Liberalizm qalası da çökdü: İsveç qapıları bağlayır

Liberalizm qalası da çökdü: İsveç qapıları bağlayır
13:32 10 Aprel 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

İndiyədək gerçəkləşdirdiyimiz siyasətə yenidən baxmalıyıq. Miqrantlarla bağlı mülayim, liberal strategiya özünü doğrultmadı.

İsveçin baş naziri Stefan Löven paytaxt Stokholmda törədilmiş məşum teraktın qurbanlarının anıldığı mitinqdə belə deyib.

Özbəkistan vətəndaşı Rəhmat Akilovun 30 tonluq yük maşınını piyada-gəzinti küçəsində insanların üzərinə sürməsi nəticəsində 4 nəfər həlak olub, 15 nəfər yaralanıb.

İsveçin baş nazirinin sözlərinə görə, ölkə miqrasiya qanunvericiliyini və immiqrasiya şərtlərini sərtləşdirəcək.

"2015-ci ildə Yaxın Şərq və Şimali Afrika ölkələrindən miqrant axının nəzərə alaraq bu çarəsiz insanlara yardım etmək niyyətinə düşdük, miqrasiya şərtlərini yumşaltdıq. Nəticədə ölkəyə sığınacaq almaq istəyənlər axın etdilər. İndi anlayırıq ki, belə liberallıq, yumşaqlıq yolverilməzdir. Çünki bizim cəmiyyətdəki liberallığı, demokratikliyi zəiflik sayanlar artır", - S.Löven deyib.

Özbək Rəhmət Akilov İsveçdə sığınacaq almaq istəyirdi. Lakin sonradan o, İŞİD-in təsiri altına düşüb və terakt törədib.

Akilov ötən ay Londonda Xalid Məsudun törətdiyi teraktı təkrarlayıb.

Xatırladaq ki, Xalid Məsud Hyundai avtomobilini Vetsminstrə, Britaniya parlamentinin binasının qarşısına sürmüş, 4 nəfəri öldürmüş, onlarla insanı yaralamışdı.

Stokholm polisindən verilən məlumata görə, Akilov teraktdan əvvəl marşrutu yoxlayıb, "kəşfiyyat" aparıb.

39 yaşlı R.Akilov İsveçdə sığınacaq ala bilməmişdi və ona ölkəni tərk etmək üçün 4 həftə vaxt verilmişdi.

Akilov da aradan çıxmışdı. O, immiqrasiya xidmətinə yanlış ünvan verdiyindən özbək miqrantı polis və miqriasiya xidmətinin əməkdaşları arayırdılar.

... "İsveç miqrasiya ilə bağlı əvvəlki vəziyyətim bərpa edir. Sığınacaqla bağlı müraciətinə mənfi cavab verilən hər kəs ölkəsinə qayıtmalıdır. Viza ala bilməyənlər də İsveçi tərk etməlidir. Terrorçular qorxmağımızı, həyat tərzimizi dəyişməyi, təlaşa düşməyimizi istəyirlər. Olmayacaq! Terrorçular bizə heç zaman qalib gələ bilməyəcəklər!" - Stefan Löven söyləyib.

Bu, rəsmi məsələdir.

İndisə gələk İsveçdə gördüklərimə.

"Ehtiyatlı olun, bura Tenstadır"

"Tensta" Stokholm metropoliteninin stansiyasıdır. T10 qatar marşrutu buradan keçir, "Yulsta" və "Rinkebyu" stansiyalarının arasında, "Mavi xət"dədir.

Tensta həm də Stokholmda miqrantların ən çox, ən kompakt yaşadığı yerdir və şəhərin "kriminal mərkəzi" kimi tanınır.

Stokholmda terakt törətmiş özbək Rəhmat Akilov da buradakı evlərdən birində yaşayırdı.

Evlər Bakıdakı "xruşşovka"lara bənzəyir.

Ötən həftəyədək İsveç Avropada liberalizmin qalası, miqrantlara ən yumşaq, şəfqətli münasibət göstərilən ölkə idi.

İndisə vəziyyət dəyişir.

Savaşdan, yorxsulluqdan, əzilməkdən, təqiblərdən qaçaraq buraya pənah gətirən miqrantlar yerli cəmiyyətə uyğunlaşmaq əvəzinə, isveçliləri özlərinə uyğunlaşdırmağa çalışırlar.

"Millətlərin və dinlərin nəhəng, multikultural qazanı" kimi düşünülən proses tərsinə çevrilib. Miqrantlar terrorçular üçün əlverişli axtarış və tapıntı kütləsinə çevrilib.

Tensta küçələrində miqrantların sayı həddən ziyadədi. Daha doğrusu, küçədə bir sarışın isveçli görsəniz, onun "payı"na mütləq ən azı 10 miqrant düşəcək.

Antiterror polisi də R.Akilovun yaşadığı mənzildə axtarış aparmağa gələndə Tenstada onları daşa basmışdılar.

Şəriət polisi də var

Tenstada yaşayan müsəlmanlar arasında spontan və faktiki olaraq qanunsuz şəkildə "Şəriət polisi" dəstələri yaradılıb. 3-5 nəfərlik qruplar şəklində küçələri dolaşan saqqallı gənclər "Şəriət qaydaları"nı pozan miqrantları tutub saxlayır, ən yaxşı halda sərt məzəmmət edirlər.

"Şəriət polisi" yerli müsəlman miqrantlardan yalnız halal dükanlardan alış-veriş etməyi, namazların vaxtını qaçırmamağı, "biədəb" geyinməməyi tələb edir.

"Biədəəb" geyimin həddi genişdir: şortdan tutmuş, qadınların başının açıq olmasınadək.

Liberallığı ilə ad çıxarmış İsveçdə miqrantlarla bağlı çox ciddi problemlər var.

Fəqət, siyasətçilər və media bunu demirlər, çəkinirlər, "konstruktiv liberallıq" ənənələrinə xəyanət etmək istəmirlər.

Bu ölkəyə yollanıb sığınacaq almaq istəyənlərə avtomatik olaraq güzəştlər və yaşayış yeri verilir. Di gəl, miqrantların tam əksəriyyəti normal işdə çalışmırlar.

Səbəblər çoxdur ki, onların, sadəcə, ikisini sadalayaq: miqrantlar İsveç dilini çox pis bilirlər, üstəlik total əksəriyyətinin, sadəcə, orta təhsili var.

Belədə onlar İŞİD rekrutları üçün çox asan hədəfə çevrilirlər.

İsveçin miqrantlara qapıları taybatay açması nəticəsində 9,5 milyon əhalisi olan bu ölkəyə son iki ildə 201 mindən artıq miqrant üz tutub.

Bu insanların dünyagörüşləri, düşüncə tərzləri isveçlilərdən fərqlidir.

Özü də çox fərqli.

"Nə etdiyimizi bilmirik"

Stokholmda polis zabitlərindən biri deyir: "Vəziyyət çox ağırlaşıb. Sizə, sadəcə, bir faktı deyim: Google-ın axtarış pəncərəsinə ərəb dilində "sığınacaq" yazsanız, ən tez tapılan sonuc "İsveç" olacaq. Belə nəzarətsiz, kütləvi miqrasiya nəticəsində Avropa Birliyi ölkələri arasında bizdə ən çox miqrant var".

Stokholmun həndəvəri olan Södertelyedə xidmət edən zabitin sözlərinə görə, gələn miqrantlar arasında yerli cəmiyyətə assimilyasiya olunanlar, sivil və dünyəvi yaşam şərtlərini qəbul edənlər çox azdır.

Södertlye kiçik bələdiyyədir. Buranın sakinlərinin çoxu iraqlı miqrantlardır indi.

Polislərin dediklərinə görə, miqrantlar İraqda savaşdan qaçdıqlarını deyirlər. Amma bunu təsbit etmək çətindir, bəzənsə mümkün deyil. Çünki miqrantların az qismində şəxsiyyətlərini təsdiqləyən sənədlər var.

İsveçin İmmiqrasiya Xidmətinin rəsmi statistikasına görə, ölkədəki miqrantların 80 faizinin sənədləri qaydasında olmadığına görə onların, gerçəkdən də, kim olduqlarını, terror təşkilatları ilə əlaqədə olub-olmadıqlarını yoxlamaq mümkün deyil.

Bu azmış kimi, 40 min miqrant "yoxa çıxıb". Sığınacaq istəyən bu şəxslərin ölkədə harada yaşadıqları, nə işlə məşğul olduqlarını polis bilmir.

163 min miqrantdan, sadəcə, 494 nəfər iş tapıb, işləyir və vergi ödəyir.

Cəmi 494 nəfər...

Sonuc isə dramatik demoqrafik dəyişikliklər, mədəniyyətlər və dünyagörüş toqquşmasıdır.

Tensta və Södertlye kimi bir zamanlar patriarxal, sakit yerlər indi isveçlilərin şər qarışandan sonra küçəyə çıxmağa qorxduqları məkanlara çevrilib. Belə məkanlarda radikal islamçılar "at oynadırlar".

Hakimiyyət dairələri miqrantların "sarışınlar" adlandırdıqları yerli isveçliləri dözümlü, tolerant olmağa çağırır.

İsveç hökumətinin sifarişi ilə hazırlanan və bütün yerli telekanallarda göstərilən sosial reklamlardan birində deyilir: "Əziz isveçlilər! Ölkəmiz artıq dəyişib, heç zaman əvvəlki kimi olmayacaq. Yeni gələnlərlə mehriban yaşamağa çalışın".

Bunu Tenstada iki miqrantın zorladıqları 13 yaşlı qızın atasına anlatmaq olarmı?

Həmin qızı dərsdən qayıdanda tutan və parka aparıb vəhşi təcavüzə məruz qoyan miqrantların sənədlərinə görə, 15 və 16 yaşı olub.

Polis isə bu adamları tutanda onların ən azı 30-35 yaşlı olduqlarını görüb.

Zorlanmış qız başqa məktəbə keçirilib, polisə isə "çox dərinə getməyin" göstərişi verilib.

İş o yerə çatır ki, baş nazirin də səbri tükənir.

Məsələn, ötən həftə İsveçin baş naziri Stefan Löven qızlarla oğlanların ayrı-ayrılıqda təhsil aldıqları özəl müsəlman məktəbinin fəaliyyətini "anormal" adlandırıb. Onun sözlərinə görə, 6 yaşlı qızlarla oğlanların məktəbdə ayrılması yolverilməzdir.

Ekspertlərsə söyləyirlər ki, İsveçdə miqrasiya ilə bağlı vəziyyət nəzarət altına alınmasa, 15 il sonra yerli isveçlilər əhalidə azlığa dönəcəklər. Səbəb sadədir: miqrant ailələri dünyaya gətirdikləri uşaqların sayına görə yerli isveçli ailələri dəfələrlə üstələyirlər.

Polisin səsi eşidilmədi

Stokholm şəhər polisinin zabiti Piter Stereyrin Facebook səhifəsindəki yazısı çox böyük rezonans doğurmuşdu.

"Bazar ertəsindən cümə günənədək olan iş həftəm və baş verən cinayətlər: zorlama, zorlama, qarət, quldurluq, zorlama, zorlama, soyğunçuluq, şantaj, quldurluq, polisə qarşı müqavimət və zorakılıq, polisə hədə, narkoticarət, qətlə cəhd, zorlama, yenə zorlama, quldurluq, qarət... Cinayətdə şübhəli bilinənlərin adları: Əli, Məhəmməd, Mahmud, Məhəmməd Əli, Yusif, Əhməd, Məhəmməd, Kristofer. Bu adamların gəldikdəri ölkələr: İraq, İraq, Türkiyə, Suriya, Əfqanıstan, Somali, Somali, Suriya, Somali... Şübhəlilərin yarıdan çoxunun sənədləri yoxdur. Yəni onlar milli mənsubiyyətləri və gəldikləri ölkə barədə asanlıqla yalan danışa bilərlər. Bu, sadəcə, çalışdığım bələdiyyədədir".

Dəyişən Höteborq

İsveçin ikinci ən böyük şəhəri, Höteborq, səhər saatları. Küçələrdə azan səsləri eşidilir. Yerli isveçlilər işə tələsirlər. Dükanların və kafelərin qarşısında duran miqrantlar isə onları laqeydliklə izləyirlər.

Çəkdikləri siqaretləri yerə atan miqrantlar az sonra çayxanalara və kafelərə yönəlirlər.

2015-ci ildə İsveçə gələn və sığınacaq almaq istəyən 30 yaşlı suriyalı Mahir əllərini yelləyərək narazılıqla danışır: "İsveç bizə yer verdi. Amma bu azdı. Aylıq müavinət, yaşamaq üçün yerlə nə bitir ki?! Bəs sonra?!"

Malmödə isə sakinlər arasında narazılıq başlanıb. Böyük liman şəhəri olan Malmödə şəhər meriyası miqrantlar üçün 268 mənzil ayırıb. Daha doğrusu, özəl şirkətlərdən satın alıb - bələdiyyə vəsaiti hesabına.

"Svennar" adlandırılan yerli, etnik isveçlilər isə deyirlər ki, ədalətsizlikdir, çünki onlar sosial mənzil almaq üçün illərlə növbədə gözləyirlər.

... Fransız yazıçı Mişel Uelbekin "Soumission" ("İtaət") romanında 2022-ci ildə Fransada "Müsəlman qardaşlar"ın lideri Məhəmməd bin Abbas prezident seçkilərində qalib gəlir. Romanın qəhrəmanı, ədəbiyyat professoru Fransua ölkəsinin Səudiyyə Ərəbistanına bənzəməyə başladığını görsə də, etiraz etmir.

Çünki ona qanunla 4 arvad düşür və Fransua da dörd arvad alır, yaxşı maaşlı işə təyin olunur.

Etnik isveçlilər, "svennar"lar deyirlər: "Biz burada artıq əcnəbilər kimi hiss edirik özümüzü..."

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/533573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR