“Homoseksual” sözünün işləndiyi ilk Azərbaycan filmi

“Homoseksual” sözünün işləndiyi ilk Azərbaycan filmi
21:37 20 May 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az lent.az-a istinadən Cahangir Mehdiyevin 1991-ci ildə çəkdiyi "Girişmə, öldürər" filmi barədə Sevda Sultanovanın yazısını təqdim edir.

Süjet: Dörd dost Həsən (Həsənağa Turabov), Əjdər (Əjdər Həmidov), Səyavuş (Səyavuş Aslan) və Tələt (Tələt Rəhmanov) "Azərbaycan" adlı gəmidə dəniz səyahətinə çıxırlar. Onlar özlərindən uydurduqları "Şimşimə" adlı kart oyunu oynayırlar. Dostlardan biri təklif edir ki, kartı qara eynək taxaraq oynasınlar. Qəribə hadisələr də bundan sonra başlayır. Gəmi yolüstü əcnəbi şəhərlərdən birində lövbər salır. Məlum olur ki, burda diktator general (Mirzə Babayev) devrilərək həbsə atılıb. Amma bir qrup silahlı dəstə diktatoru həbsdən qaçırır. Onlar "Azərbaycan" gəmisinə minərək körfəzi keçmək istəyirlər. Bunun üçün silahlı dəstə gəmi heyətini xüsusi maddə ilə yatızdırır. Gəminin kapitanı (Rasim Balayev) isə onlara ayıq lazımdır. Çünki ancaq onun sayəsində gəmi körfəzi keçə bilər. Dörd dostdan biri Əjdər gəmidəki bara içki dalınca gedəndə silahlı dəstə ilə qarşılaşır. O, dostlarını hadisə barədə məlumatlandırır. Əvvəlcə dostlar bunu zarafat hesab edir. Özləri də bunun gerçək olduğunu biləndən sonra gəmini xilas etmək üçün fəaliyyətə keçirlər. Beləliklə, dostlar, gəminin kapitanı, köməkçisi Zemfira (Zemfira Nərimanova) birləşərək silahlı dəstəni zərərsizləşdirməyə başlayırlar...

Rejissor komik yüngüllüklə, məzəli, şən musiqi ilə əslində ciddi mətləbləri əks etdirib.

Film 1991-ci ildə lentə alınıb. Həmin illərdə artıq 20 yanvar hadisəsi baş vermişdi. Qarabağ münaqişəsi daha da şiddətlənmişdi, Azərbaycan müstəqillik uğrunda mübarizə aparırdı. Üstəlik də filmin ssenari müəlliflərindən biri Ramiz Fətəliyev (digəri Pavel Kotorobay) Ali Sovetin deputatı idi, siyasi proseslərdə də fəal iştirak edirdi.

Müəlliflər həmin illərdə ölkədə baş verən hadisələri, siyasi dəyişiklikləri fars, qrotesk, absurd teatrının elementlərinin yer aldığı komediya-döyüş janrı çərçivəsində ifadə ediblər. Gəminin "Azərbaycan" adlanması, silahlı dəstənin onu işğalı birbaşa siyasi məna daşıyır. Yaxud, gəmi yolüstü əcnəbi şəhərdə dayananda etiraz aksiyası keçirilir və aksiyada "Yaşasın demokratik respublika", "Qanlı diktatorun rejiminə son" şüarları eşidilir. Və ya anlaşılmaz dildə danışan silahlı dəstə üzvləri arada rus sözləri işlədir. Dəstə başçısı Qarabağı onlara vermədiyi üçün azərbaycanlılara nifrət etdiyini deyir.

Filmdə eyni zamanda həmin dövrdə aktual olan başqa məsələlər də yer alıb. Məsələn, ekstrasens qadın (Lətifə Əliyeva) gəmidə sərnişinlər üçün seanslar təşkil edir. 1980 - lərin sonu 1990-ların əvvəli bu cür seansların dəbdə olduğu dövr idi.

Bəzi personajlar bir-birinə "bəy" deyə müraciət edir. Kapitan Rasim köməkçisinin ona "bəy" deməsindən əsəbiləşir. Həmin dönəmdə "bəy" müraciət forması gündəlik lüğətimizdə yeni istifadə olunurdu və bir qisim adam sovet tərbiyəsinin təsiri altında bunu sırf sinfi təyinat kimi qavrayaraq "bəy" sözünə müqavimət göstərirdi.

Maraqlı məqamlardan biri - seanslarda ekstrasensin, silahlı dəstənin anlaşılmaz dildə danışmasıydı. Anlaşılmaz dil vaxtilə vahid birlik altında olan ölkələrin, xalqların ayrılması ərəfəsində artıq vahid ünsiyyət probleminin ortaya çıxmasına eyham edir.

"Girişmə, öldürər" yəqin ki, "homoseksual" sözünün ilk dəfə işləndiyi milli filmdir. Diktator dəstə başçısından xoşu gəldiyini, homoseksual olduğunu deyir.

"Universalbank"ın maliyyə dəstəyi ilə lentə alınan "Girişmə, öldürər" həm də ilk kommersiya filmlərindən biridir.

Çəkilişlər Bakıda və İsveçin paytaxtı Stokholmda aparılıb.

Operator İsrafil Ağazadə, bəstəkar Cavanşir Quliyev, mahnı mətnlərinin müəllifi Ramiz Rövşəndir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR