Ötən gün Əfqanıstanda baş verən qəzada həyatını itirən 5 azərbaycanlıdan biri də Zülfiyev Azər Ağakişi oğludur. ANS PRESS-in məlumatına görə, Azər 1973-cü ildə doğulub. Bort operatorun iki övladı var. Uşaqları məktəbli olan Azər uzun illərdir ki, aviasiyada çalışıb. O, Milli Aviasiya Akademiyasında təhsil alıb.
Yaxınları, qonşuları, qohumları, bir sözlə, Azəri tanıyan hər kəs onun həyatdan belə tez köçməsinə inana bilmirlər. Yaxınları deyir ki, biz onun meyitini görməyincə, onun öldüyünü ağlımıza belə gətirmirik. Əfsuslar olsun ki, qəzadan 24 saatdan çox vaxt keçməsinə baxmayaraq təyyarədə olan insanlar haqda heç bir rəsmi məlumatın olmadığına görə, bu acı xəbəri Azərin ailəsinə ANS PRESS redaksiyası verməli oldu...Azərin əmisi eşitdiyinə inana bilmirdi.

Təyyarə qəzası ilə bağlı rəsmi açıqlama: 7 ölü
"Xəbəri eşitdikdən sonra uzun müddət özümüzə gələ bilmədik. Sadəcə inana bilmirik ki, belə gənc, güclü, gələcəyə ümidlə baxan bir insan həyatdan gedə bilər. Bu, bizə çox təəssüfedici və ədalətsiz görünür...".
Azər Zülfiyev çox istiqanlı və ünsiyyətcil biri olub. Bunu onunla uzun müddət dostluq edən yoldaşları deyir. Onun, demək olar ki, hər sahədən tanışı olub. Mədəniyyət sahəsini çox sevən və özü də mədəni olan Azər tez-tez bu sahənin nümayəndələri ilə də görüşüb.
Həm qonşusu, həm də yaxın dostu olan aktyor Allahverdi Yolçuyev həyatdan, ailəsindən doymayan və dünyanı nakam tərk edən Azər barəsində danışmağa çətinlik çəkdi: "Azəri də, atası Ağakişini də çoxdan tanıyıram. Çox sakit, mədəni ailədirlər. Azərlə də tez-tez görüşürdük. Həmişə də ona deyirdim ki, sən bu qədər uçuş həyata keçirirsən, səndən nigaran qalıram. Bu da son..."
Mərhumla uzun illər dostluq edən məşhur prodüser Ataş Hüseyn deyir ki, səhər onun ölüm xəbərini eşidib hələ də özünə gələ bilmir. "Azər o qədər yaxşı insan idi. Çox ürəyi açıq, çox təmiz, saf... İndi onun haqqında ölən biri kimi danışmaq belə istəmirəm. Sonuncu dəfə 4 gün əvvəl görüşüb, kafelərin birində çay içmişdik. Əfqanıstana uçaçağını demişdi. Bu, onun işi idi. Dünyanın bütün ölkələrində olmuşdu...".

Dünyanın bütün ölkələrini gəzən, indi isə dünyanın görünməyən tərəfinə həmişəlik səyahət edən Azər Zülfiyevin iki oğlu qalıb. İndi bu oğlanlar atalarının ölümündən sonra daha möhkəm olmalı və ləyaqətli böyüməlidirlər.

Ötən gün Əfqanıstanda Azərbayana məxsus təyyarə qəzaya uğrayıb. AN-12 tipli təyyarədə yalnız ekipaj üzvləri olub. Ümumi sayı 9 olan ekipaj üzvlərindən 7-si həlak olub, ikisi isə sağ qalıb.
Həlak olanlardan Azərbaycan vətəndaşı, iki nəfərin isə Ukrayna vətəndaşları olduğu deyilir. Azərbaycanın "Silk Way" şirkətinə məxsus təyyarə Əfqanıstanın Helmand çayı yaxınlığında Laşkar Gah şəhərində yerləşən "Dwyer" hərbi hava limanınahavaya qalxıb. Burada ABŞ-ın hərbi dəniz qüvvələri bazası yerləşir. Məlumata görə, təyyarə yüksəklik yığdıqdan sonra mühərrikindəki nasazlığa görə enməyə başlayıb və qəzaya uğrayıb.
Təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülüb. Dvayerə Baqrandan (Əfqanıstan) gələn təyyarə yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşüb. Təyyarənin göyərtəsində yük olmayıb.
Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvü isə bunlardır:
1. Şaydanov Rəşid Rəhmanoviç (Özbəkistan vətəndaşı), hava gəmisinin kapitanı, 1953-cü il təvəllüdlü
2. Abdullayev Altay Oqtay oğlu (Azərbaycan vətəndaşı), ikinci pilot, 1971-ci il təvəllüdlü
3. Əsədullayev Nazim Orucəli oğlu (Azərbaycan vətəndaşı), şturman, 1968-ci il təvəllüdlü
4. Rzayev Nadir Adıgözəl oğlu (Azərbaycan vətəndaşı), bortmühəndis, 1964-cü il təvəllüdlü
5. Şahverdiyev Firdovsi Şir oğlu (Azərbaycan vətəndaşı), radio-operator, 1964-cü il təvəllüdlü
6. Zülfiyev Azər Ağakişi oğlu (Azərbaycan vətəndaşı), bort operatoru, 1973-cü il təvəllüdlü
7. Zadnipryanets Ruslan Vladimiroviç (Ukrayna vətəndaşı), texnik, 1969-cu il təvəllüdlü
8.Qanja Andrey Nikolaeviç (Ukrayna vətəndaşı), texnik, 1955-ci il təvəllüdlü
9. Əliyev Rəmzi Mamudoviç (Ukrayna vətəndaşı), texnik, 1963-cü il təvəllüdlü