"İki il əvvəl radarlardan itərək yoxa çıxan "Malaysia Airlines" aviaşirkətinə məxsus "Boeing 777-200" (reys MH370) təyyarəsi Hind okeanına yüksək sürətlə düşüb və bu, qəza zamanı təyyarənin pilot tərəfindən idarə olunmadığını deməyə əsas verir.
Milli.Az report-a istinadən bildirir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyinin təhlilində deyilir.
Uçuşunun son dəqiqələrində laynerin ötürdüyü siqnallara əsasən təyyarə çox böyük - dəqiqədə 20 min fut (6096 metr) sürətlə aşağı düşüb.
Ekspertlər belə qənaətə gəliblər ki, qəza təyyarənin yanacağı qurtardıqdan və iki mühərrikinin - əvvəlcə sol, 15 dəqiqə sonra isə sağ - yanmasından sonra baş verib.
Avstraliya Nəqliyyatda Təhlükəsizlik İdarəsinin nümayəndəsi Qreq Hud bildirib ki, təhlillər təyyarənin pilot olmadan qəzaya uğradığını göstərir.
Xatırladaq ki, MH370 reysi üzrə Kuala-Lumpurdan Pekinə uçan "Boeing" 2014-cü il mart ayının 8-nə keçən gecə radarlardan itmişdi. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvü var idi.
Milli.Az