Beynəlxalq Muğam Mərkəzində "Muğam- 2017" Televiziya Müsabiqəsinə start verildi

Beynəlxalq Muğam Mərkəzində "Muğam- 2017" Televiziya Müsabiqəsinə start verildi
16:17 16 Mart 2017
Ölkə mətbuatı
A- A+

14 mart tarixində Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Mədəniyyət və Turzim Nazirliyinin yaxından iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə "Muğam - 2017" Televiziya Müsabiqəsinə start verildi.

Milli.Az xəbər verir ki, Novruz çərşənbələrinin sonuncusu olan torpaq çərşənbəsini muğamsevərlər xalqımızın ulu musiqi sənətinə həsr olunmuş altıncı Televiziya Muğam Müsabiqəsininin açılışı zamanı qeyd etdilər.  

Bütün zamanlarda təravətini qoruyub saxlayan və dünya miqyasında şöhrət tapan Azərbaycan muğamı yeni inkişaf dövrünü yaşayır. Ustad sənətkarlarla yanaşı, yeni ifaçılar nəsli də öz sözünü deyir. İndi onların da sədası böyük səhnələrdən gəlir və gənclərimiz Azərbaycanın musiqi mədəniyyətini həm yurdumuzda, həm də xarici ölkələrdə layiqincə təmsil edirlər. İlk dəfə 2005-ci ildə keçirilmiş  həm ölkəmizdə, həm də onun hüdudlarında  kənarda rəğbətlə qarşılanan Muğam Televiziya Müsabiqələrinin laureatları arasında elə xanəndələr var ki, indi onlar özləri muğam sənətini tədris edir, biliklərini və sənət vərdişlərini yeni nəslə ötürürlər.

Bu nailiyyətlər, şübhəsiz, Azərbaycan Respublikasnın birinci vitse-prezidenti Mehriban Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və səyi ilə muğam, aşıq sənəti, Azərbaycan tarı, xalçalarımız, Novruz Bayramı, İçərişəhər memarlıq  qoruğu, Çovgən oyunu, kəlağayı və Lahıc misgərlik sənəti YUNESKO-nun mədəni irsi siyahısına daxil edilib. Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan Beynəlxalq Muğam Mərkəzinin inşası Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdır. Beləliklə, xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama möhtəşəm abidə ucaldılması istiqamətində ciddi addım atılmışdır. 2008-ci ildən açılışı olmuş bu Mərkəz muğamsevərləri öz ətrafında cəmləşdirmişdir.

6-cı Muğam Televiziya Müsabiqəsinə Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş 350-dən artıq gənc dinlənilmiş və aralarından 20 iştirakçı seçilərək müsabiqədə iştirak etməyə haqq qazanıb.

Müsabiqənin daimi münsifləri xalq artistləri Əlibaba Məmmədov,  Arif Babayev, Səkinə İsmayılova,  Mənsum İbrahimov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və Muğam Televiziya Müsabiqəsi layihəsinin icraçısı, əməkdar incəsənət xadimi Nadir Axundovdur.

Müsabiqənin başlanğıcında səsini-sözünü eşitməyə adət etdiyimiz gözəl bir insan, gözəl sənətkar, münsiflər heyətinin tərkibində həmişə həvəslə iştirak edən xalq artisti Ağaxan Abdullayevin xatirəsi anıldı, qeyd edildi ki, görkəmli sənətkarımızın aramızdan vaxtsız gedişi bütün muğamsevərləri dərindən kədərləndirmişdir. Ağaxan Abdullayev müsabiqənin ilk günündə Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan lent yazısı ilə yad edildi. Xalq artisti Əlibaba Məmmədov vaxtsız  sənətkar haqqında xatirələrini tamaşaçılarla bölüşdü.

Müsabiqə iştirakçılarını müşayiət edəcək əməkdar artistlər Sahib Paşazadə,  Toğrul Əsədullayev, Çinarə Heydərova və Şəfa Kərimov, Emin Cəbrayılov, Azad Əliməmmədov səhnəyə dəvət olundu və müsabiqənin ilk iştirakçısı Səma Sultanova öz musiqi nömrəsini təqdim etdi. Daha sonra Mirəli Sarızadə, Nərgiz Nuriyeva, Vüsal Cəfərov, Rəvanə Əmiraslanlı, Nurlan Namazov, Məfdun Məmmədov, Atlas Mehdiyeva, Valid Abdullayev və Gülər Babayeva çıxış etdilər. Münsiflər hər ifaçını on bal sisteminə görə qiymətləndirdi. Növbəti on iştirakçı isə şənbə günü, yəni 18 mart tarixində səhnəyə çıxacaq.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/526820.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR