Kraldan “Ərəb baharı” taktikası

Kraldan “Ərəb baharı” taktikası
14:53 2 Noyabr 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

Mərakeş hakimiyyəti balıqçı Möhsün Fikrinin ölümü ilə əlaqədar başlanan cinayət işi üzrə həbslər seriyası həyata keçirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, iş üzrə 11 nəfər həbs olunub.

Onların arasında iki polis və hadisənin baş verdiyi əl-Hüseymi şəhərinin sanitar idarəsinin iki əməkdaşı da var.

Hadisə oktyabrın 28-də baş verib. Yerli hakimiyyət nümayəndələri Möhsün Fikrinin qanunsuz ticarətlə məşğul olduğunu bildirərək ovladığı balıqları zibil maşınına atmağa başlayıblar. Öz malını xilas etməyə çalışan balıqçı zibildaşıyanın təkərləri altına düşüb və ciddi zədələr alaraq hadisə yerində ölüb.

Balıqçının faciəvi ölümünün kadrları Mərakeşdə bomba effekti yaradıb. Minlərlə insan Kasablanka, Rabat, Marrakeş, Tatuan, əl-Hüseymi və digər şəhərlərdə keçirilən etiraz aksiyalarına qatılıb. Onların yalnız faciədə birbaşa iştirak etmiş məmurları deyil, həm də bütövlükdə siyasi sistemi günahlandırırlar. Onların fikrincə, baş verənlərin əsas səbəbi laqeydlik, korrupsiya və yerli hakimiyyətin özbaşınalığıdır.

“Mühsün öldürülüb, Mahzen günahkardır!" – aksiya iştirakçılarının daşıdıqları plakatlar da bundan xəbər verir. “Mahzen” Mərakeşdə tez-tez istifadə edilir və kral saraylarından biri ilə eyniləşdirilir. Yerli sakinlərin sözlərinə görə, Mərakeşdə “Ərəb baharı”nın başlandığı 2011-ci ildə belə bu qədər genişmiqyaslı aksiyalar keçirilməyib.

2011-ci ildə Mərakeş kralı VI Məhəmməd öz səlahiyyətlərinin bir hissəsini hökumətə verməklə etiraz aksiyalarını sakitləşdirməyi bacardı. Gözlənilir ki, kral indiki vəziyyətdə də sakitləşdirici metodlardan istifadə edəcək. Kralın özü hazırda Afrika ölkələrində səfərdədir. Ancaq o, daxili işlər nazirinə balıqçının ailəsinə baş çəkməyi əmr edib, həmçinin mərhumun qohumlarına başsağlığı göndərib. Bunun kifayət edib-etməyəcəyi isə yaxın vaxtlarda məlum olacaq.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR