Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı qastrol səfərini başa vurub -

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti cari ilin iyun ayının 15-də Respublikamızın bölgələrində qastrol səfərini uğurla başa vuraraq geri dönüb.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramı çərçivəsində baş tutan qastrol səfəri çərçivəsində yaradıcı heyət milli dramaturgiyamızın banisi, ölməz Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti Vəziri Xani Lənkəran” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə Respublikamızın şimal –qərb bölgəsində –Qəbələ, Oğuz, Balakən rayonlarında çıxış edib.

Sözügedən tamaşanı rayon İcra Hakimiyyətinin rəhbərliyi, məktəblilər və geniş tamaşaçı auditoriyası maraqla izləyiblər.

Tamaşanın quruluşçu rejissoru Xalq Artisti, Prezident Təqaüdçüsü, Şöhrət ordenli Cənnət Səlimovadır. Əsas obrazları Əməkdar Artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Məsumə Babayeva Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Aydın Dəmirov, Kərəm Hadı-zadə, Ramil Məmmədov, Elnur Hüseynov ifa ediblər.

Məlumat üçün bildirək ki, qastrol səfərinin həyata keçirilməsində əsas məqsəd “Azərbaycan teatrının inkişaf etdirilməsinə dair” Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və yeniyetmələrin mənəvi estetik tərbiyəsinin formalaşdırılması və teatr sənətinin inkişafını sürətləndirməkdir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR