Zərərçəkənlər: "Hakim özünü dələduzların vəkili kimi aparır"
Paylaş
128 baxış·7 dəq oxu
Bir qrup insan Milli.Az-a müraciət edərək necə özlərinin və yaxınlarının dələduzluq qurbanı olduğunu açıqlayıblar. Şikayətçilərin sözlərinə görə, onlar başda Reyhan Hüseynova olmaqla Ceyran Rüstəmova, Yaşar Rəsulov və Kəmalə Rüstəmovadan ibarət cinayətkar qrupun qurbanı olublar.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyran Rüstəmova və Reyhan Hüseynova hər biri 11 il, Yaşar Rəsulov 9 il 6 ay, Kəmalə Rüstəmova isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Qrupun digər üzvü, Sakit Namazov adlı şəxs isə dəymiş zərəri ödədiyinə görə ona 1 ili sınaq müddəti olmaqla 6 il 1 ay 15 günlük şərti cəza verilib.
Sələmçilik edən dəstəyə 39 il cəza kəsildi
İttihama görə, təqsirləndirilən şəxslər faizlə pul vermək adı ilə bir neçə şəxsi aldadıb, verdikləri borc pulun təminatı kimi onların evlərini alqı-satqı yolu ilə öz adlarına keçiriblər.
İndi onlar apellyasiya şikayətində cəzalarının azaldılmasını istəyiblər. Onlardan ikisi Ceyran və Kəmalə bacı olublar.
Əlavə edək ki, Ceyran Rüstəmovanın adı "MTN işi"ndə də hallanır və həbs olunandan qısa müddət sonra dünyasını dəyişib.
Külli miqdarda dələduzluqda təqsirləndirilən bacılardan xəbər var
Məsələyə Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən məhkəmə prosesində baxılır. Növbəti məhkəmə prosesi isə martın 7-nə təyin olunub. İşdə zərərçəkən qismində adı çəkilən şəxsləri və onların qohumlarını indi daha çox hakimin mövqeyi narahat edir. Belə ki, onların sözlərinə görə, hakim özünü daha öncəki proseslərdə dələduzluqda ittiham olunaraq həbs edilmiş şəxslərin vəkili kimi aparıb. Ona görə də onun prosesdə iştirakına etiraz edirlər.
Zərərçəkmiş Xavər Babayevanın oğlu, prosesdə şahid qismində iştirak edən Elşad Babayev: "Bu olub 2013-cü ilin may ayında. Özlərini bank təşkilatının nümayəndələri kimi təqdim edən Ceyran Rüstəmova və Mətanət Gülməmmədova 300 min manatlıq evimizi girov qoymağın müqabilində bizə guya 200 min manat kreditlə borc verəcəkdilər. Özləri isə həmin pulu guya bankdan ipoteka yolu ilə çıxaracaqdılar. Bunun əvəzində biz bank faizindən əlavə onlara 50 min manat da "şapka" verməli idik. Pula ehtiyacımız olduğundan buna razılaşmışdıq. Bizim başqa bir banka 68 min borcumuz var idi. Razılığımıza görə, onlar əvvəlcə 68 minlik borcumuzu bağlayır, sonra da 50 mini çıxmaqla qalan pulları bizə verəcəkdilər. Bu bizə sərf edirdi. Çünki həm borcumuz bağlanacaqdı, həm qalan pulu biznesə istifadə edəcəkdik, həm də aylıq faiz ödənişimiz nisbətən az olacaqdı.
Onlar həqətən də əvvəlcə 68 min borcumuzu ödəyərək evimizin banka girov qoyduğumuz "kupça"sını çıxartdılar. Bununla da etibarımızı qazandılar. Sonra anamı Hövsanda özlərinin tanıdığı notariusun, Cahid Məmmədovun yanına aparıblar və bizim evin "kupça"sını guya banka gedənə qədər girov kimi saxlamaq adıyla sənədlərə imza atdırıblar. Sonra məlum olub ki, işi elə düz-qoş ediblər ki, anam bilmədiyi sənədlərə qol çəkib və ev Reyhan Hüseynova adlı şəxsin adına köçürülüb. Onu da öyrəndik ki, onlar başqa adamlara qarşı dələduzluqlarını da bu notariusun əli ilə ediblər.
Biz onlara hər ay faiz kimi 7500, ümumilikdə 15000 manat pul ödədik. İki aydan sonra soruşduq ki, bəs qalan alacağımız pullar nə oldu? Onlar əvvəlcə dedilər ki, hələ ki, düzəlmir. Sonra isə dedilər ki, bizə həm 68 min bank pulu, həm də 50 min "şapka"nı ödəməlisiz, yoxsa "kupça"nı verməyəcəyik. Biz də "kupça"nı geri almaq üçün ordan-burdan borc tapıb 5 ay ərzində onlara məcburən 100 min manat pul ödədik. Sonra gördük ki, bizə xəbərimiz olmadan məhkəmə qətnaməsi gəlib ki, evi boşaldın. Məlum oldu ki, şəxsi mülkümüz başqasının adına keçirilib bizim də xəbərimiz yox. Sonra atamı gecə vaxtı Novxanıya çağırıb silahla hədələyiblər ki, əgər evi bir həftəyə boşaltmasaq, oğlunu, yəni məni güllələyəcəklər. Amma biz də evdən çıxmadıq, məhkəməyə müraciət elədik.
Sonra biz televiziyada gördük ki, onlar başqalarının da başına eyni oyunu açıblar. Sən demə, bunlar 12 ailəyə qarşı 2 milyon manatdan çox dələduzluq ediblər, heç kim də onlara bata bilməyib".
İş üzrə iddiaçılardan Sadıxova Səkinə: "Biz xəbər tutduq ki, digər zərərçəkənlər də var. Onları axtarıb tapdıq və birlikdə daxili işlər naziri Ramil Usubovun, ədliyyə naziri Fikrət Məmmədovun, PA-nın şöbə müdiri Fuad Ələsgərovun qəbulunda olduq. Onlar bu işi birbaşa nəzarətə götürdülər, onları həbs elədilər. Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlara cəza kəsilib. Hələ bizdə olan məlumata görə, zərərçəkən ailələrin sayı 12 yox, bundan 4 dəfə çoxdur. Amma çoxları onlardan çəkinir".
Zərərçəkmiş Muxtar Murquzovun bacısı İradə Murquzova: "Onlar xoşlarına gəlməyən evi girov kimi götürməyiblər. Hansı ev ki, təmirli, yaxşı pula gedən olubsa, onları mənimsəyiblər. Məsələn, kimsə 5 min pul istəyir. Baxır ki, 5 min verəcəm, amma faizini alacam, üstəlik evi 50 minə rahat sata bilərəm. Bir lənkəranlı kişidən 5 minə görə 8 min pul istəyiblər. O gedib bankdan kredit götürənə kimi evini öz adlarına keçiriblər. İndi o adam kirayədə yaşayır. Onun 5 minə görə girov qoyduğu evini 90 minə satmışdılar. Qardaşım isə onlardan 25 min pul istəmişdi. Ondan 8 minini "şapka" götürdülər, 17 min pul veriblər. Amma müqavilədə 55 min pul yazdılar. Guya bizim onlara verəcəyimiz bu qədər imiş. Bizə dedilər ki, guya bununla özlərini sığorta edirlər. Bir il biz onlara faiz ödəmişik. Amma sən demə biz bunlara pul ödəyə-ödəyə 3-4 aymış Xətai rayonunda məhkəmə gedirmiş, bizim də xəbərimiz yox, çağırışsız, filansız. Yalnız evi boşaltmaq üçün qərar çıxarandan sonra xəbər tutmuşuq. Ondan sonra biz qarşılıqlı olaraq məhkəməyə müraciət etdik".
İddiaçı Hüseyn Abdulovun bacısı Abdulova İlahə: "Bizə 2011-ci ildə 5500 manat verdilər. Notarius isə yazıb ki, guya 21 min manat olub. Biz onlara aldığımızdan çox, artıqlaması ilə, yəni 8 min pul ödəmişik. Amma evimizi Rüstəmova Kəmalənin adına keçiriblər, özü də saxta sənədlərlə, qardaşımın xəbəri olmadan. Sonra da Yasamal Rayon Məhkəməsi evdən çıxarılmağımız barərə qərar çıxarıb. Amma bizim heç bir məhkəmə prosesindən xəbərimiz olmayıb, heç bildiriş də gəlməyib. Bir də əlimizə qərar gəlib ki, evdən çıxmalısınız".
İş üzrə iddaçı Əliyeva Bahar: "Bizim Novaxındakı 260 minlik iki evin və torpağın əvəzinə bizə 25 min manat pul verməli idilər. "Kupça"nı girov qoyduq, 21600 pul verdilər, onun da 8400 manatını Mətanət Gülməmmədova özünə "şapka" kimi götürdü. Biz "şapka"dan əlavə Yaşar Rəsulov və Ceyran Rüstəmovaya faizlərlə birlikdə 23900 manat pul ödəmişik. Üstəgəl, torpağı, evlərimizi də xəbərimiz olmadan Rəsulov Yaşarın adına keçiriblər".
Yəni bütün zərərçəkmişlər aldıqları borc pulun qarşılığında daha çox pul ödəyiblər, üstəgəl evləri də əlllərindən çıxıb. Onların arasında Qarabağ müharibəsi əlili də var. Lakin onların heç biri öz evlərindən çıxmayıb. Məhkəmələrə müraciətlərindən sonra isə iddiaları əsasən təmin olunub və əllərindən alındıqları evlərin alqı-satqısına qadağa qoyulub. İndi zərərçəkmiş şəxslər gözləyirlər ki, Ağır Cinayətlər Məhkəməsinin qərarı qüvvəyə minsin, pullarını və evlərini geri alsınlar. Amma bu arada da onların başqa bir narahatlığı ortaya çıxıb:
"Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımov birbaşa həmin dələduzların, konkret Mətanət Gülməmmədovanın vəkili kimi çıxış edir, zərərçəkənləri ələ salır. Ağır Cinayətlər Məhkəməsi cinayətkarların cəzalandırılması barədə hökm verib. Zərərçəkənlərə hazır ərizə verirlər ki, bunu telefona çəkin, sonra yazın ki, mənim filankəsdən şikayətim və tələbim yoxdur. Axı bizim evlərimiz onların adınadır. Biz necə belə bir ərizə yaza bilərik? Zərərçəkmişlərə deyir ki, o biri məhkəmə düzgün qərar çıxarmayıb. Siz evdən çıxacaqsız. Bizi danışmağa qoymur, cərimə ilə hədələyir. Hətta bizdən birinə təzyiq altında ərizə yazdırdılar. Ona görə də biz Faiq Qasımovun həmin prosesdə hakimlik etməsinə etiraz edirik. Bununla bağlı artıq Məhkəmə-Hüquq Şurasına da, Ədliyyə Nazirliyinə də şikayət ərizəsi vermişik. Martın 7-dəki prosesdə isə özünə etiraz edəcəyik. Bu adam açıq-aydın görünür ki, qərəzlidir və bu işi apara bilməz".
Pünhan Mirzə
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində