Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Edmund Herziq bu il aprel ayında Kaliforniya Dövlət Universitetində “Nizami Gəncəvi Azərbaycanın milli şairinə necə çevrildi? ” (How Nizami Ganjavi became an Azerbaijani National Poet) mövzusunda məruzə ilə çıxış edib. Nizamini fars şairi adlandıran alim Sovet dövlətinin siyasəti nəticəsində “azərbaycanlaşmasından” bəhs edir. Məruzə E.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabı ətrafında qurulub və E.Herziq bu kitabın bir siyasət nəticəsində meydana çıxdığını iddia edir.

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin professoru Aida Qasımovanın feysbuk hesabında paylaşdığı bu məlumat ədəbiyyatşünas və Nizami irsinin araşdırıcılarının etirazına səbəb oldu. Şifahi formada və ya sosial şəbəkədəki fikirlər bir tərəfə biz Nizami Gəncəvi irsinin araşdıran AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi Əzizağa Nəcəfov E.Herzinqin fikirlərinə Publika.az saytına açıqlamasında cavab verib.

Alim bildirir ki, tarixi mənbələrin bir çoxunda Nizaminin Gəncədən olması və türk hökmdarlarına əsərlər ithaf etməsi haqqında qeydlər var.

“Məsələn, XIII əsr müəllifi Zəkəriyyə əl-Qəzvini özünün 1275-1276-cı illərdə tərtib etdiyi “Əsar əl-biləd və əxbar əl-ibad” (“Ölkələrin abidələri və (Allah) bəndələri haqqında xəbərlər”) adlı əsərində yazır: “Gəncə Arranın möhkəmləndirilmiş qədim şəhərlərindən və gürcülərlə yaxınlığına görə müsəlman sərhəd məntəqəsidir. Görkəmli şair, bilik sahibi və müdrik insan Əbu Məhəmməd ən-Nizami (Nizami) buradandır”.

Əgər bu kimi qədim mənbələrdə Nizaminin Gəncədən olması, yaxud həmin Gəncənin bugünkü Azərbaycan ərazisi olması göstərilməsəydi, bədxahlar bu faktı da danardılar, yaxud öz məqsədləri üçün istifadə etməyə çalışardılar. Lakin indi onlar başqa yola əl atırlar: gah Nizaminin Gəncədə yaşasa da, türk əsilli olmamasını, gah da əcdadlarının Gəncəyə İran dilli tayfaların yaşadığı ərazilərin birindən köçdüyünü sübuta yetirməyə çalışırlar”.

Ə.Nəcəfov bildirir ki, artıq qəti həllini tapan bu kimi məsələlərin şairin 870 illik yubileyinin qeyd edildiyi dövrdə yenidən gündəmə gətirilməsi və hələ də zaman-zaman mübahisələrə səbəb olması, zənnimizcə, qərəzli siyasətin nəticəsidir, məlumatsızlıq Azərbaycana qarşı təxribatdır:

“Siyavəş Lornecad və Əli Dustzadənin 2012-ci ildə Yerevanda ingilis dilində nəşr olunan “Fars şairi Nizami Gəncəvinin müasir siyasiləşdirilməsi” adlı kitabı, Vadim Qomozun 2011-ci ildə “Sank-Peterburq Universitetinin xəbərləri” jurnalının 13-cü seriyasında dərc olunan “Nizaminin Azərbaycanlaşdırılması” məqaləsi və “Wikipediya” kimi tanınmış müstəqil elektron ensiklopediyada rus dilində yerləşdirilən “Nizamiyə milli Azərbaycan şairi statusunun verilməsi kompaniyası” adlı məqalə, Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin professoru Edmund Herziqin 2017-ci ilin 15 aprel tarixində Kaliforniya Dövlət Universitetində “Nizami Gəncəvi Azərbaycanın milli şairinə necə çevrildi?” mövzusunda məruzəsi belə təxribatın nümunəsi olub ədəbi ictimaiyyətin ancaq təəccüb və heyrətinə səbəb ola bilib. Çünki bu “araşdırma”larda yer alan yalan və bəzən də təkrarlanan iftira və saxtakarlığa ancaq heyrətlənmək olar.

Millətçi qurumların Nizaminin doğulduğu zaman Gəncə şəhəri, eləcə də bugünkü Azərbaycan Respublikasının ərazisi İranın tərkibində olduğu kimi əsassız, sərsəm fikirləri söyləyənlərə tarixi öyrənməyi, Nizami əsərlərinə diqqətlə baxmağı, onun yaradıcılığını fars əsilli şairlərin əsərlərilə müqayisə etməyi məsləhət görürük”.

Bu fikirlərə cavab verən alim bildirir ki, Nizaminin doğulduğu dövrdə Gəncə artıq bir əsrə yaxın müddət ərzində Səlcuq imperiyasına daxil idi. Səlcuqlar isə türklərin Oğuz qövmünün qınıq tayfasına mənsub etnos olub, türkdilli xalqların mədəni, sosial, iqtisadi inkişafında mühüm rol oynayıblar:

“Nizaminin fəal yaradıcılıq dövrü ərzində şairin doğma şəhəri Gəncə türk əsilli tayfaların idarə etdiyi Atabəylər dövlətinin mühüm siyasivə mədəni mərkəzlərindən biri idi. Şairin əsərlərini farsca yazması səbəbi isə Şərq mədəniyyəti tarixindəki məlum bir ədəbi-tarixi zərurətlə bağlıdır. Belə ki, XI-XV əsrlərdə Orta Asiya və ona yaxın ərazilərdə, qərbə doğru Osmanlı Türkiyəsi, şərqə doğru Hindistanadək farsca bir şeir dili olaraq yayılmışdı və təkcə fars əsilli şəxslər deyil, müxtəlif xalqlara mənsub sənətkarlar da əsərlərini bu dildə yazırdılar. Nizamidən öncə də türk əsilli olub elitanın mədəni ünsiyyət dilində yazmaq fərdi hal deyildi. XII-XIII əsrlərdə də Azərbaycanın bütün saraylarında dövlət sənədlərinin, elmi və bədii əsərlərin qələmə alındığı dil farsca idi. Əksər türk dövlətlərindəki kimi artıq süquta uğramaqda olan Səlcuqlarda da, milliyyətcə Qıpçaq türkü Şəmsəddin Eldəgizin banisi olduğu Atabəylərdə də imperiya daxili sivil ədəbi dil farsca olduğundan Nizami də məhz bu dildə yaradırdı. Tədqiqatlar sübut edir ki, XI-XII əsrdə Xaqani başda olmaqla, Şirvan şairləri pleyadası və məşhur Gəncə şairləri fars dilliədəbiyyatda “Azərbaycan üslubu” meydana gəlməsinə kömək edən yeni vahid bir ədəbi məktəb – “Azərbaycan məktəbi” yaratdılar. Ərazi etibarı ilə bu ədəbi-bədii düşüncə tərzi Arran, Şirvan və Cənubi Azərbaycanın söz sənətini əhatə edirdi. Qeyd edək ki, Nizami dövründə həmin ərazilərdə geniş yayılan türk dilindən kütləvi danışıq dili kimi istifadə olunduğu məlumdur. Nizami irsinin də bu kontekstdə öyrənilməsi onun fars dilində qələmə aldığı əsərlərində türk-Azərbaycan mədəniyyətinin elementlərinə, türk düşüncə yorumuna və milli adət-ənənələrə rəğbət hissi ilə yanaşdığını üzə çıxarır. Eyni zamanda Nizami yaradıcılığında türkçülük onun Türk şəhərlərinin adını çəkməsində, yəni Bərdə, Şirvan, Taraz, Xətay, Yəğma, Tamğaç, Çaç (Daşkənd), Xəllux, Kaşğar, Vəş və s. kimi yaşayış məskənlərini əsərlərində sadalamaqla türklərin real yaşadıqları ərazilərin sərhəddini cızmasında da göstərir”.

Edmund Herziqin məruzəsində Nizaminin atasının İranın mərkəzində olan Qum şəhərindən olduğu göstərilməsinə gəldikdə, alim bildirir ki, bu fikirlər daha çox XVIII əsr İran təzkirəçisi və şairi Lütfəli bəy Azərin “Atəşgədə” əsərindəki qeyddən qaynaqlanır. Y.E.Bertels, H.Araslı, Vəhid Dəstgerdi kimi nizamişünas alimlər tədqiqatlarında bu fikirlərin əsassız olduğunu sübut ediblər.

Ə.Nəcəfov bildirir ki, “Nizami türk oğlu türk”dür. Nizaminin 1922-ci ildə məzarının köçürülməsilə bağlı qəbrinin açıldığı haqqında xroniki qeydlər də bunu bir daha sübut edir:

“1923-cü ildə Tiflisdə çıxan “Yeni fikir” qəzetinin 256-257-ci sayında dərc olunan “Nizaminin məzarı” adlı məqalədə yazılır: “Nizaminin nəşi məzarda türk adətinə uyğun olaraq yerləşdirilmişdi”. Biz Nizaminin qatı türkçü olmasını söyləmək fikrindən tamamilə uzağıq. Əksinə qürurla iddia edirik ki, onun ölməz əsərləri bəşəriyyətin ümumi mənəvi irsi olub, bütün insanlığın mədəni inkişafına xidmət edir. Lakin bununla yanaşı, şairin əsərləri onu öz millətinin təəssübkeşi kimi də tanıtmaqdadır. Nizami bəşəri sənətkardır, eyni zamanda da doğma xalqının, vətəninin, türk millətinin vurğunudur.

Fikrimi qapırlar, könlüm əmindir,

Buxaraya getsə o, Gəncənindir.

Göründüyü kimi, İ.Stalin Nizamini Azərbaycan xalqına bağışlamayıb, Nizami elə Azərbaycanın idi, Nizami əsərlərinin ideya-bədii qaynaqları Azərbaycan-türk folklorudur, Azərbaycan ədibləri də əsrlərlə Nizamidən qaynaqlanmışlar. Nizami yaradıcılığı Azərbaycan ədəbiyyatının ən parlaq səhifəsidir”.