Həbib Bayramovun doğum günüdür

Tanınmış tar ifaçısı, Xalq artisti Həbib Əbdülhüseyn oğlu Bayramovun doğum günüdür.

Metbuat.az xəbər verir ki, tarı dünyaya sevdirən sənətkar Həbib Bayramov 1926-cı il iyunun 14-də Bakıda anadan olub. Hələ kiçik yaşlarından Həbibin tara olan sevgisini hiss edən atası 13 yaşı tamam olanda ona tar hədiyyə alır və musiqi məktəbinə, Əhməd Bakıxanovun yanına aparır.

H.Bayramov 1941-ci ildən Əhməd Bakıxanovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri ansamblında çalışıb. 1943-cü ildə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində müəllim çatışmadığı üçün, burada həm muğamat sinfində dərs deyib, həm də əlaçı tələbə kimi təhsil alıb. 1949-cu ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-konsert Birliyi təşkil olunandan sonra isə bu birliyin solisti olub.

İstedadlı tarzənin xaricə ilk səfəri 1951-ci ildə olub. Berlində keçirilən tələbələrin üçüncü ümumdünya festivalında iştirak edərək, festivalın laureatı adına layiq görülüb. Sonralar Polşa, Kanada, Suriya, İordaniya, Hindistan, Əfqanıstan, Türkiyə, Danimarka, Avstriya, Fransa və s. ölkələrdə qastrol səfərləri edib, Azərbaycan musiqisini, Azərbaycan tarını xarici ölkələrdə sevdirib, şöhrətləndirib.

Həbib Bayramov həm də gözəl saz ifaçısı olub. Onun sazda ifa etdiyi “Segah”, “Humayun”, “Bayatı-Qacar” muğamları radionun qızıl fondunda saxlanılır. 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri olub. Həbib Bayramov Bülbül, Xan Şuşinski, Zülfü Adıgözəlov, Yavər Kələntərli, Həqiqət Rzayeva, Tükəzban İsmayılova, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rübabə Muradova, Zeynəb Xanlarova, Sara Qədimova kimi sənətkarları tarda müşayiət edib. Onun sənəti yüksək ifaçılıq mədəniyyəti ilə daim fərqlənib. Repertuarında “Rast”, “Şur”, “Çahargah”, “Segah”, “Xaric segah”, “Orta mahur” və digər muğamlar əsas yer tutub. Görkəmli tarzən 1994-cü il avqustun 15-də vəfat edib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR