A–
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan dünyaya çox dahilər bəxş edib. Onlardan biri də dünya şöhrətli pianoçu, bəstəkar, cazmen Vaqif Mustafazadədir. 1980-ci ildə vəfat etmiş musiqiçinin xatirəsi bu gün də azərbaycanlıların qəlbində yaşayır, onun yaradıcılığı aktuallığını itirmir. V.Mustafazadənin virtuoz improvizasiyaları sayəsində muğam sənəti caz-muğam janrında yeni həyat qazanıb.
AZƏRTAC xəbər verir ki, V.Mustafazadə adına 2 nömrəli uşaq musiqi məktəbinin kollektivinin təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzində görkəmli cazmenin anadan olmasının 76-cı ildönümünə həsr edilmiş konsert keçirilib. Tədbirdə mədəniyyət və incəsənət xadimləri, V.Mustafazadə sənətinin pərəstişkarları iştirak ediblər.
V.Mustafazadə adına 2 nömrəli musiqi məktəbinin direktoru, Əməkdar Artist Akif Süleymanbəyli gecəni açaraq, istedadlı musiqiçinin həyat və yaradıcılığı haqqında danışıb. O qeyd edib ki, V.Mustafazadənin yaradıcılığı öz bənzərsizliyi, virtuoz texnikası, özünəməxsus ifası ilə dinləyicilərin qəlbini fəth edib. A.Süleymanbəyli deyib: “Onun ölümü Azərbaycan mədəniyyəti üçün böyük itki olub. Bu gün musiqiçinin layiqli davamçısı Əzizə Mustafazadə Azərbaycana bütün dünyada şöhrət qazandırır”.
Sonra gənc istedadlı müğənnilər Azad Şabanov, Emiliya Yaqubova, habelə məktəbin şagirdləri çıxış ediblər. Əməkdar İncəsənət Xadimi Cavan Zeynallının və Akif Süleymanbəylinin saksafonda ifası isə gecənin kulminasiya nöqtəsi olub.
AZERTAG.AZ :Görkəmli musiqiçi Vaqif Mustafazadənin xatirəsi əbədi yaşayacaq













