Milli.Az-ın "Azərbaycanın kino incilərindən" layihəsinin budəfəki səbəbkarı ədəbiyyatın da incisidi. Söhbət Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli Şah" komediyasının motivləri əsasında 1976-cı ildə çəkilmiş "Dərviş Parisi partladır" ekran əsərindən gedir. Filmin ssenari müəllifi Ədhəm Qulubəyov, quruluşçu rejissoru Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov, quruluşçu operatorları Zaur Məhərrəmov və Arif Nərimanbəyov, quruluşçu rəssamı Nadir Zeynalov, geyim üzrə rəssamı Elbəy Rzaquliyev, bəstəkarı Tofiq Quliyevdi. Rollarda Sergey Yurski (müsyö Jordan), Mirzə Babayev (Dərviş Məstəli şah), Adil İsgəndərov (Hətəmxan ağa), Leyla Bədirbəyli (Şəhrəbanu), Səfurə İbrahimova (Sənəm), Mömünat Qurbanova (Şərəfnisə), Ənvər Həsənov (Şahbaz bəy), Həsənağa Turabov (Rəşid bəy), Fazil Salayev (Qulaməli) və digər aktyorlar çəkiliblər. Hətəmxan ağa rolunu Əliağa Ağayev, Şahbaz bəy rolunu Əliabbas Qədirov, Dərviş Məstəli Şah rolunu Yusif Vəliyev, Şərəfnisə rolunu Xuraman Hacıyeva səsləndiriblər.
Ekrandakı və həyatdakı cütlük
Həmsöhbətimiz filmdə Şahbaz bəy obrazını yaratmış respublikanın əməkdar artisti Ənvər Həsənovdur. Ənvər Həsənov 17 avqust 1950-ci ildə Bakıda anadan olub. 7-ci sinfə qədər 190 saylı məktəbdə oxuyan Ənvər sonra Fəhlə Gənclər Məktəbinə keçir. Buna səbəb isə 1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olması idi. 1969-cu ildə kinoaktyor kursunu bitirib. 1969-1973-cü illərdə M.A. Əliyev adına ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışır. Ənvər Həsənov gənc yaşlarından filmlərə çəkilməyə başlayıb - "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa maraqlı obrazlar yaradıb.
Aktyor Milli.Az-a müsahibəsində bu filmin yaradıcılığında ən önəmli, ən əziz yerlərdən birini tutduğunu dedi:
"Çünki həm tamaşaçıların yaddaşında, həm də kino tarixində qalan filmlərdəndi. Son dərəcə gözəl yaradıcı heyətimiz olduğuna görə hər cəhətdən, həm rejissor, operator, rəssam, aktyor işi sarıdan, həm də tariximizi nəfis şəkildə əks etdirdiyinə görə əsl ekran əsəri sayıla biləcək filmdi. Belə olmasaydı, insanlar bu filmə, eləcə də digər klassik filmlərimizə dönə-dönə baxmazdılar."
Ənvər müəllimin bu filmdəki qəhrəmanının nişanlı, ailə həyatı qurmaq ərəfəsində olması aktyorun şəxsi həyatına birbaşa təsir edib.
Ə.Həsənov: "Şərəfnisə roluna aktrisa tapa bilmirdilər. Mən isə çəkildiyim bütün filmlərdə, at sürmək və bunu digər aktyorlara öyrətmək, həmçinin kaskadyorluq bacarığım olduğu üçün xüsusən tarixi filmlərdə həm də rejissor assistenti olurdum. Şahbaz bəy roluna təsdiq olunmağıma da bu cəhətlərin təsiri az olmadı. Şərəfnisə obrazı mənim ifa etdiyim Şahbaz bəy obrazının əsas tərəf-müqabili olduğuna görə bu rola aktrisa seçməyi rejissor özümə həvalə etmişdi. Çox axtarışlardan sonra getdik İncəsənət İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti - red.), orada tələbələrin arasında üçüncü kurs tələbəsi olan Mömünat xanıma rast gəldim, Şərəfnisə obrazına çox uyğun hesab etdiyimə görə filmə çəkilməyi təklif etdim. Foto və kino sınaq çəkilişlərindən uğurla keçdi və rola təsdiq olundu. Mömünat xanım aktrisa kimi çox az fəaliyyət göstərib. Film ekranlara çıxandan sonra nişanlandıq, sonra evləndik, bir il sonra o, institutu bitirdi və İncəsənət Muzeyində muzey bələdçisi, daha sonra isə baş elmi işçi kimi işləməyə başladı. Aktyorluğu qurtarsa da, muzey işinə həvəsi daha böyük idi. Buna görə də cəmisi üç filmə çəkilib. "Atları yəhərləyin" filmində də belə olmuşdu. Mən o filmdə də həm aktyor, həm rejissor assistenti, həm də kaskadyor kimi məşğul idim. Bir gün rejissor Əbdül Mahmudbəyov dedi ki, Həcər roluna aktrisa tapa bilmirik, icazə versən, Mömünatı çəkərik bu rola, sınaq çəklişsiz. Bizim də qızımız o vaxt balaca idi, Həcərin də, təbii ki, at sürmək epizodları var idi, ona görə əvvəl razılaşmadım. Amma Əbdül dedi ki, bütün çəkilşlərdə özüm onun yanında olacağamsa, darıxmağıma, narahat olmağıma heç bir səbəb yoxdu. Nə isə, yola gətirdilər məni, bu filmə də birlikdə çəkilməyimiz belə alındı. 95-ci ildə isə Türkiyədə "Sonuncu döyüş" filminə çəkildik. Orada mən vəkil rolunu oynayırdım, o da mənim həyat yoldaşım rolunda çəkilirdi. O filmlərə baxanda fikirləşirəm ki, nə yaxşı, Mömünat xanım o filmlərə çəkilib, məncə, onun həmin rollarını görmək təkcə mənim üçün yox, tamaşaçılar üçün də təsəllidi. Sizə deyim ki, Mömünat xanım həyatda daha çox Həcər xasiyyətli qadın idi. 32 illik ailə həyatımızda mən onu belə gördüm, belə tanıdım".
Mömünat Qurbanova 8 dekabr 1958-ci ildə Buzovnada dünyaya gəlib. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Kinoya ilk gəlişi "Dərviş Parisi partladır" filmindəki Şərəfnisə obrazı ilə baş verib. Mömünat Qurbanova 2008-ci il dekabrın 8-də vəfat edib - aktrisa 50-ci doğum gününü qeyd etmək üçün ailəsi ilə birgə Nabrana gedib, geri qayıdarkən yol qəzası baş verib və qəza nəticəsində Mömünat Qurbanova dünyasını dəyişib.
Aktyorluqda kaskadyor, kaskadyorluqda aktyor
Ənvər Həsənov aktyorluqla kaskadyorluğu özündə birləşdirməyi bacaran nadir kino xadimlərindəndir. Onun çəkildiyi filmlərdə nə özünün, nə də həmkarlarının rolunun tələb etdiyi təqdirdə kaskadyor dəvət etməyə ehtiyac qalmırmış.
Ə.Həsənov: "Məsələn, "Atları yəhərləyin" filmində riskli epizodlar olduğuna görə Qaçaq Nəbinin cavanlığını Turabovun yerinə mən oynamışam. "Dədə Qorqud"da da Alikin (Yalıncıq rolunun ifaçısı Əli Haqverdiyev) müvafiq epizodlarında onun yerinə mən çəkilmişəm. Rasim Balayevə at çapmağı mən öyrətmişəm".
Bu dərəcədə fiziki hazırlıq və riskdən qorxmamaq cəhəti aktyorda "Yeddi oğul istərəm" filmindən başlayıb. O filmin çəkilişlərinə hazırlıq dövründə aktyorların hamısı iki gündən bir cıdıra gedib at sürməyi öyrənirmişlər.
Ə.Həsənov: "Cıdırın işçiləri ilə yaxşı münasibətlərimiz yarandığından bizə ata minməyin bir neçə fərqli, riskli üsulunu öyrətdilər. "Voltijirovka" (çaparaq gedən at üstündə edilən gimnastik məşqlər), "cigitovka" (at oynatma) məktəbini də sürətlənmiş şəkildə keçdik. Intəhası, sənət dostlarımdan daha cavan və daim idmanla məşğul olduğuma görə bu vərdişlər mənə daha çox "hopdu". 75-ci ildən bu kinostudiyadayam, elə o vaxtdan da idmanla məşğul oluram, aktyor həmişə formada olmalıdı, bir neçə idman növünə aid vərdişləri formalaşmalıdı - bunlar at çapmaqdı, üzgüçülükdü, güllə atmaqdı, ustalıqla maşın sürməkdi. Rayonlara ova, gəzməyə gedəndə də yerli camaat məəttəl qalırdılar ki, bu necə olur, sən şəhər oğlanı ola-ola bizdən yaxşı at çapırsan, bizdən yaxşı güllə atırsan? Bakıda "Silahlı və çox təhlükəlidi" filmi çəkiləndə mən "Azərbaycanfilm"in nümayəndəsi kimi çəkilişlərə cəlb olunmuşdum və köməkçilərimlə birgə aktyorların dublyoru kimi çəkilmişəm. Əksər filmlərdə kaskadyorluq funksiyasını tamamilə təmənnasız, dost kimi, həmkar kimi yerinə yetirmişəm".
"Kəpənək gəlib!"
Filmdə Mirzə Babayev, Fazil Salayev kimi improvizə "kralları"nın iştirakı müvafiq təzahürsüz ötüşə bilməz. Məsələn, Dərviş Məstəli Şahın şərti Paris şəhərini partlatmaq epizodu çəkiləndə barıtın partlaması, doğrudan da, qəfil və çox kəskin baş verib, amma aktyorlar bu epizodu ustalıqla improvizə ediblər ki, gözlənilməzlik effekti yersiz görünməyib. Mirzə Babayevlə bağlı daha bir məqamı həmsöhbətimizin öz dilindən təqdim edirik:
"Çəkilişlərarası istirahət günlərinin birində bizi - Mirzə Babayevi, Səfurə İbrahimovanı, bir də Möminat xanımla məni Şamaxının Nərimankənd adlı kəndinə qonaq aparmışdılar. Bir evin bağçasında bizim üçün süfrə açılmışdı. Kənd camaatı hasardan boylanıb bizə baxa-baxa Mirzə Babayevi görən kimi öz aralarında "Kəpənək gəlib!", "Odu, odu, Kəpənəkdi!" dediklərini eşitdik. Bunu görən Mirzə Babayev ayağa qalxıb "Kəpənək" mahnısını oxumağa başladı - bu dərəcədə sadə, səmimi insan və sənətkar idi. Ümumiyyətlə, yerli camaatın marağı çox böyük idi. Kütləvi səhnələrdə çəkilən adamlar da böyük həvəs və maraq nümayiş etdirirdilər. Baxmayaraq ki, çəkiliş prosesi çox əziyyətli keçir. Və kinonu sevməyən adam bu əziyyətə tab gətirə bilməz. Yəqin elə bu məhəbbətin nəticəsidir ki, film belə baxımlı alınıb. 3 rubl "massovka"ya verilirdi, 4 rubl "qruppovkaya, 5 manat da "epizodnik"ə. Natura çəkilişlərinin az hissəsi, Sergey Yurskinin - müsyö Jordanın Qarabağa gəldiyi vaxt qalanın yanından keçməsi və dağda bitkiləri toplaması epizodu Şuşada, qalan hissələr isə Şamaxıda, Mərdəkanda Murtuza Muxtarovun bağında, kinostudiyanın həyətində, pavilyonunda çəkilib. İlk çəkilişimiz Şamaxıda olmuşdu. Bədii Şuranın mənim oyunumu qiymətləndirdiyi epizod Şahbaz bəylə Şərəfnisə xanımın dialoqu idi. Çəkilişlər növbəli aparılırdı - bir epizod çəkilirdi, göndərilirdi Bakıya, orada baxıb yoxlayıb görəndən sonra ki, "brak" səhnə yoxdu, növbəti epizodun çəkilişinə icazə verilirdi.
"Ənvərdən muğayat olun..."
Adil İsgəndərov o şəxsiyyətlərdəndir ki, onunla ünsiyyətdə olmuş hər kəsin taleyində dərin, ən gözəl izlərdən birini buraxıb. Başqa sözlə, hər mənada adına layiq, ismini tam dolğunluğu ilə doğruldan sənətkar və pedaqoq. Onun haqqında yazdığım bir məqaləmi elə bu cür adlandırmışdım - "Adillik". Ənvər Həsənov da Adil İsgəndərov adilliyindən bəhrələnmiş xoşbəxtlərdəndi.
Ə.Həsənov: "Adil müəllimin kinostudiyanın nəzdində yaratdığı kinoaktyor studiyasında onun tələbəsi olmaq böyük şans və şərəf idi. Mən heç inanmazdım ki, böyük bir seçim şəraitində mən də o studiyanın tələbəsi olacam. O studiyanın iş üslubu elə qurulmuşdu ki, biz tələbələr kinonun hər bir tərəfini həm nəzəri, həm də əyani şəkildə öyrənə bilirdik. Mən fəxr edirəm ki, Adil müəllimlə bir filmdə çəkilən ilk tələbələrindən olmuşam, özü də düz üç filmdə - "Dərviş Parisi partladır", Hüseyn Seyidzadənin çəkdiyi "Qatır Məmməd", orda Adil müəllim qubernator, mən isə onun yavəri rolunda çəkilmişdik, bu filmin çəkilişləri yarımçıq dayandırılıb quruluşçu rejissor kimi Rasim Ocaqova verildi, həmin vaxtda isə mənim artıq əsgərlik vaxtım çatdı. Əsgərlikdən qayıdandan sonra "Arxadan vurulan zərbə". Adil müəllimlə tərəf-müqabili olmaq böyük məktəb və böyük xoşbəxtlik idi. Özü də həmişə gözü mənim üstümdə idi, hətta ümumi dost-tanışlarımıza da tapşırırdı ki, Ənvərdən muğayat olun, o, özünü kinoya qurban verəcək qədər bu sahəni sevən insandı. Məhz Adil müəllimin belə ustad qayğısı, istiqamətləndirmə bacarığı sayəsində 51 ildi kinostudiyada çalışıram və bu illər ərzində 50 filmə çəkilmişəm, rejissor assistenti olmuşam. Ustadımın fotoportretini də gördüyünüz kimi üzbəüz divardan asmışam ki, mənim gözlərim ona, onun da gözləri mənə baxsın.
Sergey Yurskiyə Azərbaycan dilini kim öyrədirdi?
Rusiyanın iki möhtəşəm mədəniyyət mərkəzinin - Sankt-Peterburq və Moskvanın teatr aləminin ən sanballı nümayəndələrindən biri, aktyor, teatr və kino rejissoru, ssenari müəllifi Sergey Yurski bu filmdə çəkilmək səbəbində ilk dəfə imiş ki Azərbaycana səfər edirmiş. Və birdən-birə klassik əsərin ekranlaşdırması ilə məşğul olan mükəmməl yaradıcı heyətin üzvünə çevrilib. Müsyö Jordan roluna başqa namizədlər də olsa da, Yurski "On iki stul" filmində çəkiləndən sonra rejissorların daha çox diqqət mərkəzində imiş.
Ə.Həsənov: "Sergey Yurski keçmiş SSRİ-nin ən tanınmış teatr və kino aktyorlarından biri olmasına baxmayaraq, qətiyyən "ulduz" xəstəliyinə tutulub çəkiliş meydançasında şıltaqlıqlar edən aktyorlardan deyil. Çox mülayim, sakit adamdı. Özünü "çəkmirdi", fasilələrdə ayrı gəzib-dolanmırdı - kamera qarşısında tərəf-müqabili olduğumuz məqamlarda olduğu çəkilişlərdən kənar vaxtlarda Turabovun, mənim yanımda olurdu. Azərbaycan kəlmələrini fransız ləhcəsiylə işlətməyi ona Həsənağa Turabov öyrədirdi. Ona görə Yurski özü-özünün rolunu səsləndirdi, Turabov isə səs rejissorluğunu elədi. (gülərək) Bir dəfə pavilyonda bir epizodun çəkilişində mən ssenaridən kənar fransızca nəsə dedim, o da oyunu davam etdirib heyrətini bildirərək "ba, siz fransızca da bilirsiz" dedi. Milli yeməklərimizə vurulmuşdu. Çox gözəl təəssüratla ayrıldı bizdən.
Samirə Behbudqızı
Milli.Az












