Bu gün Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb və sərəncama əsasən azadlığa çıxanlar arasında müxtəlif vaxtlarda məhkum olunmuş, adları hüquq müdafiəçilərinin "siyasi məhbuslar" siyahısında olan 14 müxalifətçi də var.
Milli.Az virtualaz.org həmin müxalifətçilərin qısa dosyelərini təqdim edir:
Axundov Rəşadət Fikrət oğlu

"Nida" gənclər hərəkatının üzvü olub. Mütəşəkkil dəstə tərkibində "Molotov kokteyli" adlanan cəmi 22 ədəd partlayıcı qurğuları qanunsuz olaraq əldə edib 19 ədədini dəstə üzvü B.Quliyevin, 3 ədədini isə dəstə üzvü Ş.Novruzlunun evində saxlanılmasını təmin edib. Bundan əlavə, 2013-cü il 10 mart tarixdə Bakı şəhəri Fəvvarələr meydanında kütləvi iğtişaş törədilməsinə hazırlıq işləri görüb. Cinayət Məcəlləsinin 228.3, 28,220.1 maddələri ilə ittiham olunub. Barəsində 06.05.2014-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 8 il həbs cəzası çıxarılıb.
Cəfərov Rəsul Ağahəsən oğlu

Hüquqi müdafiə və Maarifləndirmə cəmiyyətinin rəhbəridir. Qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma əməllərində təqsirli bilinib.CM-nin 192.2.2, 213.1, 308.2, 179.3.2, 313 maddələri ilə ittiham olunub. Barəsində 16.04.2015-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 6 il 6 ay həbs cəzası çıxarılıb.
Əzizov Məmməd Rasim oğlu

"Nida" gənclər hərəkatının üzvü olub. Narkotik vasitə sayılan 174,54 qram qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib saxlayıb. Bundan əlavə, 2013-cü il 10 mart tarixdə Bakı şəhəri Fəvvarələr meydanında kütləvi iğtişaş törədilməsinə hazırlıq görüb. CM-nin 234.1, 28,220.1, 228.3 maddələri ilə ittiham olunub. Barəsində 06.05.2014-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 7 il 6 ay həbs cəzası çıxarılıb.
Həsənov Rəşad Zeynalabdin oğlu

"Nida" gənclər təşkilatının üzvü olub. Mütəşəkkil dəstə tərkibində cəmi 22 ədəd "Molotov kokteyli" adlanan partlayıcı qurğuları qanunsuz olaraq əldə edib 19 ədədini dəstə üzvü B.Quliyevin, 3 ədədini isə dəstə üzvü Ş.Novruzlunun evində saxlanılmasını təmin etməkdə təqsirli bilinib. Bundan əlavə, 2013-cü il 10 mart tarixdə Bakı şəhəri Fəvvarələr meydanında kütləvi iğtişaş törədilməsinə hazırlıq görüb.
CM-nin 228.3, 28,220.1 maddələri ilə ittiham olunub. Barəsində 06.05.2014-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 7 il 6 ay həbs cəzası çıxarılıb.
(Həşimli) Həşimov Pərviz Kamran oğlu.

Jurnalistdir, "Bizim Yol" qəzetinin müxbiri olub. Qabaqcadan əlbir olaraq bir qrup şəxs halında satış məqsədilə odlu silahları və döyüş sursatını qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycana gətirməkdə, qanunsuz olaraq daşımaqda, gəzdirib və saxlamaqda təqsirli bilinib. P.Həşimovun avtomaşının salonundan 6 ədəd "Makarov" tapançası, "Makarov" tipli tapançaya aid 6 ədəd sandıqça və 40 ədəd 9 mm çaplı patron aşkar edilərək götürülüb. CM-nin 206.3.2, 228.2.1, 228.2.2 maddələri ilə ittiham olunub.
Barəsində 15.05.2014-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 8 il həbs cəzası verilib.
Xasməmmədov Taleh Vidadi oğlu

"Hüquq və Qanun 2010" MMC-nin rəhbəri olub. 2015- ci il fevral ayının 24-də Göyçay şəhərində xuliqanlıq etməkdə təqsirli bilinib. CM-nin 221.2.2 maddəsi ilə ittiham olunub. Barəsində 22.07.2015-ci il tarixində Göyçay rayon məhkəməsi tərəfindən 3 il həbs cəzası çıxarılıb.
Kərimli Sirac Raqif oğlu

Musavat partiyasının Gənclər Təşkilatının üzvüdür. Qanunsuz olaraq, satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımaqda təqsirli bilinib. CM-nin 234.4.3 maddəsi ilə ittiham olunub.
Barəsində 16.03.2015-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 6 il həbs cəzası çıxarılıb.
Məmmədli Anar Asəf oğlu

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri olub. Qanunsuz Sahibkarlıq fəaliyyəti ilə məşqul olaraq külli miqdarda gəlir əldə etməklə vergidən yayınmaqda təqsirli bilinib.
CM-nin 179.3.2, 192.2.2, 213.1, 308.2, 313-cü maddələri ilə ittiham olunub.
Barəsində 26.05.2014-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 5 il 6 ay həbs cəzası çıxarılıb.
Məmmədov Hilal Əlif oğlu

