YARAT Kolumbiya və Azərbaycan rəssamlarının sərgisini təqdim edir - FOTO

YARAT Kolumbiya və Azərbaycan rəssamlarının sərgisini təqdim edir - FOTO
15:22 8 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

YARAT Müasir İncəsənət Məkanı noyabrın 11-də Azərbaycan rəssamı Faiq Əhmədin "N. var, odur" və kolumbiyalı rəssam Oskar Murillonun "DIS PLACE" adlı fərdi sərgilərini keçirəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, Faiq Əhmədin sərgisində ənənəvi Azərbaycan icmalarında gender münasibətləri və sosial strukturları araşdıran 6 yeni monumental əsər nümayiş etdiriləcək.

Faiq Əhməd Azərbaycanın ənənəvi xalçaçılıq sənətinə söykənən və köklü transformasiyalar edən toxunma əsərləri ilə tanınır. O, paytaxt Bakıdan kənarda yaşayan azərbaycanlıların sosial mühitinin araşdırılmasından qaynaqlanan yeni silsilə əsərlər yaratmağa başlayıb.

Sərginin adı (NƏ VAR, ODUR), təmkinlik hissini, keçmişdə uzun illər hər şeyin "necə var, elə" qəbul edilməsinə yanaşmanı vurğulayan qədim Azərbaycan kəlamından götürülüb. Bu, həyatla razılaşmağı və barışmağı ifadə edən mental durumdur.

Rəssamın ayrı-ayrı region səfərlərində apardığı müsahibə və söhbətlər, yeni əsərlərinə özünəməxsus sətiraltı şərhlərdir və həmin əsərlərdə ənənəvi Azərbaycan cəmiyyətinə xas olan rəmzi jestlər, ayinlər və inanc obyektlərin ab-havası duyulur. Faiqin əsərləri - yox olan mədəniyyət normalarının dərk edilməsi istiqamətində qətiyyətli çağırışdır. Həmin əsərlər büsbütün qəm-qüssədən azad olmaqla yanaşı, Asiya və Avropanın, Şərq və Qərbin kəsişmələrində yer alan adət-ənənələri "Şərq təcrübələri" kimi qələmə verir. Bu isə seksuallıq və ölüm ilə ənənəvi münasibətləri araşdıran, sosial qadağalara və fərdi travmalara ünvanlanan yeni heykəllər, filmlər, rəsmlər və toxunma əsərləri silsiləsi ilə nəticələnir.

Faiq Əhməd 1982-ci ildə Sumqayıtda anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Heykəltəraşlıq" fakültəsini bitirib. 2007-ci ildə Azərbaycanı Venesiya Biennalesində ilk milli pavilyonda təmsil edib və 2013-cü ildə "Love Me, Love Me Not" ("Sevir - Sevmir") sərgisində iştirak edib. Faiq Əhməd öz əsərlərini dünyanın bir çox yerində, o cümlədən Nyu-York, Paris, London, Berlin, Dubay, Moskva və BƏƏ-də keçirilən bir sıra qrup və fərdi sərgilərdə nümayiş etdirib.

2013-cü ildə rəssam Londonun tanınmış Viktoriya və Albert Muzeyinin "Jameel Prize 3" mükafatına layiq görülüb. Faiq Əhımədin əsərləri Los-Anceles Dairəsi İncəsənət Muzeyində və Sietl İncəsənət Muzeyi, Palm Springs İncəsənət Muzeyinin ictimai kolleksiyalarında, həmçinin Qərb Kolleksiyası (Filadelfiya), Bet Rudin De Vudi kolleksiyası (Nyu-York) Galila's kolleksiyası (Brüssel), Ranza kolleksiyası (Roma), Jameel Fondu (London) və Zati-aliləri Şeyx Zayed bin Sultan Xəlifə Əl-Nahyanın (BƏƏ) şəxsi kolleksiyalarında saxlanılır. Təkcə bu il Faiq Əhmədin əsərləri Boston Təsviri Sənət Muzeyi, Belvyu İncəsənət Muzeyi, Klivlend Müasir İncəsənət Muzeyi, Miluoki Rəssamlıq və Dizayn İnstitutu, Sidney Tətbiqi İncəsənət və Elmlər Muzeyi və Hobart şəhərində (Tasmaniya, Avstraliya) yerləşən Qədim və Müasir İncəsənət Muzeyində (MONA) nümayiş etdirilib. Faiq Əhməd Bakıda yaşayır və fəaliyyət göstərir.

Digər sərgiyə gəlincə, parça, rəsm, heykəl və video əsərləri ilə yanaşı, yenicə işıq üzü görmüş silsilə əsərlərin daxil olduğu bu sərgi, kolumbiyalı rəssamın spesifik coğrafi kontekst çərçivəsində istehsal strukturlarını əhatə edən geniş konseptual dialoqların araşdırılması vasitələri qismində müxtəlif materiallara bağlılığını davam etdirir. Sərgidə nümayiş etdirilən elementlərin əksəriyyəti, rəssamın hazırkı sərginin astanasında Azərbaycanda ayrı-ayrı şəxslər və icmalar ilə gözlənilməz görüşləri nəticəsində yaradılıb.

Rəssamın Azərbaycanın qədim şəhərlərindən, Qafqazın ətəyində yerləşən, tarixi İpək Yolunun üzərində ən vacib məntəqələrdən biri Şəkidə ipək parça istehsalı kombinatının (Şəki İpək Kombinatı) bacarıqlı işçilərindən ibarət icması ilə əməkdaşlığı sərginin başlıca aspektini təşkil edir.

Oskar Murillo, regionda hələ də istifadə edilən və Şəkinin məşhur Xan Sarayında rast gəlinən, orta əsrlərin naxışlı şüşə şəbəkə texnikası üzərində geniş miqyaslı əsərlər silsiləsini yaratmaq üçün, yerli peşəkar sənətçilər ilə də yaxından əməkdaşlıq edib. Rəssam, zərif şüşə materialını, kombinatın həyətindən tapdığı metal tullantılarının qırıntıları ilə əvəz etməklə, orijinal estetika ilə "oynayır" və poetik şərq dizaynına "siyasi ölçülər" də əlavə edir.

Murillo özünün və digər xalqların mədəni irsinə müraciət etməklə, müntəzəm olaraq cəmiyyət və miqrasiya problemlərini araşdırır. Şəki İpək Kombinatının heyəti və şəhər icması nümayəndələri ilə apardığı müzakirələrin və əməkdaşlığın məntiqi nəticəsi olaraq, rəssamın seçdiyi materiallarda özünü büruzə verir və kombinatın istehsal məkanı kimi yenidən canlanmasında imkan yaradır.

Sərgilərin keçirilmə məkanı: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanının yaxınlığı, Bayıl, AZ1003)

Keçirilmə tarixləri: 11 noyabr 2016 - 29 yanvar 2017 Sərginin iş rejimi: Çərşənbə axşamı - Bazar, 11:00 - 20:00. Giriş sərbəstdir.

YARAT haqqında

YARAT Müasir İncəsənət Məkanı Azərbaycanın paytaxtı Bakıda yerləşir. Bu qeyri-kommersiya təşkilatı Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis edilib. YARAT ölkəmizdə müasir incəsənətin dəstəklənməsi və geniş ictimaiyyət tərəfindən dərk olunması məqsədi ilə fəaliyyət göstərir, Azərbaycan incəsənətinin respublika daxilində və beynəlxalq aləmdə təbliğ olunması ilə məşğuldur. YARAT (azərbaycanca "yaratmaq" sözünün mənasında) tərəfindən indiyə qədər, əksəriyyəti Bakıda təşkil olunaraq, 200-dən artıq layihə həyata keçirilib.

YARAT Müasir İncəsənət Mərkəzi, ARTIM Layihə Məkanı, YAY Qalereyası və YARAT Emalatxanaları YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir.

YARAT-ın daimi sərgiləmə məkanı YARAT Müasir İncəsənət Mərkəzi 2015-ci ilin mart ayında fəaliyyətə başladı. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni 2000m2 ərazisi olan mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Burada müvəqqəti sərgilərlə yanaşı, YARAT-a məxsus daimi kolleksiyanın əsərlərini təqdim edən sərgi də nümayiş etdirilir. Daimi kolleksiya Qafqaz, Orta Asiya və qonşu ölkələri təmsil edən görkəmli sənətkarların əsərlərindən ibarətdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/487491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR