Bu günlərdə 171 saylı məktəbin direktoru Telman Qardaşovun dünyasını dəyişməsi xəbəri mətbuatda ciddi müzakirəyə çevrildi. Direktorunun ölümünü müzakirəyə çevirən səbəb isə bir müddət əvvəl adıçəkilən təhsil ocağında ATV telekanalında yayımlanan “Yoxlama” verilişinin çəkiliş aparması idi. Həmin çəkiliş zamanı məktəbdə gərgin anlar yaşanmış, hələ veriliş efirə verilməzdən əvvəl məktəb rəhbərliyi və kollektivi çəkiliş qrupu ilə bağlı mətbuata məktub da ünvanlamışdı.
İndi Telman Qardaşovun ailəsi iddia edir ki, onun səhhətindəki problemlər məhz həmin çəkilişdən sonra yaranıb.
Bəs jurnalist müsahibə aldığı şəxslərin səhhətində sonradan baş verən dəyişiklik, ölüm halına görə ittiham edilə bilərmi?
Müzakirəni təkcə “Yoxlama” verilişi üzərində qurmadan, ölkənin aparıcı media rəhbərləri və jurnalistlərindən suala cavab tapmağa çalışdıq.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Elçin Şıxlı: “Jurnalistin işinin nəticəsində kiminsə xəstələnməsini, dünyasını dəyişməsini iddia etmək çətin məsələdir. Ola bilər ki, jurnalistin, çəkiliş qrupunun məktəbə getməsi son damla olub. Onsuz da həyatımız stresslə doludur və hər hansı təkanverici məqam belə bir nəticəyə gətirib çıxarır. Dünyasını dəyişən direktoru tanımıram deyə, fikir yürüdə bilmərəm. Ailənin vəziyyəti də başa düşüləndir, ürəklərini soyutmaq üçün günahkar axtaracaqlar. Ancaq heç bir jurnalist sual verdiyi adamın ürək tutmasından dünyasını dəyişməsini istəməz.
Belə məqamda jurnalistin məsuliyyət daşıması barədə heç bir hüquqi tələb yoxdur. Onun hüquqi məsuliyyətə cəlb edilməsindən söhbət gedə bilməz. Hərə öz işi ilə məşğuldur, jurnalist də, direktor da öz işini icra edirdi. Verilişin yaxşı və ya pis alınması müzakirə mövzusu ola bilər”.

“Yeni Musavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə məsələyə birmənalı cavab verməyin mümkün olmadığını deyir: “Qəzet yaranandan bu sual müzakirə edilir. Bu məsələyə yanaşarkən insanın ölümlü olduğunu və qəzet oxuyanda da, ibadət edəndə də, müsahibə verəndə də ölə biləcəyini nəzərə almalıyıq. Haqqında yazılan hər hansı məlumat, haqlı və ya haqsız şəxsin ölümünə səbəb ola bilər. Məsələnin hüquqi tərəfini məhkəmələr müəyyən edə bilər. Jurnalistin məsuliyyəti yalnız mənəvi tərəfdədir. O, haqsızdırsa, həm hüquqi, həm mənəvi məsuliyyət daşıyır. Haqlıdırsa, o zaman gərək biz haqlı bildiyimiz heç nəyi yazmayaq ki, insanlara təsir edə bilər. Əsas məsələ faktların doğru olub-olmamasıdır. Yəni jurnalistin materialı hazırlayarkən haqlı, yoxsa jurnalist fəaliyyətindən başqa məqsəd güdməsi, qərəzli olması araşdırılmalıdır. Bu suallar ətrafında düşünmək, mülahizə yürütmək olar. Jurnalist pul almaq, şantaj etmək məqsədilə yazı hazırlayıb, qarşısındakının ölümünə səbəb olubsa, birbaşa məsuliyyət daşıyır. Öz peşəsini həyata keçirib, yalnız qüsurları aşkarlamağa çalışıbsa, heç bir məsuliyyəti yoxdur”.
ATV-nin Yoxlama verilişi ilə bağlı iddialara gəldikdə, R.Arifoğlu həmin kadrlara baxmadığından fikir söyləyə bilməyəcəyini dedi: “Azərbaycan telekanallarını izləmirəm, həmin verilişə də baxmamışam”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov hesab edir ki, bu, mübahisəli məsələdir: “Bir tərəfdən qanunun imkan verdiyi çərçivədə jurnalistin informasiya toplaması heç bir şəkildə məhdudlaşdırılmamalıdır. Amma digər tərəfdən, səmimi deyim ki, həmin verilişin aparıcısının kobud, aqressiv, bir qədər yekəbaş davranışı məni istər tamaşaçı, istərsə də jurnalist kimi yumşaq desəm, məmnun etmir. Təbii ki, o, məktəb direktorunun ölümünə görə heç bir hüquqi məsuliyyət daşımır. Amma yaşlı bir kişi ilə, hətta haqsız olsa belə, o cür alçaldıcı tərzdə danışmaq etik baxımdan əsla doğru deyildi. Böyük-kiçik anlayışını heç kim ləğv etməyib axı”.
V.Məmmədov ümumilikdə jurnalistin müsahibə aldığı şəxsin səhhətindəki dəyişikliklərə görə məsuliyyət daşımadığı deyir.

Milli.az xəbər portalının redaktoru Elçin Alıoğlu hesab edir ki, müsahib ağır yaralı, reanimasiya şöbəsindədirsə, jurnalist suallarını verdikdə qarşı tərəfin vəziyyətini nəzərə almalıdır: “Jurnalist sualları ilə qarşısındakını ölüm həddinə gətiribsə, Cinayət Məcəlləsinə uyğun olaraq bu şəxsi intihar həddinə çatdırmaq hesab edilir, buna görə də məsuliyyət daşıyır. Bizim verilişlərin əksəriyyəti başqa ölkələrdən götürülür. Bu mənada heç kimi qınamıram. Sovet dövründə “600 saniyə” adlı veriliş var idi, aparıcısı Aleksandr Nevzorov idi. “Yoxlama” verilişi Nevzorovçuluq təmayüllüdür. Buna heç də xoş baxmıram. Jurnalist yoxlama aparmalıdır, lakin bunun forması var. Məktəbə xüsusi təyinatlı dəstə kimi hücum çəkmək o qədər də yaxşı deyil. Düzdür, jurnalistin sual vermək, məsələni araşdırmaq hüququ var. Əgər jurnalist verdiyi sualın qarşısındakını pis vəziyyətə salacağını düşünürsə, onu dilə gətirməsi peşə yox, mənəvi kriteriya ilə tənzimlənir. Bu, isə fərdi yanaşmadır”.

Teleaparıcı Turan İbrahimov belə məqamda jurnalistin ittiham olunmasını absurd hesab edir: “Bu məsələ ilə bağlı ATV-nin, aparıcısı Azərin adının hallanması, ittiham edilməsi və bu mövzunun gündəmdə saxlanması normal deyil. Ən yaxşı halda qərəzdir, hikkədir. O verilişin çəkilişi zamanı baş verənlər olduğu kimi efirdə yayımlandı. Hər kəsin davranışı ortada idi. Normal və anormal olanları hamı gördü. Mən istisna etmirəm ki, çəkiliş vaxtı etdiyi hərəkətlərə görə sonradan mətbuat vasitəsilə yağdırdığı şər və böhtanlara görə direktor sonradan peşman, pərt olub, həyəcan keçirib. Yəqin ki, bunların hamısı olub. Hər halda hər bir insan öz dediklərinin və etdiklərinin məsuliyyətini özü daşıyır. Nəzərə alsaq ki, həmin direktor çəkilişdən 25 gün sonra dünyasını dəyişdi. Bu müddət ərzində o iş başında olub. Ölümü “Yoxlama” ilə əlaqələndirmək absurddur. Veriliş efirdə gedən günün səhəri vəfat etsəydi, bəlkə də bunu əlaqələndirmək olardı. Onda heç bir jurnalist tənqidi material hazırlamamalı, araşdırma etməməli və heç kimə sərt, ifşaedici sual verməməlidir ki, birdən müsahibə nəsə olar, günahkar sayılar. Bu, sadəcə absurddur”.
Gülxar