Qətərin "Əl-Cəzirə" telekanalı cəmiyyəti məlumatlandırmaq məqsədilə bəyanat yayıb.
Metbuat.az-ın məlumatına görə, bəyanatda Qətərlə əlaqələrini donduran ərəb ölkələri sərt sözlərlə tənqid olunub.
Bəyanatda deyilir:
"Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və BƏƏ kimi ölkələr öz media qurumlarını susdura bilərlər, insanların ifadə azadlıqlarını ortadan qaldıra bilərlər, ancaq sırf ərəb dünyasında böyük izləyici kütləsinə malik olduğumuz üçün bizim fəaliyyətimizə son qoya bilməzlər. Bu ölkələr tərəfindən bizə edilən təzyiqlərə, bağlanmağımız yönündə aparılan təbliğata rəğmən, biz bölgədəki hadisələri tərəfsiz şəkildə işıqlandırmışıq və işıqlandırmağa da davam edəcəyik.
Bölgədəki media qurumlarının əksəriyyəti dövlət nəzarətindədir və fərqli hökmdarların, fərqli hökumətlərin vəkilliyini edirlər, "Əl-Cəzirə" isə fərqlidir. Biz digərlərinin görməzdən gəldiyi insan hekayələrini, bilərək gözardı edilən hadisələri dürüst və qərəzsiz şəkildə ələ alırıq.
Biz haqqında xəbər hazırladığımız, o cümlədən məlumatlandırdığımız hər kəsə hörmət edirik. Etibarlı məlumatları çatdırmaq və izləyicilərimizi xəbərlərlə təmin etmək kimi vəzifələrimizi yerinə yetirməyə davam edəcəyik. Heç bir tərəddüdümüz yoxdur. Kabildən Karakasa, Mosuldan Sidneyə - dünyadan hekayələri insanlara çatdıracağıq. Biz işimizi düzgün şəkildə görməyə davam edəcəyik. Biz doğrunun arxasınca qaçarkən cəsur olmağa davam edəcəyik".