Azərbaycanda partiya sədrinin Klinton üçün Allaha duası – NAKAM SEVGİ

Azərbaycanda partiya sədrinin Klinton üçün Allaha duası – NAKAM SEVGİ
14:28 8 Noyabr 2016
151 Ölkə
Ölkə mətbuatı
A- A+

“Dualarımız xanım Klintonun qələbəsi üçündür”.

Bu sözlər hansısa amerikalı seçiciyə məxsus deyil. Yaxın Şərqdə, yaxud Afrikada sadəlövhcəsinə “Amerika demokratiyası”na inanan hansısa insan da Klinton üçün Allaha əl açaraq dua etmir. Klintonun qələbəsi üçün Allaha dua edən, nə qədər qəribə görünsə də, Müsavat Partiyasının sədri Arif Hacılıdır.

Publika.az xəbər verir ki, A.Hacılı sosial şəbəkə hesabında Amerika seçkilərinə özünəməxsus formada münasibət bildirib.

“Bu ölkədəki seçkilərdə kimin qalib gəlməsi adətən bizim üçün xüsusi əhəmiyyət kəsb etməyib. Prezidentin şəxsi iradəsi ilə deyil, oturuşmuş ənənələr, Konstitusiya və qanunlar, kollegial qəbul edilmiş doktrinalar əsasında idarə olunan bu ölkənin daxili və xarici siyasətində seçkilərdən sonra sürpriz dəyişikliklər baş vermirdi. Donald Trampın gözlənilməzliyi, dini, milli ayrı-seçkilik məzmunlu açıqlamaları, müsəlmanlara, qadınlara, miqrantlara, latın amerikalılara münasibəti bu prezident seçkilərini 1945-ci ildən sonra ABŞ da keçirilən bütün seçkilərdən fərqləndirdi. Trampın Putin rejiminə açıq dəstək verməsi isə onun seçiləcəyi təqdirdə bütün dünyada demokratiya və avtoritarizm arasındakı mübarizədə qüvvələr nisbətinin ikincilərin xeyrinə dəyişəcəyindən xəbər verir. D.Trampın apardığı seçki kampaniyası bizim də ABŞ da keçirilən seçkilərə yanaşmamızı dəyişdirdi. Biz bu seçkilərdə Demokratlar Partiyasının namizədinin qalib gəlməsini istəyirik. Dualarımız xanım Klintonun qələbəsi üçündür”, - deyə partiya sədri bildirib.

Azərbaycanda partiya sədrinin Klintona bu sayaq dualar həsr etməsi keçmişi, xüsusilə iki tarixi dövrü yenidən gündəmə gətirir.

2010-ci ilin aprel ayı: Həmin vaxt Hillari Klinton Obama Administrasiyasında Dövlət katibi postunda idi. Xanım Klintonun Dövlət katibi olaraq Cənubi Qafqaza səfəri zamanı Azərbaycan müxalifətinin görüş arzuları kifayət qədər qabarmışdı. Əvvəlcə Ermənistana və Gürcüstana səfər edən Hillari bu ölkələrdə hökumət rəsmiləri ilə yanaşı, müxalifət nümayəndələri ilə də geniş tərkibdə görüş keçirmiş, onları dinləmişdi. Məntiqi ardıcıllıqla xanım Klinton Bakıda da eyni addımı atmalı, müxalifəti qəbul etməli idi. Lakin bu, baş tutmadı və Amerika xarici siyasətinə rəhbərlik edən xanım Azərbaycanda rəsmi şəxslərlə görüşünü başa çatdırandan sonra, müxalifətlə görüşə yox, birbaşa hava limanına getdi. O, Amerikaya uçurdu, bu, həm də müxalifətin görüş arzularının uçması demək idi.

Həmin vaxt İsa Qəmbər başqanlıq postundan getməmişdi, Müsavat AXCP ilə eyni yeyib, eyni içirdi, Müsavatın qalmaqallı qurultayı olmamışdı, Hacılı da başqan yox, partiyanın icra aparatının rəhbəri idi. Müsavat və AXCP İctimai Palata adlı təşkilatda bir sıra müxalifət partiyalarını ətraflarına toplamış, Əli Kərimli və İsa Qəmbər çiyin-çiyinə addımlayırdı.

Gözlənilənlərin əksinə olaraq, Hillari Klinton ilk səfərində onların heç birini qəbul etmədi. Lakin müxalifət Amerikaya qarşı çıxmır və səbir edirdi.

İkinci səfər təxminən iki il sonra reallaşdı.

2012-ci ilin iyun ayı: xanım Klinton yenə eyni marşrutla Cənubi Qafqaza səfərə çıxdı. Yenə Ermənistana və Gürcüstana getdi, yenə bu ölkələrin müxalifət liderləri ilə görüşlər keçirdi, yenə Bakıya gəldi və yenə Azərbaycan müxalifətinin arzularını gözündə qoydu. Müxalifətin bütün hazırlıqlarına baxmayaraq, arzular gerçəkləşmədi.

Müxalifətə ən çox yer edən məqamlardan biri isə Hillari Klintonun “illərin siyasətçilərini” qoyub, gənc fəal Bəxtiyar Hacıyevlə görüşməsi idi. Bu, ABŞ Dövlət katibinin müxalifəti ciddi qəbul etmədiyinin göstəricisi hesab oluna bilərdi.

Artıq müxalifətin səbri daşmışdı və İctimai Palataya yaxın mediada Amerikaya qarşı yumşaq hücumlar başlandı. Xüsusilə ABŞ-Azərbaycan münasibətləri haqda müzakirələr aparılır, Amerikanın Azərbaycana “lazım olub-olmadığı” məsələsi üzərində baş sındırırdılar. Buna paralel olaraq, Hillarinin onlarla görüşməməsini ABŞ-Azərbaycan münasibətlərində böyük yanlış olaraq təqdim etdilər.

Həmin vaxtdan 4 il keçib. Artıq İctimai Palata qalmayıb. AXCP-Müsavat ittifaqı Milli Şurada da baş tutmadı. İki il öncə İsa Qəmbər illərlə əyləşdiyi postundan getdi, Arif Hacılı başqanlıq postunu sələfi tərəfindən təqdim olunan “qızıl məcməyi”də qəbul etdi. Zaman dəyişib, bu baxımdan, siyasətin də dəyişdiyini deyə bilərik. Lakin Klintonun Azərbaycan müxalifətinə münasibətinin dəyişib-dəyişmədiyini demək çətindir, hər-halda bu, müəmmalı olaraq qalır. Buna rəğmən, Arif Hacılının əllərini Allaha açaraq, Hillarinin qələbəsi üçün dualar etməsi qəribə göründüyü qədər, başadüşüləndir. Görünür, müxalifət hələ də baş tutmayan görüşün həsrətini çəkir. Allaha edilən dualar artıq bunun siyasətdən daha çox “nakam sevgi” ola biləcəyi ehtimalını artırır.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/175185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR