Bakı, 24 fevral, AzərTAc
2014-cü ilin mart ayında yoxa çıxmış Malaysia Airlines kompaniyasına aid Boeing-777 təyyarəsi istiqamətini bilərəkdən dəyişib. Aviasiya ekspertləri təyyarənin Antarktida istiqamətində uça biləcəyini güman edirlər.
AzərTAc Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, ekspertlərin məlumatına əsasən, itən təyyarə onunla əlaqə kəsildikdən sonra da bir neçə saat havada olub və bu müddət ərzində istiqamətini bir neçə dəfə dəyişib. Nəticədə layner qərbə, daha sonra isə cənuba, Antarktidaya istiqamətlənib. Ekspert Malkolm Brennerin sözlərinə görə bu cür manevrlər kiminsə təyyarəni öz istiqamətindən bilərəkdən yayındırdığı qənaətinə gəlməyə əsas verir.
Qeyd edək ki, 2014-cü il martın 8-də Kuala-Lumpurdan Pekinə uçan Malaysia Airlines kompaniyasına məxsus Boeing-777 təyyarəsi ilə əlaqə qəflətən kəsilmişdi.
Ötən müddət ərzində təyyarənin yoxa çıxması ilə bağlı bir çox fərziyyələr səsləndirilib. Ehtimallardan birinə görə, layner terrorçular tərəfindən ələ keçirilib və bu işdə guya Malayziya hökumətinə narazılığını aşkar büruzə verən təyyarə kapitanının da əli də var. Digər bir versiyaya görə isə təyyarə ya partlayış, ya da texniki nasazlıq səbəbindən elə havadaca parçalanıb.
Bununla belə, hadisədən az qala bir il keçməsinə baxmayaraq, nə təyyarə, nə də onun 227 sərnişini və 12 ekipaj üzvü barədə hələ ki, heç bir dəqiq məlumat yoxdur.