İctimai Siyasi Universitetdə müəllim, "Tolışı Sədo" qəzetinin baş redaktoru olub. İran İslam Respublikasının xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəhd edilərək Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün zəruri məlumatları toplayıb xüsusi xidmət orqanlarına verərək casusluğu ilə dövlətə xəyanət edib.
Bundan əlavə dövlətin konstitusiya quruluşunun təhlükəsizliyini sarsıtmaq məqsədilə İran İslam Respublikasında təşkil olunan konfranslarda, həmin dövlətə məxsus "Səhər-2" televiziya kanalının verilişlərindəki çıxışlarında, baş redaktoru olduğu "Tolışı Sədo" qəzetində dərc etdirdiyi məqalələrində, dövlət hakimiyyəti əleyhinə, habelə milli-dini ədavət yaratmağı əks etdirən məlumatlar yer alan müraciətlərində, kütləvi informasiya vasitələrində milli düşmənçiliyin salınmasına yönələn hərəkətlərə yol verib. Habelə Hilal Məmmədli satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan 33,475 qram heroini əldə edib daşıyaraq yaşadığı evdə saxlayıb.
CM-nin 274, 283.2.2, 234.4.3-cü maddələri ilə ittiham olunub.
Barəsində 27.09.2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 5 il həbs cəzası verilib.
Məmmədov Ömər Elyar oğlu

"Nida" gənclər təşkilatının üzvü olub. 6 qram heroini satış məqsədilə əldə edib daşıyaraq üstündə saxlamaqda təqsirli bilinib. CM-nin 234.4.3 maddəsi ilə ittiham olunub. Barəsində 04.07.2014-ü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 5 il həbs cəzası verilib.
Muradverdiyev Akif Şəmsəddin oğlu

Işsizdir. Dövlət əmlakını mənimsəməyə görə əvvəllər məhkum edilib. 20 iyun 2013-cü il tarixdə Rusiya Federasiyasına uçmaq üçün Beynəlxalq Hava Limanına gələrək əl çantasında külli miqdarda 344 qram Çar Rusiyasında zavod üsulu ilə istehsal olunmuş, 40 ədəd 10-luq qızıl pul sikkələrini bəyan etmədən gizli olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən keçirməkdə təqsirli bilinib.
CM-nin 206.1 maddəsi ilə ittiham olunub, barəsində 13.12.2013 -cü il tarixdə Xəzər rayon Məhkəməsi tərəfindən 4 il həbs cəzası verilib.
Pənahlı Nemət Əhəd oğlu

İşsiz olub, 07.01.2011-ci il tarixdə saat 20-30 radələrində evin qarşısında, ictimai yerdə, heç bir səbəb olmadan Rzayev Eldəniz Qərib oğlunu nalayiq küçə söyüşləri ilə söyərək ictimai qaydanı kobud surətdə pozub, dəmir alətlə baş nahiyyəsindən vuraraq xuliqanlıq niyyəti ilə az ağır bədən xəsarəti yetirib.
CM-nin 127.2.3., 221.3 maddələri ilə ittiham olunub.Barəsində 17.06.2011-ci il tarixdə Nəsimi rayon Məhkəməsi tərəfindən 6 il həbs cəzası çıxarılıb.
Sadıqov Yadigar Sadıq oğlu

İşsiz.Müsavat partiyası başqanının müşaviri. 25 iyun 2013-cü il tarixdə saat 19 radələrində Lənkəran şəhərində Çayxanada R.Kərimova nalayiq sözlər deyib, çayxanadan çıxmasını tələb edib. Onu itələyib çayxananın qarşısına küçəyə çıxardaraq yumruq və təpiklə vurub, mobil telefonu cibindən çıxardıb R.Kərimovun sifətindən vuraraq 20-25 dəqiqə ərzində qərəzli xuliqanlıq hərəkətləri edib, R.Kərimovun sağlamlığına az ağır zərər vurub.
Yaqublu Tofiq Rəşid oğlu

"Müsavat" partiyasının sədrininmüavini. 23 yanvar 2013-cü il tarixdə saat 21:30 radələrində İsmayıllı şəhərində bir qrup şəxsin qərəzli xuliqanlıq hərəkətləri zəminində ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərin, hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq edilməsi əməllərinin törədilməsindən istifadə edərək həmin hərəkətlərin inkişaf etdirilib davamlı xarakter almasına nail olmaq üçün 24 yanvar 2013-cü il tarixdə Bakı şəhərindən İsmayıllı şəhərinə gedib. Həmin gün saat 17 radələrində İsmayıllı şəhərində bir qrup şəxsin rayon İcra hakimiyyətinin inzibati binasına doğru kütləvi surətdə hərəkətinə və Daxili İşlər Nazirliyinin müvafiq strukturlarının bu hərəkətin qarşısını alan əməkdaşların qarşı daş atılmasını təşviq edib.
CM-nin 220.1, 315.2 maddələri ilə ittiham olunub.Barəsində 17.03.2014-cü il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən 5 il həbs cəzası çıxarılıb.
Milli.Az