icra etmək üçün maneə yaratmaq ittihamı ilə məhkəmə iclasının keçirilməsi planlaşdırılırdı. Lakin son anda hökumət orqanları prosesin ləğvi barədə qərar qəbul edib.
Avstraliyalı jurnalistlər ötən şənbə Malayziyanın Baş naziri Nacib Razakın səfər etdiyi Saravak əyalətinin inzibati mərkəzi Kuçinq şəhərində saxlanılıblar. Baş nazir yerli məscidlərdən birini ziyarət edərkən bu jurnalistlər hökumət başçısının mühafizəsini yararaq ona Səudiyyə Ərəbistanından hesabına daxil olan vəsaitlə bağlı suallar verməyə cəhd ediblər.
Hadisəni şərh edən Baş nazirin müavini, daxili işlər naziri Ahmad Zahid Hamidi bildirib ki, hər bir şəxs yerli qanunlara, o cümlədən dövlətin yüksək vəzifəli şəxslərinin mühafizəsini tənzimləyən qaydalara əməl etməlidir. Nazir, eyni zamanda, Avstraliya tərəfinin söz azadlığı və əcnəbi müxbirlərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı ittihamlarını da rədd edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur
AZERTAG.AZ :Malayziyanın hökumət orqanları avstraliyalı jurnalistləri deportasiya edib