Malayziyanın "Malaysia Airlines" aviaşirkəti Boeing 777 avialaynerinin Ukrayna səmasında vurulması nəticəsində həlak olmuş sərnişinlərin ailə üzvlərinin əksəriyyəti ilə kompensasiyalarla bağlı razılığa gəlib.
Milli.Az Reuters-ə istinadən bildirir ki, bununla bağlı rəsmi açıqlama hələ verilməyib. Səbəb tərəflərin razılaşmaya konfidensial şəkildə gəlmələridir.
Təyyarənin vurulması nəticəsində həlak olmuş hər sərnişinin ailəsinə və ya qohumlarına 130 min avro məbləğində kompensasiya ödənəcək.
Hollandiya prokurorluğu təyyarənin vurulması ilə bağlı apardığı araşdırmanın nəticələri ilə bağlı bir qədər əvvəl hesabat yayıb.
Malayziyanın "Malaysia Airlines" aviaşirkətinin Amsterdamdan Kuala-Lumpura MH17 reysi ilə uçan Boeing 777 təyyarəsi 2014-cü ilin iyulun 17-də Ukraynanın şərqindəki Donetsk vilayətinin səmasında vurulmuşdu.
Bu məşum terakt nəticəsində təyyarənin 283 sərnişini və 15 heyət üzvü həlak olublar.
Dünən həmin olay Ukraynada anılıb.
Milli.Az










