Avstraliyada yaşayan azərbaycanlı modelyer: "Arzum əl işlərimi Bakıda nümayiş etdirməkdir"

Avstraliyada yaşayan azərbaycanlı modelyer: "Arzum əl işlərimi Bakıda nümayiş etdirməkdir"
15:57 23 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Paris. 23 oktyabr. REPORT.AZ/ Avstraliyada yaşayan azərbaycanlı modelyer Həcər Malik Qalanın “Report”un Fransa bürosuna müsahibəsi

- Sizin “De Challie” moda evi Avtraliyada öz kolleksiyalarının zənginliyi və özünəməxsusluğu ilə böyük nüfuz qazanıb. Avstraliyada məşhur modelyerlərdən birinə çevrilməyi necə bacardınız?

- Mən 25 ildən artıqdır Avstraliyada yaşayıram. Sənədlə Avstraliya vətəndaşı, qanımla canımla, ruhumla azərbaycanlıyam. Mən bu gün Parisdə ilk dəfə, Avropada isə ikinci dəfə Azərbaycanı təmsil edirəm. Ancaq Avstraliyada uzun illərdir Azərbaycanı tanıtmaq kimi şərəfli işə qol qoymuşam. Milli geyimlərimizin səciyyəvi elementlərini, dekorativ tikmə növlərini kolleksiyalarıma daxil etmişəm. Bu işə başlamağım Azərbaycana olan məhəbbətimdən irəli gəlir və milli çalarlar mənim kolleksiyalarımın füsunkarlığının, avstraliyalılar tərəfindən sevilməsinin əsas səbəblərindəndir. Onlar Azərbaycanın milli geyimlərini, kostyumlarımızı da çox bəyənirlər. Xüsusilə cəngavərin dəfilə zamanı Azərbaycan milli geyimində və musiqisinin sədaları altında  səhnəyə çıxaraq rəqs etməsini çox alqışlayırlar. Ümumiyyətlə, dəfilələrimizi Avstraliyada, demək olar, milli musiqilərimizin və rəqslərimizin müşayiəti ilə keçiririk və qonaqlar təkcə geyimlərimizdən deyil, rəqslərimizdən, musiqimizdən də böyük zövq alırlar.

- Bəs uzaq qitəyə yaşamağa getməyinizin səbəbi nə oldu?
- Soykökümüz İrəvandandır, xan nəslindən olmuşuq. Babam, nənəm 1903-cü ildə doğma yurd-yuvalarından didərgin düşüblər. Mən Cənubi Azərbaycanda anadan olmuşam. Lakin hələ uşaq ikən atam İrandakı molla rejiminə qarşı fəaliyyət göstərməsi səbəbindən həmin ölkəni də tərk etmək məcburiyyətində qalmışıq. Bundan sonra bir müddət Türkiyədə yaşamışıq. Artıq 25 ildən çoxdur Avstraliyada məskunlaşmışam. Uşaq yaşlarımdan milli mədəniyyətimizi, qədim və zəngin incəsənətimizi öyrənməyə böyük maraq göstərmişəm. Azərbaycanın milli rəqslərini ifa edən rəqqaslarımızın kostyumlarını tikməklə yanaşı, onlara rəqslərimizi də özüm öyrədirəm. Mən Azərbaycanı çox sevirəm. Bu gün Azərbaycanda gedən böyük iqtisadi inkişaf haqqında eşitdikcə sevinirəm. Zeynəb Xanlarovanın 1992-ci ildə Sidneydə verdiyi konserti xatırlayıram. Müstəqilliyini yenicə əldə etmiş Azərbaycanı həmin vaxtlar Avstraliyada yeni-yeni tanımağa başlayırdılar. Konsert proqramı avstraliyalıların çox böyük marağına səbəb olmuşdu. Azərbaycan musiqisinin Avstraliyada səslənməsi məni kövrəltmişdi. Qarabağ müharibəsinin ən qızğın vaxtları idi. Konsertdən sonra Zeynəb xanım məni yanına çağırdı və yarızarafat şəkildə “Ay qızım, mən oxudum, sən ağladın. O qədər ağladın ki, heç nə oxuduğumu bilmədim” dedi.
- Həcər xanım, adətən, Azərbaycandan gəlib Parisdə doğma vətənimizi təmsil edirlər. Siz isə uzaq Avstraliyadan Fransaya gəlib Azərbaycanın zəngin mədəni irsindən ilhamlanaraq ərsəyə gətirirdiyiniz kolleksiyanızı nümayiş etdirirsiniz...
- Bilirsiniz, babam, nənəm İrəvanı tərk etmək məcburiyyətində qalmalarına baxmayaraq, həmişə öz doğma dədə-bab yurdlarına qayıtmaq arzusu ilə yaşayıblar. Nənəm son nəfəsinə qədər geri qayıda biləcəklərinə inanırdı. Azərbaycan yenidən müstəqilliyini əldə etməmişdən qabaq, sovetlər dönəmində mən hələ gənc qız idim və kommunistlərin sıralarına daxil olmuşdum. Bununla da Sovet Azərbaycanına həmrəyliyimi bildirmək, Azərbaycana olan məhəbbətimi bu yolla ifadə etməyə çalışırdım. Müstəqilliyini yenidən əldə etmiş Azərbaycanımızı bacardığım qədər Avstraliyada təbliğ edirəm. Əlbəttə, bir tərəfdən öz yaradıcılığım vasitəsilə, digər tərəfdən də iki il ərzində prezidenti olduğum Avstraliya Azərbaycan Mədəniyyət Assosiasiyasının tərkibində fəaliyət göstərirəm. Bu gün bizim assosiasiyamız Avstraliyada yaşayan azərbaycanlıları öz ətrafında cəmləyərək Azərbaycanı tanıtmaq, zəngin mədəniyyətimizi, tariximizi, incəsənətimizi təbliğ etmək istiqamətində var-gücü ilə çalışır. Biz həmçinin Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, Xocalı soyqırımı və digər həqiqətləri ictimaiyyətə çatdırmağa çalışırıq.
- Bəs övladlarınız necə Azərbaycan dilində danışa bilirlərmi?
- Böyük qızım Sona Azərbaycan dilində sərbəst danışmaqla yanaşı, həm də gözəl yazır. Həyat yoldaşı əslən Naxçıvandandır. Sona da soykökünə, millətinə çox bağlılıq var. Avstraliyada Dağlıq Qarabağla bağlı həqiqətləri bacardığı qədər təbliğ edir. Ortancıl qızım Sevil və sonbeşiyim Aysuya vətənpərvərlik hisslərini aşılaya bildiyimə çox sevinirəm. Ortancıl qızımın adını da məhz Fikrət Əmirovun Cəfər Cabbarlının eyniadlı dramı əsasında bəstələdiyi "Sevil" operasındakı Sevilin ariyasından ilhamlanaraq qoymuşam.
- Azərbaycanda da kolleksiyalarınızı nümayiş etdirmək fikriniz varmı?

- Paris modalar paytaxtıdır. Kolleksiyamla bu şəhərə gəlmək ən böyük arzum idi. Lakin daha böyük arzum əl işlərimi Bakıda nümayiş etdirməkdir.
Burada həyat çox rahatdır. Ən böyük arzum isə odur ki, Azərbaycan dünyanın ən şöhrətli, ən inkişaf etmiş bir dövlətinə çevrilsin. Çünki Azərbaycan xalqı ən böyük nailiyyətlərə layiqdir.
Vüsalə İsmətqızı







Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/avstraliyada-yasayan-azerbaycanli-modelyer-arzum-el-islerimi-bakida-numayis-etdirmekdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR