Əfv sərəncamı ilə azadlığa çıxan Müsavat başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov mətbuata verdikləri müsabibələrlə müxalifətdaxili ziddiyətləri yenidən alovlandırıblar.

Milli.Az azvision.az-a istinadən bildirir ki, T.Yaqublunun AXCP və Müsavat arasındakı "buzu" əritməyə çalışacağını deməsi nə Müsavatda, nə də AXCP-də isti qarşılanıb.

Həmkarı Yadigar Sadıqov T.Yaqublunun bu təklifini dəstəkləmədiyini etiraf edir. O, hesab edir ki, yeni bir cəhd uğurlu nəticəyə səbəb olmaqdansa, sönən ocağın yenidən körüklənməsinə, qarşılıqlı ittihamlara və mübahisələrə gətirib çıxaracaq.

AXCP sədrinin müavini Nurəddin Məmmədli AzVision.az-a açıqlamasında Müsavat başqanının barışıq təklifini "xırda-xuruş" məsələ adlandırıb:

"Bizim belə "xırda-xuruş" məsələlərə ayıracaq zamanımız yoxdur. Ona görə də belə təkliflər qapımızı döyməsinlər. T.Yaqubluya məsləhətim budur ki, özünə əziyyət verməsin".

Göründüyü kimi, AXCP Müsavatla bir araya gəlmək niyyətində deyil. Əli Kərimlinin partiyası bundan öncə də Müsavatın dialoq təklifini rədd etmiş, onlarla bir masa arxasında əyləşmək istəmədiklərini demişdilər. Cəbhəçilər arasında Müsavata qarşı aqressiya və nifrətin pik həddə çatması təkcə mətbuat səhifələrində deyil, sosial şəbəkələr də açıq-aşkar hiss olunur.

Milli.Az