"Neftçi"də 3 yeni legioner - ADLAR

"Neftçi"də 3 yeni legioner -   ADLAR
12:47 7 Oktyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"yə ölkə xaricindən 3 futbolçu gəlir. Fanat.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, artıq onların kimliyi müəyyənləşib.

Bunlardan biri latviyalı Aleksandr Fertovdu. 29 yaşlı futbolçu ölkəsində "Olimp", "Skonto", Ukraynada "Sevastopol" klublarında çıxış edib. Fertov ötən mövsüm isə Polşanın "Korona" klubunda oynayıb. Hazırda sərbəst futbolçu olan Fertov 2009-cu ildən çağırıldığı Latviya millisində 35 oyuna çıxıb. Ancaq onun millidə çıxış etməsindən təxminən 1 il ötür. Belə ki, Aleksandr sonuncu dəfə ötən ilin oktyabrın 13-də Qazaxıstan millisi ilə görüşə yığmadan dəvət alıb.

Aleksandr Fertov Latviyada "Pişik" ləqəbi ilə tanınır. Fertov "Skonto" ilə 2010-cu ildə Latviya çempionu olub, 2 il sonra isə bu komanda ilə ölkə kubokunu qazanıb. Yarımmüdafiəçi olan futbolçu sağ cinah və mərkəzdə oynaya bilir. Lakin onun əsas ampluası dayaq yarımmüdafiəsidir. O, "Neftçi"yə baxışa gələcək.

"Neftçi"yə baxışa gələcək oyunçulardan biri monteneqrolu qapıçı Boban Baykoviçdən gedir. 31 yaşlı qapıçını milliyətcə serb də adlandırmaq olar. Çünki bu futbolçu Monteneqroda doğulduğu Tsetinye şəhərinin "Lovçen" klubundan başqa, daha çox qonşu Serbiyada çıxış edib. O, "Srvena Zvezda"da çıxış etdiyi 10 il ərzində 100 matça çıxıb. Lakin bu 10 il ərzində Baykoviç "Yedinstvo", "Radniçki", "Rad", "Smederevo" və "Srem" klublarında icarə əsasında da oynayıb.

Onun sonuncu klubu Belçikada "Lyers" olub. Soyadına görə "Bayko" ləqəbi ilə tanınan qapıçı "Lyers"də 2014/15 mövsümündə kobud səhvləri ilə yadda qalıb. Nəticədə komandası aşağı dəstəyə düşüb, özü isə 1 ildən çoxdur ki, klubsuz qalıb. Çünki "Srvena Zvezda"da və "Lyers"in "Şarlerua"ya 0:6 hesab ilə uduzduğu oyun zamanı bu qapıçı elə səhvlər buraxıb ki, heç bir klub ona yaxın durmaq istəməyib. Ölkəsində "Srvena Zvezda" ilə 1 çempionluq və 2 ölkə kubokunu qazansa da, bu qapıçı daha çox bədənindəki tatuları və səhvləri ilə tanınıb.

1 ildir futbolsuz qalan, Monteneqro xalq müğənnisi Qoqa Sekuliçin "Katastrofa" klipində rol almış ("Roman Qarsiya" rolunda - red.) katastrofik qapıçı Baykonun "Neftçi"yə xeyir verəcəyi bu üzdən heç inandırıcı görünmür. Biz sizə onun səhvini əks etdirən cəmi 3 videosunu və klipini təqdim edirik. Yəqin ki bu videolara baxdıqdan sonra siz də bu qənaətə gələcəksiniz. Özünüz görəcəksiniz ki, Boban Baykoviç "Neftçi"nin əvvəlki slovakiyalı qapıçısı Mixal Peşkoviç və indiki xorvatiyalı qolkiperi Krşevan Santinidən müsbət mənada heç nəyi ilə fərqlənmir, əksinə onlara "rəhmət" oxutduracaq qapıçıdır...

"Neftçi"yə qoşulacaq üçüncü futbolçu braziliyalı Jonas Enrike Pessallidi. İtalyan mənşəli bu futbolçu qısaca Pessalli kimi də tanınır. 26 yaşlı yarımmüdafiəçi ölkəsində "Qremio" və "Qremio Barueri" klublarında çıxış edib. Bundan sonra 2013-cü ildə onun Fransada legioner karyerası başlayıb. Belə ki, o, "Anjer"də oynayıb. Ötən mövsümün son 6 ayını isə Fransanın aşağı dəstə təmsilçisi "Lüson"da icarə əsasında keçirib. O bu klubda 14 oyuna 4 qol vura bilib.

Pessalli yarımmüdafiədə sol, sağ cinahlarda, eləcə də mərkəzdə çıxış etmək qabiliyyətinə malikdir. Lakin onun əsas mövqeyi sağ cinahdır.

Bu futbolçu yuxarıda adını çəkdiyimiz 2 futbolçudan daha səviyyəli olduğu üçün birbaşa müqavilə bağlamaq istəyir. Lakin "Neftçi" tərəfi əvvəllər transferlərdə edilən səhvləri təkrarlamamaq üçün bu futbolçunu da baxışdan keçirmək istəyir.

Onu da qeyd edək ki, Pessalli artıq Bakıdadır.

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquotd-3-yeni-legioner-t53147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR